Mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılışı çoxsaylı fələstinlinin ölümü və yaralanması ilə nəticələndi. Fələstinin Səhiyyə Nazirliyinin son məlumatına görə, Qəzza zolağında fələstinli etirazçılarla İsrail hərbçiləri arasında baş verən toqquşmalarda ölənlərin sayı 59 nəfərə çatıb, 2400-dən çoxu isə yaralanıb. Bu hadisə hazırda dünya mediasının gündəmindəki əsas mövzulardan biridir.

Publika.az xəbər verir ki, Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşrinin yazdığına görə, ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürülməsi prezident Donald Tramp üçün təhlükə vəd edir.

Nəşr qeyd edir ki, Trampın qərarı israillilər və fələstinlilərin arasında sülh prosesini ölümcül silkələyə bilər.

“Netanyahu (İsrailin baş nazir Benyamin Netanyahu –red.) üçün sözsüz qələbə, fələstinlilər üçün qəzəbi tökmək üçün səbəbdir”, - alman nəşri yazıb.

“Bu həftə Qüdsdəki gərginlikdən qığılcım saçacaq”, - “The Times” qəzetinin redaksiyası proqnozlaşdırır.

Qeyd edilir ki, Birləşmiş Ştatların öz səfirliyini Qüdsə köçürməsi İsrail və Donald Trampın administrasiyası arasında münasibətlərin möhkəmlənməsi üçün yaxşı jest olsa da, sülh prosesinə ciddi zərər dəyəcək: “Hər şey belə getməyəcək, bütün region Yaxın Şərq münaqişələrinin yeni dövrünə hazırlanmalı olacaq. Trampın administrasiyası münaqişənin nizama salınması üzrə söz verdiyi hərtərəfli planı hələ təqdim etməyib. O, bunun əvəzində ərəb dünyasında iqlim dəyişikliyinə ümid edir. İranı ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin ümumi düşməni kimi müəyyən edərək Tramp hesab edir ki, danışıq şərtlərini dəyişdirdi”.

Nəşr qeyd edir ki, İsrail yaxın günlərdə özünü mühasirədə hiss edəcək və Tramp amerikalıların potensial olaraq partlayış təhlükəsi olan böhranın öhdəsindən gəlməyə hazır olduğunu göstərməlidir.

“Frankfurter Allgemeine Zeitung”un müxbiri Tatyana Hayd yazır ki, İkinci Dünya müharibəsinin dəhşətlərindən doğulmuş İsrail dövləti bu gün yalnız hərbi gücü və iqtisadi müvəffəqiyyətlərini deyil, həm də zəifliyini nümayiş etdirir.

“Dövlətin formalaşmasının gedişatında fələstinlilərin sürgünü İsrailin müvəffəqiyyət tarixinin tərs üzüdür. Sabah fələstinlilər 1948-ci ildə 700 mindən çox həmyerlisinin zorakı sıxışdırılmasını yada salacaqlar. Və məhz bu gün ABŞ səfirliyini Təl-Əvivdən Qüdsə köçürür: israillilərin əlinə oynayaraq və fələstinlilərin qəzəbinə səbəb olaraq. On minlərlə insan İsraillə sərhəddə etiraz aksiyalarına çıxmağa hazırlaşır və ciddi toqquşmalar istisna edilmir. Ağ Evdə oturan insana tarix dərsliyini hədiyyə etmək lazımdır”, - o qeyd edib.

Fransanın “Le Figaro” nəşri isə yazır ki, son aylarda korrupsiyada ittiham olunan İsrail baş naziri Benyamin Netanyahu indi, görünür, hər şeydə müvəffəqiyyətə nail olur: “Bazar ertəsi onun köhnə xəyalı reallaşdı. ABŞ səfriliyinin köçürülməsi domino effekti yarada bilər. Bu həftədə Qvatemala müqəddəs şəhərdə öz səfirliyini açmağa hazırlaşır və başqa ölkələr də bunu edə bilər. Netanyahu yaxın vaxtlarda daha bir diplomatik qələbəni qazandı. Tramp İranla nüvə sazişi haqqında onun haqlılığını tanıdı və sazişdən çıxdı. İsrail təyyarələri həmçinin ötən həftə Suriyada İranın 50-dən çox hərbi obyektini bombaladı. İsrailin baş naziri Suriyada əsas oyunçu olan Vladimir Putini də “neytrallaşdırmağı” bacardı. Rusiya Suriyadakı müttəfiqi olan İrana qarşı hücumlara görə hirslənə bilərdi, lakin xüsusi təmkin göstərdi. Yəhudi dövləti ehtiyat edirdi ki, Moskva Bəşər Əsədin ordusuna müasir hava hücumundan müdafiə sistemləri verəcək. Netanyahu, göründüyü kimi bu işdə də uddu. “İzvestiya” qəzetinin məlumatına görə, hazırda Rusiyanın müasir hava hücumundan müdafiə sistemlərinin Suriyaya çatdırılması haqqında Dəməşqlə heç bir danışıq aparılmır. İsrail müğənnisi Netta Barzilay bütün dünyanın 200 milyon teletamaşaçısının gözləri qarşısında “Avroviziya”da üstəlik qələbə qazandı. Binyamin Netanyahu onu “İsrailin ən yaxşı səfiri” adlandıraraq təbrik etdi”.

Amma, bununla belə jurnalist qeyd edir ki, bir çox şərhçilər eyforiyaya qapılmamağı məsləhət görürlər.

“İranın nüvə dosyesi ətrafında qeyri-müəyyən vəziyyət yaranıb. Fələstin məsələsi üzrə hər şey dayanıb. Donald Trampın özünün ətrafında qeyri-müəyyənlik qalır. O, indiyə qədər İsrailin nazı ilə oynayır, amma kim bilir, bundan sonra belə davam etmək mümkün olacaqmı?”, - müəllif yekunlaşdırıb.

Ömər Dağlı