Dünən Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 26-cı ildönümü münasibətilə “Xocalı 613” adlı klassik musiqi gecəsi keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və başqaları iştirak edib.
Konsertdən əvvəl Leyla Əliyeva Mərkəzin foyesində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi ilə tanış olub. Sərgidə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı, bu faciənin miqyasını əks etdirən fotolar nümayiş olunub.
Xocalı soyqırımına həsr olunan konsertdə Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Musiqi gecəsində Qara Qarayevin “Matəm odası”, “Don Kixot” simfonik qravüründən “Səyahət fraqmenti”, Asəf Zeynallının “Muğamsayağı” (skripkada Ceyla Seyidovanın solistliyi ilə), Samuel Barberin “Adajio” əsəri, həmçinin fransız bəstəkar Pyer Tiloyun “Xocalı 613” simfonik poeması ifa edilib. Solistlər Şükür Səmədov (klarnet) və Səbinə Rakçeyeva (skripka) olub.
Məlumat üçün bildirək ki, Pyer Tiloyun “Xocalı 613” simfonik poeması Ermənistan silahlı qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdiyi soyqırımı zamanı qətlə yetirilmiş 613 mülki azərbaycanlının xatirəsinə ithaf olunub. Əsər qərb klassik musiqisi və “Laçın”, “Sarı gəlin” mahnıları da daxil olmaqla Azərbaycan xalq musiqilərini özündə birləşdirir, marş ritmləri, əsgər yürüşü və pulemyot atəşi səslərinin sintezi ilə Xocalı faciəsinin dəhşətlərini çatdırır. “Xocalı 613” simfonik poeması sülhə və Xocalı qətliamı kimi faciələrin bir daha törədilməməsinə çağırış ifadə edir.
Konsertdən əvvəl Pyer Tiloy simfonik poeması ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb. O, açıqlamasında bildirib ki, Azərbaycana 20 ildir gəlib-gedir.
Bəstəkarın sözlərinə görə, bu mövzuya müraciət etməsi təsadüfi deyil: “Azərbaycana ilk səfərlərimin birində fotosərgidə iştirak etmişdim və orada balaca bir uşaq şəkli gormüşdüm. Onun kim olduğunu soruşduqda həmin uşağın məcburi köçkün olduğunu dedilər. Bu hadisədən sonra araşdırmaya başladım, bu müharibə haqda bir çox faktlar etdim. 1992-ci ildə mənim 22 yaşım vardı, beynəlxalq siyasətlə maraqlansam da, Xocalı soyqırımı haqqında heç nə eşitməmişdim. Fikirləşdim ki, belə qətliamın üzərindən sükutla keçilməsi ədalətsizlik olar.
Ölkənizin tarixi və mədəniyyəti ilə yaxından maraqlanıram. Azərbaycanda dostlarımın sayı getdikcə çoxalır. İnsan dostlarının həm sevincini, həm də kədərini bölüşür, onların kədərini özündə daşıyır. Azərbaycanlı dostlarım mənimlə Xocalı barədə düşüncələrini bölüşəndə öz-özümdən soruşurdum ki, bu mövzuda nə edə bilərəm. Bilirdim ki, Avropa musiqi mühitində bu mövzu, demək olar ki, tanınmır, Xocalı barədə məlumat çox azdır. Qərara gəldim ki, musiqi ən uyğun yoldur".
Görkəmli bəstəkar “Cəhənnəmin göz yaşları”, habelə “Yanardağ” əsərini də Azərbaycana həsr etdiyini bildirib. Pyer Tiloy vurğulayıb ki, bu əsərlər də müharibə mövzusundadır.
Xatırladaq ki, “Xocalı 613” əsərinin premyerası 2013-cü il fevralın 21-də Parisdə baş tutub. Daha sonra əsər London, Müluz, Strasburq, Ruan, Kolmar, Brüssel, Afina, Vilnüs, Bern, Cenevrə, Dublin, Oslo və digər şəhərlərdə təqdim edilib.
Konsertin qonaqları arasında dövlət və hökumət rəsmiləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və ictimai xadimlər, Xocalı şahidləri olub.