“ASAN Viza ölkəmizə gələn turistlərin sayının artmasına müsbət təsir göstərəcək”

Artıq Gəncə və Qəbələ Beynəlxalq Hava limanlarında ASAN Viza özünəxidmət terminalları vasitəsi ilə əcnəbilərə vizaların verilməsinə başlanılıb.

Metbuat.az xəbər verir ki, ilk olaraq 15 may 2018-ci il tarixindən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN Viza sistemi üzərindən vizaların verilməsinə başlanılıb və bu günə kimi 7000-dən çox elektron vizanın verilməsi təmin olunub.

ASAN Viza vasitəsi ilə hava limanlarında 15 ölkənin - Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çin, İran, İsrail, İndoneziya, Küveyt, Qətər, Malaziya, Oman, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları üçün birbaşa vizaların verilməsi təmin edilir.

Quraşdırılmış ASAN Viza özünəxidmət terminalları xüsusi təyinatlı ümümvətəndaş pasportu oxuyucuları, elektron ödəmələr üçün post terminallar və nəğd ödəmələr üçün əskinaz qəbuledicilərlə təmin olunub.

Millət vəkili Azər Badamov Metbuat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda turizm xidmətlərinin göstərilməsi üçün kifayət qədər potensial, şərait və imkanlar yaradılıb: “Dünya iqtisadiyyatının müəyyən hissəsini turizm sektoru tutur. Dünya bazarında turistlərin cəlb edilməsi haqqında rəqabət, mübarizə gedir. Belə bir dövrdə hər bir ölkə çalışır ki, ölkəsinə gələn turistlərin sayı artsın. Turizm elə bir sahədir ki, burada əlavə investisiya qoymağa ehtiyac yoxdur. Turist gəlib öz vəsaitilə ölkəyə valyuta gətirir, xərcləyir və ölkəyə gəlir qazandırır. Belə bir imkanlı sahədə də islahatların keçirilməsi vacib idi. Bu səbəbdən cənab prezidentin sərəncamı ilə yeni qanun qəbul olundu. Bu qanun layihəsində də ASAN Viza xidmətlərinin tətbiqi, yəni sərhəd-buraxılış məntəqələrində ASAN Viza tətbiqinə keçilməsinə başlanması qeyd edilib.

ASAN Vizanın verilməsi ilk növbədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanından başlanılıb. İndi digər hava limanlarında da ASAN Vizalar verilir, gələcəkdə isə bütün hava limanlarında ASAN Vizanın verilməsi imkanları genişləndiriləcək. Azərbaycanın elektron xidmətləri o qədən genişləndirilib ki, hər bir sərhəd-buraxılış məntəqəsində viza vermək və viza xidmətləri göstərmək imkanına malik olub. Bu, turistlər üçün böyük imkanlar yaradır, yəni, əvvəllər turistlər Avropadan, Amerikadan, ərəb ölkələri və digər ölkələrdən viza almaq üçün müəyyən prosedur qaydalarına əməl etmək məcburiyyətində qalırdılar. Son vaxtlar isə ASAN Vizanın təşkil olunması və viza prosedurlarının sadələşdirilməsi turistlərə gəldiyi sərhəd məntəqələrində yarım saat ərzində viza prosedurlarını həyata keçirməyə imkan verir. Bu isə yenə də ölkəmizə gələn turistlərin sayının artmasına öz müsbət təsiri göstərir və göstərəcək. Bununla ölkəmizə turist axını daha da artacaq”.

Millət vəkili Tahir Mirkişili isə bildirib ki, xarici turistlərin səfərlə bağlı verdikləri qərarda vizanın alınması mühüm yer tutur: “Viza verilməsi prosedurlarının sadə olması, rüsumun böyük olmaması ölkəyə turizm axınına çox böyük təsir edir. Ölkə başçısının tapşırığı ilə Azərbaycanda ASAN Elektron Viza sisteminin hazırlanması ölkəyə səfər edən turistlərin razılığına və onların sayının artmasına səbəb oldu. Bəzi ölkələr qrupunun isə artıq birbaşa hava limanlarında terminallardan viza ala bilməsi çox mühüm yenilikdir və turistlər tərəfindən çox məmnunluqla qarşılanır. İnnovativ metodların tətbiqi və bürokratiyanın minimuma endirilməsi ölkəmizin turizm potensialınım daha effektiv şəkildə reallaşdırılmasına imkan verəcək”.

Qeyd edək ki, ASAN Viza portalı və özünəxidmət terminalları Azərbaycan, ingilis, fransız, ispan, ərəb, fars və rus dilində olmaqla - 7 dildə fəaliyyət göstərir. Özünəxidmət terminalları ilə yanaşı müvafiq pəncərələrdə viza verilməsi və bank xidmətləri də həyata keçiriləcək ki, bu da ölkəyə gələn əcnəbilərə vizaların verilməsində əlavə köməklik göstərir. Orta hesabla bir əcnəbi vətəndaş üçün vizanın verilməsi 2 dəqiqə ərzində təmin olunur. Hazırda ASAN Viza portalı vasitəsi ilə 95 ölkəyə elektron viza verilməsi təmin edilir.


Günay Elşadqızı / METBUAT.AZ

“Heydər Əliyevin mənə verdiyi həmin qəzeti...” – Aydın Quliyevlə müsahibə


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR