Ötən gün paytaxtda təbii qazın təchizatında yaranmış məhdudiyyət axşam saatlarında aradan qaldırılıb.
Bununla bağlı Metbuat.az-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev bildirib ki, hazırda qaz təchizatında heç bir məhdudiyyət yoxdur:
“Dünən gün ərzində görülən işlər yekunlaşdırılaraq, təbii qaz təchizatı bərpa olundu. Saat 17:00-dan sonra ardıcıllıqla qazın verilişi bərpa edildi. Qış aylarında hər hansı bir qəza baş verməyəndə, qaz təchizatında məhdudiyyət olmur. Hazırda hər hansı bir ərazidə qaz təchizatının dayandırılması məsələsi planda yoxdur".
Qeyd edək ki, ötən gün Bakı şəhəri Yasamal, Nəsimi və Xətai rayonlarının təbii qaz təchizatında məhdudiyyət yaranıb. Aparılan işlər həmçinin Abşeron rayonu Xırdalan şəhəri, Hökməli, Atyalı, Qobu, Daş Güzdək, Aşağı Güzdək və Çiçək qəsəbələrinin qaz təchizatına təsir göstərib. Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilməsi bərpa edilib.
Xəyalə Məmmədova / METBUAT.AZ
Ötən günün "yol terroru" - 2 ölü, 4 yaralı – OXUMAQ ÜÇÜN TIKLAYIN!