“AŞPA-da yenə də ikili standartın şahidi olduq. Birincisi, Rusiyaya Ukraynanın Krım bölgəsini işğal etmisiniz, ona görə sizin buradakı səsvermə hüququnuzu əlinizdən almışıq deyənlər, Azərbaycan torpaqlarını işğal etmiş işğalçı Ermənistanın işğalçı prezidentini AŞPA-ya dəvət edib, çıxış verdilər”.
Metbuat.az-ın məlumatına görə, bunu millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib. Millət vəkilinin sözlərinə görə, Rusiyanın Avropa Şurası Parlament Assambleyasında təkrar fəaliyyətinə qəbul etdiyimiz qətnamələrə əməl etmədən olmaz deyən AŞPA özünün 1416 saylı qətnaməsi də daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsini nəzərdə tutan qətnamələrinə əməl etməyən Ermənistanı heç bir şərt irəli sürmədən Assambleyaya dəvət edib, çıxış verir: “Həm də işğalçı ölkənin işğal prosesində iştirakını növbəti dəfə də fəxrlə deyən prezidentinə təriflər deyərək. Belə çıxır ki, işğal edilən xristian ölkəsi torpağıdırsa, onu edənlərə qarşı sərt mövqe ortaya qoyulur, amma işğal edilən müsəlman ölkənin torpağıdırsa, işğalçı hətta mükafatlandırılır.
Budur, bu təşkilatdakı növbəti dəfə şahidi olduğumuz mənzərə, dəhşətli ikili standartlar. Azərbaycan nümayəndə heyətinin bütün üzvləri Sarkisyana sual üçün yazılmışdı və təbii ki, o, çıxışa gəlməzdən öncə siyahını görmüşdü. Çünki suala yazılanların siyahısını hər kəs görə bilir. Ona görə də rəsmi olaraq çıxış və suallara cavab üçün ayrılan 1 saatın yarısını onu ifşa edəcək suallardan qaçmaq üçün çıxışına ayırdı və çıxışını uzatdı. Prosedur qaydalara görə, əvvəlcə AŞPA Qruplarının təmsilçiləri, sonra ölkələr üzrə millət vəkillərinin sualları cavablandırılır. Sarkisyan qrup təmsilçilərinin suallarına qəsdən o qədər uzun cavablar verirdi ki, millət vəkillərinə sual çatmasın və nəticədə ölkələr üzrə sadəcə iki millət vəkili sual verə bildi və onlardan ikincisi və sonuncusu nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov oldu. Səməd müəllimə son dəqiqələrdə zaman çatdı. Ona da çata bilməyəcəyindən narahat idik. Səməd müəllim prosedur olaraq hər millət vəkilinin sual verilməsi üçün ayrılan 30 saniyədə əslində Sarkisyanı tamamilə ifşa etdi və Assambleyaya onun əslində nə qədər yalan danışdığını bəyan etmiş oldu. Sarkisyan çıxışını və suallara cavabı niyə çox uzadırdı bunu hamımız bilirdik, çünki daha çox ifşa olunacağını çox gözəl bilirdi.
Nümayəndə heyətimizin üzvləri olaraq Assambleya toplantılarında onun söylədiyi yalanlara geniş cavablarımız olacaq. Amma bu yalanları danışan işğalçı qədər də ona burada çıxış imkanı yaradanları qınayırıq. İşğalçılar arasında fərq qoyulmamalıdır. Bu bir daha insan haqlarından danışan bu təşkilatda müsəlman ölkələrinə, türk ölkələrinə qarşı dəhşətli bir ikili standartın olduğunu göstərdi. Biz zaman-zaman Azərbaycana, Türkiyəyə qarşı bunu görürük və bu gün də onlardan biridir. Dövlətimiz və ordumuz inşallah daha da güclənəcək və biz hamımız bunun üçün daha da çox çalışmalıyıq. İşğalçı ölkə prezidentinin bugünkü çıxışı bir daha göstərdi ki, onlar heç bir zaman sülh yolu ilə torpaqlarımızı işğaldan azad etməyəcəklər. Torpaqlarımızı hərbi yolla azad etmək gücünü daha da artırmalıyıq. Allah dövlətimizə və ordumuza yardımçı olsun. Qarşımızda çox həyasız düşmən var. Bu gün işğalçı Sarkisyanın çıxışı bir daha bunu göstərdi. Təəssüf ki, xristian həmrəyliyi daha da güclənir. Bu faktor da çox ciddi məsələdir. Daha da güclü olmalıyıq. Dövlətimizi daha da gücləndirməli, daxildə və xaricdə yaşamamızdan asılı olamayaraq, bu məsələ ətrafında həmrəyliyimizi, birliyimizi, fəaliyyətimizi daha da gücləndirməliyik”.