“ABŞ və Rusiya Türkiyə kimi müttəfiqi itirməyə hazır deyil” – Politoloq

Türkiyənin Afrindəki “Zeytun budağı” əməliyyatı uğurla davam edir. Türkiyə Silahlı Qüvvələrinin məhv etdiyi terrorçuların sayı isə artıq 1800-i ötüb.

Xəbər verdiyimiz kimi, iki gün öncə Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Afrin şəhərinə daxil olsa da, Türkiyə ordusunun artilleriya zərbəsindən sonra geri çəkilib. Bir neçə gün öncə isə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında bildirib ki, Əsəd qüvvələri bura PKK-nı təmizləmək üçün girirsə, problem yoxdur, yox əgər YPG-ni qorumaq üçün girsə, türk əsgərlərini heç kim dayandıra bilməz.

Əsəd qüvvəllərinin Afrinə girmək istəməsənin məqsədi nədir və proseslərin bundan sona necə olacağı gözlənilir?

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən politoloq Zaur Məmmədov deyir ki, Türkiyənin Suriyanın şimalında uğurlu antiterror əməliyyatlarını görən Suriyadakı müttəfiqləri Ankaranın qarşısına guya Əsəd ordusunu qoymaq istəyirlər: “Əsəd bu vaxta qədər harada idi? Niyə Əsəd, Rusiya və İran Suriyada PYD–yə qarşı heç bir addım atmırdılar? Hesab edirəm ki, Türkiyə antiterror əməliyyatlarına sona qədər davam etməlidir. Keçən il Mənbicdə etdiyi səhvini təkrarlamamalıdır. Qardaş ölkənin güclü ordusu var, onun ərazisi Suriya və İraqdan terrorçular vasitəsilə təhdid olunur”.

Politoloqun sözlərinə görə, əgər İraq və Suriya öz ərazi bütövlüyünə sahib çıxa bilmirsə, öz torpaqlarında sabitlik yaratmaq gücünə malik deyilsə, bunu Türkiyə edəcək: “Bu xüsusda ABŞ və Rusiyanın davranışlarından da çox şey asılıdır. Hər iki tərəf əslində Türkiyənin Suriyanın içərilərinə doğru addımlamasına razı deyil, amma eyni zamanda Türkiyə kimi müttəfiqi itirməyə də hazır deyillər. Ankaranın Qərb və ya Rusiya–İran cinahında yer alması qüvvələr balansına ciddi təsir edəcək faktordur”.

Günay Elşadqızı / METBUAT.AZ

Millət vəkilləri və politoloqlar Metbuat.az-dan danışdı – 1 YAŞ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı