Hüsniyyə İdrisova:

Bizim bir-birindən gözəl, qədim musiqimiz – dəyərli bəstələrimiz, rəvayətlərlə dolu xalq mahnılarımız var.

Bəs biz bu mahnıların sözlərindəki xəzinətək gizli qalan mənalarını nə qədər bilirik?

Dəfələrlə, sevə-sevə dinlədiyimiz, düşmənlərimizin belə göz qoyub əl uzatdığı “Sarı gəlin” mahnısı mənasına görə daha fərqli, həm də çox maraqlıdır. Bəzi mülahizələrə görə bu mahnının tarixi İslamdan əvvələ gedib çıxır. Mahnının sözlərinin arxaik olması, cəmi 3-4 notun üzərində qurulması onun qədim tarixə malik olduğunu sübut edir.

“Sarı gəlin”də söhbət birbaşa nakam sevgidən gedir. Mahnıdakı “sarı”- sözü rəmzi mənadadır. Bu söz Türk mənbələrində “kübar”, Azərbaycanda isə 2 rəmzi məna daşıyır. Birinci, sarı dedikdə qızın azərbaycanlı olduğu nəzərdə tutulur. Məsələn, nümunə olaraq “Dədə Qorqud” eposunda “sarı donlu Selcan xanım”ı göstərə bilərik. İkinci isə könlümün “sarı simi” kimi mənalandırılır.

“Saçın ucun hörməzlər”- dedikdə burada daha maraqlı məna nəzərdə tutulur. Qədim zamanlarda qızlar adətən saçların ortadan iki yerə ayırıb uzun hörük hörərdilər. Oğlan isə saçının arxasını uzadardı. Onları evləndirdikdə saçlarını arxadan bir-birlərinə hörərdilər. Bu, iki gəncin bir-birinə sədaqətini səciyyələndirirdi. Yəni bu vaxt yetişəndək qızın saçının ucu hörülməzmiş.

Mahnıda “Gülü qönçə dərməzlər” – dedikdə isə burada qızın hələ uşaq olduğu və onun evlənmək yaşında olmadığı nəzərdə tutulur. Oğlan isə qızı çox sevdiyindən onun yaşına-başına məhəl qoymur.

“Bu dərənin uzunu”nda, burada el ağsaqqallarının toplantısı nəzərdə tutulur. Onlar bir yerə toplaşaraq bu və ya bu kimi olaya öz münasibətlərini bildirərdilər. Azərbaycanda tarixən yuvanın, ailənin düzgün seçilib qurulması hər zaman önəmli məsələlərdən biri olub. Qədim zamanlarda oğlan evi elçi getdikdə qızı anasından yox, ağbirçək nənəsindən istəyərdilər. Görünür, ilk dəfədən sevgi oxu daşa dəyən cavanlardan biri “səni mənə verməzlər, ay nənən ölsün, sarı gəlin” deyə belə bir kədərli nəğmə meydana gəlir.

“Sarı gəlin” mahnısının sözlərini çözəndə ehtimal olunur ki, qızın nənəsinin onu sevən oğlana vermədiyindən oğlan qızı qaçırır. Belə olan halda qızın ailəsi də “Çoban, qaytar quzunu” deyərək öz “körpə quzularını”, yəni qızlarını onlara geri qaytarılmasını istəyirlər.

Bu gün bizə düşmən olanlar bizim bu xalq mahnımızın onlara məxsus olduğunu iddia edirlər. Ancaq bayatı janrında ən gözəl, dilə yatımlı və axıcı nümunələrindən sayılan “Sarı gəlin”in türk folkloruna məxsus bayatılardan süzüldüyü heç kimə sirr deyil.

Gördüyümüz kimi bizim hələ də mənasını dərindən bilmədiyimiz xeyli sayda dəyərli mahnılarımız və şeirlərimiz var. Şeirə nümunə olaraq Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” əsərini göstərmək məqsədə uyğundur. Bəzi tədqiqatçılara görə “Ayrılarmı könül candan” dedikdə şair sətiraltı məna işlədərək Qüzey Azərbaycanla, Güney Azərbaycanı nəzərdə tutub. Yaxşı olar ki, öz dəyərlərimizə vaxtında sahib çıxaq, əks təqdirdə başqaları ona sahib çıxıb özününküləşdirəcəklər.

BSU-nun Azərbaycan filologiyası və jurnalistika fakültəsinin I kurs tələbəsi


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR