“ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb

16 aprel 2018-ci il tarixində “ASAN xidmət”ə 21 milyonuncu vətəndaş müraciəti qeydə alınıb.

Qurumun mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, bu müraciəti Şahvar Yusufov Xaçmaz şəhərində səyyar “ASAN xidmət”ə edib. Şahvar Yusufov Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərən səyyar “ASAN qatar”da Ədliyyə Nazirliyinin notariat xidmətindən faydalanıb.

Xudat şəhər sakini 21 milyonuncu müraciətin sahibi kimi təşəkkürnamə və xüsusi hədiyyələrlə mükafatlandırılıb. O, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə “ASAN xidmət”ə təşəkkürünü bildirib.

Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin əməkdaşı Mehdi Məmmədov bildirib ki, hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan beşi Bakı şəhərində, digərləri isə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bununla yanaşı, regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlər göstərilir.

Qeyd edək ki, səyyar “ASAN qatar” mayın 10-dək 25 gün müddətində Xaçmaz Dəmiryol Stansiyasında fəaliyyət göstərəcək. Xaçmazla yanaşı Quba, Qusar və Şabran rayonlarının sakinləri də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq imkanı qazanıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR