Eks-prezident Ayaz Mütəllibovun mətbuat katibi olmuş Teylor İbrahimovun (Fətişoğlu) apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndiirlən şəxsin anket məlumatları dəqiqləşdirilib, daha sonra isə onun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Daha sonra Teylor İbrahimov apelyasiya şikayətindən imtina etdiyini açıqlayıb.
Bundan sonra məhkəmə kollegiyası qərar elan edib. Qərara əsasən, onun apelyasiya şikayətinin baxılmasına xitam verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teylor İbrahimov 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan məhkum apelyasiya şikayəti verib, o, bəraət istəyirdi.
İttihama görə, Teylor İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin etdirəcəyini deyərək, onun 15500 manatını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinir.
Digər zərərçəkmiş Zaur Məmmədovu isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) işə düzəldəcəyini deyərək, onun 13 min manat pulunu ələ keçirib.
O, 20-dən çox zərərçəkmişə qarşı ümumilikdə, 100 min manatdan çox ziyan vurmaqda günahkar bilinir.
Teylor İbrahimov eks-prezident Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.
Hacı Zeynalov