Pakistanın ən böyük və nüfuzlu mətbuat orqanlarından biri olan “Associated Press of Pakistan” (APP) Agentliyində, eləcə də“Daily Times” qəzetində və bu mətbuat orqanlarının internet səhifələrində ölkəmizdə keçirilmiş prezident seçkilərinin nəticələrinə dair “Azərbaycanda seçkilər: Prezident İlham Əliyev rəsmi şəkildə qalib elan olundu” və “Əliyev səslərin 86,02 faizini toplayaraq yeni müddətə Prezident seçildi” sərlövhəli məqalələr dərc olunub.

Metbuat.az-ın məlumatına görə, məqalənin girişində 11 aprel tarixində Azərbaycanda keçirilmiş prezident seçkilərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən rəsmi şəkildə elan olunduğu və hazırki prezident İlham Əliyevin səslərin 86.02%-ni toplayaraq seçkilərdə qalib gəldiyi vurğulanır. Həmçinin, MSK-nın seçkinin nəticələri ilə bağlı rəsmi protokolu və digər sənədləri ölkənin Konstitusiya Məhkəməsinə göndərməsi ilə bağlı qərar verdiyi də bildirilir. “MSK-nın sədri M.Pənahov qeyd edib ki, seçkinin nəticələrinə ciddi təsir edə biləcək pozuntu qeydə alınmayıb. MSK-nın yekun protokoluna görə, seçicilərin 74.3%-i (5.314 mln nəfər) öz səsvermə hüququndan istifadə edib və 12,403 səs etibarsız hesab edilib.”

Məqalələrdə qeyd olunur ki, Konstitusiya Məhkəməsi seçki günündən sonrakı 14 gün ərzində seçkilərin nəticələrini təsdiq etməlidir. Diqqətə çatdırılır ki, seçkiləri müşahidə etmək məqsədilə 59 ölkəni və 60 təşkilatı (ATƏT Parlament Assambleyası, AŞPA, MDB və s.) təmsil edən 890 beynəlxalq və eyni zamanda 58,175 yerli müşahidəçi akreditə edilib.

“Associated Press of Pakistan-ın (APP) Bakıya ezam olunmuş müxbirinin də bildirdiyinə əsasən o da öz növbəsində müxtəlif seçki məntəqələrində olmuş və vətəndaşların seçki məntəqələrində sıraya düzülərək səs vermək üçün öz növbələrini gözlədiyinin şahidi olmuşdur.” Müəllif həmçinin vurğulayır ki, səs verməyə gələn seçicilər APP müxbirinə hazırki dövlət başçısının apardığı siyasətdən razı olduqlarını və ölkənin onun rəhbərliyi altında davamlı olaraq inkişaf etdiyini bildirmişlər. “Azərbaycanlıların əksəriyyəti İlham Əliyevin müdrik siyasətindən razıdır, çünki o, ölkəni inkişaf yoluna qoyub və başda enerji sektoru olmaqla ölkəyə külli miqdarda xarici sərmayə cəlb etməyi bacarıb.”

Məqalədə bildirilir ki, seçkilərə hazırlıq zamanı əlillər və görmə qabiliyyətini itirmiş şəxslər də nəzərə alınmış, səhhəti səbəbilə seçki məntəqəsinə gedə bilməyənlər üçün mobil seçki qutuları təşkil edilmişdir. “Seçkilərə hazırlıq zamanı həm seçki məntəqələrində fəaliyyət göstərəcək şəxslərin, həm də seçicilərin məlumatlandırılmasına xüsusi diqqət ayrılmış, bu sahədə təlimlər və layihələr həyata keçirilmiş, KİV ilə yaxından əməkdaşlıq edilmişdir.”

Sonda, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyətlərinin əksəriyyətinin seçkilərin demokratik, şəffaf və ölkənin seçki qanunvericiliyinə uyğun şəkildə keçirildiyini vurğuladığı diqqətə çatdırılır.

http://www.app.com.pk/aliyev-amasses-86-02-pc-vote...

https://dailytimes.com.pk/228768/azerbaijan-electi...