"Ölkəmizin maraqlarını qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur" - Hansı informasiyalar mənfi imic yaradır?

Saytlarda yayılan hansı məlumatlar dünyada Azərbaycan haqqında mənfi rəy formalaşdırır?

Metbuat.az saytının sualını media nümayəndələri cavablandırıb.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, bu gün bəzi media resursları tərəfindən Azərbaycan haqqında real olmayan informasiyalar yayılır:

“İnternetin imkanları kifayət qədər genişdir. İnternetin ənənəvi KİV-dən fərqi odur ki, onlar bütün dünyaya yayıla bilər. Elektron media dünyanın istənilən ölkəsində əlçatandır. Təbii ki, medianın işi informasiyanı işıqlandırmaqdır. Amma burada şərtlər var. Şərtlər odur ki, onlar obyektiv, qərəzsiz informasiyalar yaymalıdırlar. Hazırda Azərbaycan haqqında çox təəssüf ki, bəzi media resursları tərəfindən real olmayan informasiyalar yayılır. Araşdıranda məlum olur ki, bunların kökü müəyyən sifarişə dayanır. Təbii ki, bu, media etikası, həmçinin, sosial məsuliyyət, vətəndaşlıq məsuliyyəti baxımından yolverilməzdir. Ölkəmizin həssas məsələləri ilə bağlı, Dağlıq Qarabağla, Azərbaycanda ordu quruculuğu, ictimai-siyasi sabitliklə, hakimiyyət-dövlət-ictimaiyyət münasibətləri ilə bağlı çox vaxt uyğun olmayan, yalançı informasiyalar yayılır. Bunlar da təsadüfi deyil. Bilirsiniz ki, Ermənistan Azərbaycana bütün hallarda - iqtisadi, siyasi, təhülkəsizlik durumu baxımından uduzur. Amma onlar yeganə olaraq insan haqqları məsələsini qabartmaqla, ora yalançı elementlər əlavə etməklə Azərbaycanı gözdən salmaq, onu zəiflətmək istəyirlər. Eyni zamanda, Azərbaycanda marağı olan digər dövlətlər ölkəmiz haqqında neqativ informasiylar yayırlar. Bir çox media qurumları isə araşdırmadan onu dərc edirlər. Biz yeni müstəqillik qazanan, müharibə şəraitində olan bir dövlətik. Media qurumları bu tip informasiyalar yayarkən həm etik kodeks, həm də sosial məsuliyyət baxımından diqqətli davranmalı, bu cür məsələlərdə həssas olmalıdırlar”.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev açıqlamasında bir sıra sahələrə ehtiyatla yanaşılmalı olduğunu bildirib:

“Azərbaycan reallıqlarının olduğu kimi göstərilməsi zəruri bir yanaşmadır. Amma reallıqlarımızın hər hansı bir sahədə təhrif olunması Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna ziyan gətirə bilər. Məsələn, ölkənin qeyri neft sektorunun bugünkü real inkişafına uyğun gəlməyən yanaşmalar, ölkəmizin beynəlxalq nüfuzuna ziyan gətirə bilər. Azərbaycanda mövcud olan tolerant mühitə uyğun gəlməyən yanaşmalar, mətbuat şərhləri nüfuzumuza ziyan gətirə bilər. Təbii ki, Qarabağ probeminin həll olunması sahəsində Azərbaycanın həm diplomatik sahədə, həm də hərbi quruculuq sahəsində apardığı real fəaliyyətə uyğun gəlməyən yazılar ölkəmizin nüfuzuna ziyan gətirə bilər. Sözün doğrusu, son illər belə yanaşmalara rast gəlmirəm. Nə yaxşı ki, rast gəlməmişəm. Ümumiyyətlə, Azərbaycanın daxili mühitinin başdan-başa kriminal hadisə, oğurluq, adam öldürmə, qətllər, şəxsiyyət əleyhinə cinayətlərdən ibarət olduğu barədə görüntü yaradan yazılar ölkəmizin nüfuzuna ziyan ola bilər”.

"Səs" qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsisçisi və rəhbəri Bəhruz Quliyev isə qeyd edib ki, Azərbaycanda yaşayan şəxs dövlət maraqlarının əleyhinə çıxış edirsə, kiminsə marağına xidmət etmiş olur:

“Azərbaycan respublikasının vətəndaşı harada yaşamasından asılı olmayaraq, öz dövlətinin maraqlarını yerinə yetirməyə borcludur. Yəni ki, hər kəs öz dövlət maraqlarını qorumalıdır. İstər jurnalist, istər sayt rəhbəri, kim olursan ol, birinci öz vətəndaşlıq borcunu yerinə yetirməlisən. Azərbaycan reallığını yazıb, geniş gütləyə çatdırmaq lazımdır. Məsələn, qeyri-dəqiq, yoxlanılmamış, yaxud da Azərbaycanın dövlət maraqlarının əleyhinə olan informasiyalar hər bir sirrin və məxfi materialların işıq üzü görməsi təkcə Azərbaycanın imicini aşağılamaq yox, eyni zamanda Azərbaycan haqqında öyrənmək istəyən başqa bir dövlətin kəşfiyyat orqanlarına məlumat vermiş olursan.

Bilirsiniz ki, Azərbayanda internet azadlığı mövcuddur. Azərbaycanda dünyanın bir çox yerlərindən fərqli olaraq, insan haqqlarının qorunması ən yüksək səviyyədə yerinə yetirilir. Bu gün internet azadlığından istifadə edən sosial şəbəkə istifadəçiləri ictimai fikrin formalaşmasına təsir edirlər. Yəni, ictimai fikri yönəltmək, kiminsə haqqında mənfi rəy formalaşdırmaq, dövlət maraqlarının əleyhinə informasiya vermək imkanları əldə edirlər. Bu gün vətəndaş jurnalistikası deyilən termin özünü göstərməkdədir. Azərbaycanın dövlət maraqlarına, xalq maraqlarına, ümummilli maraqlara xidmət eləməyən, yaxud onun əleyhinə olan informasiyaların ictimailəşdirilməsi ölkəmizin əleyhinə yönəldilmiş addımdır. Bunlar kimsə tərəfindən idarə olunur və kiminsə sifarişi ilə həyata keçirilir. Azərbaycanda yaşayan şəxs dövlət maraqlarının əleyhinə çıxış edirsə, kiminsə marağına xidmət etmiş olur. Bu da təkcə jurnalistlərin deyil, hər bir vətəndaşın buna qarşı reaksiya verməsini vacibdləşdirir. Ölkəmizin maraqlarını qorumaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Sumqayıt hadisələrindən 30 il ötür – Tıklayın!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR