Danimarkanın paytaxtı Kopenhagendə kraliça 2-ci Marqretenin əri, şahzadə-konsort Henrikin dəfn mərasimi keçirilib.

Mərasimdə kraliça, kraliçanın oğlu, taxt-tacın varisi şahzadə Frederik və onun xanımı, şahzadə-konsort Meri, habelə kraliça 2-ci Marqretenin nəvələri iştirak ediblər.

Milli.Az European-a istinadən bildirir ki, dəfn mərasimi Slotsholmen adasındakı Kristianborq sarayında olub.

Şahzadə-konsort Henrik kremasiya olunandan sonra onun külü torpağa tapşırılıb.

Bu, 83 yaşlı şahzadənin vəsiyyəti idi. Kraliça Marqrete ilə evlənməzdən əvvəl fransız diplomat Anri Mari Jan Andre, qraf de Labord de Monpeza olmuş şahzadə Henrik 2017-ci ilin avqustunda o, öləndən sonra Roskille kilsəsindəki kral sərdabəsində dəfn olunmaq istəmədiyini demişdi.

Həyatının əksər hissəsini, daha doğrusu 1972-ci ildə Marqrete ölkə kraliçası olandan bəri o, kral yox, sadəcə şahzadə-konsort olması ilə barışa bilmirdi.

Şahzadə Henriki ölənədək "dünyada ən küskün və incik şahhadə" adlandırırdılar. Səbəb şahzadə Henrikin durumundan narazı olması idi.

Yaşlandıqca onun qüssəsi və kədəri daha da artırdı.

"Arvadım qərara aldı ki, kraliça olmalıdır və bu, mənə xoşdur. Amma arvadım anlamalıdır ki, əgər kişi və qadın nikahdadırlarsa, onlar bərabərdir. Bu vəziyyətlə bağlı mən yox, arvadım nəsə edə bilər. Əgər Marqrete ölümümdən sonra onun yanında dəfn olunmağımı istəyirsə, məni kral-konsort etməlidir. Necə - məni maraqlandırmır", - şahzadə Henrik Danimarkanın "Se og Hør" qəzetinə müsahibəsində demişdi.

Daha sonra o, "Le Figaro"ya müsahibəsində söyləmişdi: "Diskriminasiya obyekti olmağım məni sinirləndirir. Danimarka bütün dünyada qadın və kişilərin hüquqlarının bərabərliyinin müdafiə olunduğu ölkə kimi tanınır. Amma indi görünür ki, burada kişilər qadınlarla müqayisədə daha az ləyaqətli insanlar sayılırlar. Axı mən nə üçün "möhtərəm şahzadə" əvəzinə "əlahəzrət kral" olmamalıyam?!"

2016-cı ildə o, ümumiyyətlə, saray həyatından kənarlaşmışdı. Şahzadə Henrik yalnız rəsmi tədbirlərə qatılırdı və vaxtının əsas hissəsini Fransadakı şərabçılıq malikanəsində keçirirdi.

Milli.Az