“Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi ölkəmizin nəqliyyat potensialının artırılmasında önəmli rol oynayacaq”.
Metbuat.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılış zamanı fdeyib. Dövlət başçısı bildirib ki, on beş milyon ton yükaşırma, o cümlədən 100 min konteyner yükaşırma qabiliyyəti olan liman nəqliyyat infrastrukturumuzun möhkəmlənməsində önəmli rol oynayacaq: “Bundan sonrakı mərhələ yükaşırma qabiliyyətini 25 milyon tona çatdırmağa hesablanıb. Bax, burada yerlər də hazırdır. Bu gün təqdimatda, o cümlədən limanın genişləndirmə işləri ilə bağlı planlar da məruzə edilmişdir və konteynerlərin həcmi ildə 500 min ədədə hesablanıb”.
Ölkə başçısı qeyd edib ki, Beynəlxalq Dəniz Ticarəti Limanı üçün Ələtin seçilməsi təsadüfi deyildi: “Çünki mövcud Bakı Dəniz Limanı bizim tələbatımıza artıq uyğun deyil, şəhərin mərkəzində yerləşir və artan yükləri qəbul etmək imkanları çox məhduddur. Ələt isə coğrafi baxımdan çox əlverişli bir yerdir və həm Qərb, həm Cənub istiqamətinə buradan açılan yollar, o cümlədən avtomobil, dəmir yolları əlbəttə ki, bu yerin seçilməsində əsas rol oynamışdır. Əlbəttə ki, Ələt qəsəbəsinin də inkişafı böyük dərəcədə burada yaradılan logistika və nəqliyyat infrastrukturu ilə bağlı olacaq. Əlavə etsək ki, biz yaxın gələcəkdə Ələt Azad İqtisadi Zonasının yaradılmasına başlayacağıq, bu onu deməyə tam əsas var ki, Bakı şəhərinin bu ərazisi gələcəkdə çox sürətlə inkişaf edəcək, çoxsaylı iş yerləri yaradılacaq. Beləliklə, Ələt ölkəmizin iqtisadi nəqliyyat potensialının inkişafında əlbəttə ki, önəmli yer tutacaq”.
Millət vəkili Vahid Əhmədov Metbuat.az-a açıqlamasında bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi böyük əhəmiyyət kəsb edir: “Əvvəllər bir neçə dəfə Sumqayıtda və Azərbaycanın digər yerlərində belə ticarət limanı yaratmaq istəyirdilər, amma alınmadı. Nəhayət ki, cənab prezident belə bir Sərəncam verdi və Beynəlxalq Dəniz Ticarəti Limanı ilə bağlı Qanun layihəsi Milli Məclisə daxil oldu. Layihə ilə bağlı müzakirələr və təkliflər oldu, bu təkliflərin də əksəriyyəti qəbul olundu. Qanun qəbul olunandan sonra bir sıra normativ sənədlərə dəyişiklik ediləcək və həmin normativ sənədlər də qəbul ediləcək. Beynəlxalq Ticarət Limanının birinci hissəsi istifadəyə verildi, indi isə ikinci hissəsi tikilir. Orada dəmir yolu da var, avtomobil yolu da var. Yəni, böyük əhəmiyyət kəsb edən bir layihədir”.
Millət vəkilinin sözlərinə görə, layihə çərçivəsində qəbul olunan Qanunlar investorların mülkiyyət hüquqlarının qorunmasına təminat verir: “Vəsait köçürülməsində heç bir məhdudiyyət qoyulmur. Müəyyən vergi güzəştləri tətbiq olunur. Yəni, investorun həmin əraziyə qoyduğu bütün sərmayə dövlət tərəfindən qorunur və dövlət buna qarantiya verir. Asiya ilə Avropanı birləşdirən liman Azərbaycan iqtisadiyyatında irəliləyişlərə səbəb olacaq. Biz indi konteynerlərlə dəniz vasitəsilə müəyyən miqdarda yüklər daşıyırıqsa, bir neçə ildən sonra bu yüklərin sayı 5-6 dəfə artacaq vəburada milyonlardan söhbət gedir. Nəqliyyat sahəsində faktiki olaraq Azərbaycan bölgədə önə çıxır”.
Millət vəkili qeyd edib ki, Ələt Azadİqtisadi Zonası istifadəyə verildikdən sonra bu, Azərbaycanın qeyri-neft sektorunun müəyyən qədər inkişafına səbəb olacaq: “Sonradan ola bilsin ki, digər yerlərdə də belə Azad İqtisadi Zonalar fəaliyyət göstərsin”.
Günay Elşadqızı / METBUAT.AZ