“Reket jurnalistlərlə mübarizə qaydaları daha da sərtləşdirilməlidir”.

Publika.az xəbər verir ki, bu sözləri “Gündəlik Teleqraf” media qrupunun rəhbəri Aynur Camalqızı Mətbuat Şurasının VII qurultayında çıxışı zamanı deyib. O bildirib ki, media sahəsində reket jurnalistikanın qarşısını almaq üçün mübarizə daha sərt üsullarla aparılmalıdır:

“Mən öncə çıxış edən həmkarlarım Vüsalə Mahirqizi və Aqil Abbasın çıxışları ilə razıyam. Mətbuat şurası reket jurnalistika ilə mübarizə üçün vahid kart məsələsinə baxmalıdır. Bundan əvvəl isə qanunvericilik bazası təkmilləşdirilməli, hətta deyərdim ki, daha da sərtləşdirilməlidir. Çıxışlarımda bu məsələni dəfələrlə dilə gətirmişəm. Bu gün Azərbaycanda domen alıb media yaratmaq olduqca asandır. Hər kəs öz evində oturaraq bir domeni qeydiyyatdan keçirib media adına iddia edə bilər. Bütün bunlar klassik medianı gözdən düşürməklə yanaşı, həm də peşəkar jurnalistlərin fəaliyyətinə də kölgə salır”.

A.Camalqızı onlayn medianın qeydiyyat məsələsinə də toxunub:

“Düşünürəm ki, onlayn medianın qeydiyyat məsələsi daha da sərtləşdirilməlidir. Bildiyimiz kimi bu gün telekanalların fəaliyyətə başlaması üçün irəli sürülən tələblər kifayət qədər sərtdir. Hesab edirəm ki, bu tələblər onlayn media üçün də tətbiq edilməlidir. Belə olan halda biz reket jurnalitlərlə daha səmərəli mübarizə apara və onların fəaliyyətinin genişlənməsinin qarşısını ala bilərik”.

Gülxar