Yüz il əvvəl müsəlman aləmində ilk demokratik respublika Azərbaycanda yaradılıb. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqdir və bu ənənələri yaşadır. İndiki Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti ilə müqayisə edilə bilməz.
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. Dövlət başçısı il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.
Məsələ ilə bağlı millət vəkilləri Metbuat.az-a açıqlama verib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli: “Azərbaycan prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti” elan etməsi ölkəmizdə müstəqil dövlətçilik ideyalarının daha da dərinləşməsinə, möhkəmlənməsinə və təbliğ edilməsinə yeni meydan açan mühüm platformadır. Bu, müstəqil dövlətçiliyin yaranması, formalaşması və nəhayət, bu gün yenidən bərpası, daha da inkişaf etdirilməsi baxımından həm dərindən öyrənilməsinə, həm də xalqa, yeni nəslə çatdırılmasına geniş meydan açacaq. Bu, ölkədə milli, müstəqillik düşüncəsinin, dövlətçilik təfəkkürünün daha da dərinləşməsinə sanballı töhfə verəcək böyük hadisədir. Ona görə Azərbaycan Milli Elmlər Akademiyasında da “Azərbaycan Xalq Cümhuriyyəti” ilinin qeyd olunması üçün kompleks tədbirlər həyata keçiriləcək. Tədqiqatlar, kitablar ölkə miqyaslı, beynəlxalq səviyyəli konfransların keçirilməsi nəzərdə tutulub. Bu, bütövlükdə Azərbaycanda müstəqil dövlətçiliyin dərindən qavranılması və ideyalarının yeni nəslə çatdırılması, ideyalarının müqəddəsliyinin, amalının şərhi və dərki baxımından böyük əhəmiyyətə malikdir. 2018-ci il bizim qarşımızda da böyük vəzifələr qoyur. Çalışacıyıq ki, bu şərəfli vəzifəni layiqincə yerinə yetirək”.
Millət vəkili, tarixçi, AMEA-nın müxbir üzvü Musa Qasımlı: “Cənab Prezidentimiz İlham Əliyev tərəfindən 2018-ci ilin Cümhuriyyət ili elan edilməsinin dərin mənası, böyük tarixi əhəmiyyəti var, bu ictimaiyyətin ürəyindəndir. Məlumdur ki, 1918-ci il mayın 28-də xalqımız bütün müsəlman Şərqində ilk dəfə olaraq Cümhuriyyətin qurulduğunu elan etdi və demokratik bir dövlət qurdu. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Cümhuriyyəti nəhəng tarixi əhəmiyyət daşıyan və gələcəkdə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul etdi. Azərbaycan xalqı müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərdi, onlar üçün nümunə oldu. Avropanın bir çox ölkələrindən xeyli əvvəl qadınlara seçib-seçilmək hüququ verməklə bütün dünya demokratiyasına böyük töhfə verdi.
İşğal nəticəsində süquta uğrasa da, onun yerində Azərbaycan SSR quruldu. Uzun illər sonra Cümhuriyyətin bayrağı rəsmi olaraq ilk dəfə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən qəbul edildi. 1991-ci ildə Azərbaycan dövlətçiliyi bərpa edildi. Azərbaycan Respublikası Cümhuriyyətin varisi oldu.
Cümhuriyyət tarixinin öyrənilməsi istiqamətində ilk addımlar ötən əsrin 80-ci illərinin sonlarında atılmağa başlandı. Lakin Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə bağlı olaraq Azərbaycan Respublikasının prezidenti, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində Cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, Cümhuriyyət parlamentinin stenoqramları və s. nəşr edildi.
Görülən işlər heç şübhəsiz, böyük əhəmiyyət daşısa da, tədqiq edilməsini gözləyən elmi-nəzəri problemlər hələ də qalmaqdadır. Bu baxımdan cənab prezidentimiz İlham Əliyevin milli dövlətçilik tariximizə xüsusi qayğı və dərin hörmət əlaməti olaraq Cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində imzaladığı sərəncam böyük əhəmiyyət daşıyır. Tarixi-siyasi, ictimai, mənəvi əhəmiyyət daşıyan və bütövlükdə Cümhuriyyət dövrünün araşdırılmasında yeni səhifə açan bu sərəncam və 2018-ci ilin Cümhuriyyət ili çərçivəsində həyata keçiriləcək çoxsaylı tədbirlər xalqımızda, xüsusən gənclərimizdə müstəqil dövlətçilik və vətən sevgisi hisslərinin artırılmasında mühüm rol oynayacaq”.
Millət vəkili, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov: “Bu qərar cənab prezidentimizin dövlətçiliyə olan diqqətini bir daha biruzə verir. Bu, dövlət başçısının dövlətçiliyimizin, yəni Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan xalqının, dövlətinin tarixinə olan diqqətidir. Dövlət başçısının “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsindən sonra yəqin ki, tədbirlər planı olacaq və bu sahədə hansı işlərin görüləcəyi məlum olacaq. Həm respublika daxilində, həm də xaricdə bizim diasporalar, konsulluqlar, səfirliklər, təşkilatlar 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, fəaliyyəti, dövlətçilik sahəsində gördüyü işlərlə bağlı müxtəlif səpkili tədbirlər keçiriləcək. Bu, alqışlanmalıdır və hər birimiz bu sahədə öz üzərimizə düşən məsuliyyətlə vəzifəmizi yerinə yetirməliyik”.
Millət vəkili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov: “Ölkə prezidenti tərəfindən 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması sevindirici haldır. Ancaq mən bunu çox təbii qarşıladım. Çünki ölkə prezidenti Azərbaycan xalqının tarixi irsinə sədaqətli adamdır. Hər vasitə ilə bu irsin öyrənilməsi, geniş təbliğ olunması istiqamətində mümkün olan bütün addımları indiyə qədər də atıb. Hələ 2008-ci ildə prezident Azərbaycan Parlamentinin 90 illiyi ilə bağlı müvafiq sərəncam vermişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti olan Məclisi-Məbusanın 90 illiyi ilə bağlı dünyanın 42 ölkəsindən 300-dən çox qonaq gəlmişdi. Bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan olunması hər bir şəxsi ona görə sevindirir və təbii qarşılanır ki, AXC nəinki Azərbaycan tarixində, müsəlman Şərqində, habelə dünyanın dövlətçilik tarixində şanlı bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti bu gün dünyaya demokratiya dərsi keçən, insan hüquqlarından dərs keçməyə çalışan qabaqcıl ölkələr üçün örnək olan dövlət idi. Ən demokratik ölkələr hesab olunan ABŞ-ın özündən, Fransadan da öncə qadınlara seçki hüququ verən bir ölkə idi. Bu baxımdan Azərbaycan Xalq Cümhuriyyətinin qürurverici tarixi irsi var və istər beynəlxalq hüquq, istərsə də ölkənin daxili milli hüququ baxımından bir örnəkdir. Ona görə də ölkə prezidenti tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan edilməsini təqdirəlayiq hal hesab edirəm.
Qarşıdan həm Cümhuriyyətin, həm də Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyi gəlir. Milli Məclisdə bu məsələni qaldırmışdım ki, Parlamentin 100 ili ilə bağlı yubiley medalı da təsis olunsun. Sözsüz ki, bu il kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulur, hamımız da bu tədbirlərdə iştirak edəcəyik. Düşünürəm ki, bu il jurnalistlərin üzərinə böyük iş düşür. Çünki əfsuslar olsun ki, yeni nəsil Azərbaycan Xalq Cümhuriyyəti kimi qürurverici tarixi irsi layiqincə bilmirlər. Jurnalistlər gənclər arasında böyük maarrifləndirici iş aparmalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin mahiyyəti, tarixi anladılmalıdı. İndiki müasir dövlətimizin bünövrəsini götürdüyü, fundament hesab olunan Azərbaycan Xalq Cümhuriyyətini dərindən öyrənmək lazımdır. Ölkə prezidentinin bu ili elan eləməsi həm də ona görə təbii haldır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması günü bizim üçün ən üstün bayramlardan biridir, ən möhtəşəm bayramdır”.
Millət vəkili Aydın Hüseynov: “Dövlət başçısının bu ili “Azərbaycan Xalq Cümhuriyyəti” ili elan etməsini çox yüksək dəyərləndirirəm. Bildiyiniz kimi, 1918-ci ildə yaranan Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinə hələ ulu öndərimizin dövründən başlayan münasibət bu gün cənab prezidentimiz tərəfindən davam etdirilir. Əlbəttə Şərqdə ilk dəfə Xalq Cümhuriyyətinin olması, demokratik dövlətin bərqərar olması Azərbaycan dövlətçilik tarixinin ən qızıl səhifələrindən biridir. Bununla doğrudan da az bir müddətdə, 23 ay ərzində tariximizdə çox böyük nailiyyətlərə imza atılıb.
Dövlətçilik tariximizdə demokratik prinsiplərin bərqərar olması, universitetimizin yaranması, ordumuzun qurulması və s. işlər görülüb. Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikası və onun prezidenti cənab İlham Əliyevin tariximizə olan diqqəti bir daha onu göstərir ki, doğrudan da dövlət başçısı dövlətçiliyimizə, xalqımızın keçdiyi şanlı tarixə çox böyük diqqət göstərir. Bu da xalqda bir qürur hiss yaradır, xalqın, dövlətin, millətin tarixinin bu kimi səhifələrini inamla əks etdirməsi bizim bugünkü dövlətçiliyimizə və gələcəkdəki dövlətçiliyimizdə bir ənənənin formalaşmasının və özümüzdəki böyük qürur və şərəfin baş qaldırmasını bir daha səciyyələndirir”.
Günay Elşadqızı / METBUAT.AZ
2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi - Prezident İlham Əliyev