Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun
“Vaxtında lazımı gücə malik olsaydı, Türkiyə Azərbaycan
torpaqlarının işğalına imkan verməzdi” bəyanatı siyasi dairələrdə
müzakirə mövzusu olub. Əslində, çox az adam xatırlayır ki, 90-cı
illərdə I Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana lazımi
dəstəyi vermədi. Əksinə, Qərbdə erməni diasporunun Ermənistana
yardımı üçün dəhliz açdı və nəticədə işğalçı ölkə güclənərək,
1993-cü ildə Qarabağda yeni hücuma keçdi. Sonradan Türkiyə işğal
faktına görə Ermənistanla sərhədləri bağladı. Bu gün Türkiyə
hökuməti sələflərinin bu səhvlərinə görə peşmançılıq keçirir.. Və
Çavuşoğlu bir daha bəyan edir ki, “Ankara həmişə Bakını dəstəkləyib
və bu dəstək bundan sonra da davam edəcək”.
Publika.az xəbər verir ki, Rusiyanın Şərqşünaslıq
İnstitutunun elmi rəhbəri, siyasi ekspert Səid Qafurov I Qarabağ
savaşında Türkiyənin Azərbaycana dəstək verməməsinin səbəblərini
açıqlayıb.
Onun sözlərinə görə, Çavuşoğlunun bu bəyanatı əslində Qərbə
informasiya hücumudur.
“I Qarabağ müharibəsindəki vəziyyətə gəlincə, o vaxt Bakıda indiki
mükəmməl siyasi rəhbərlik yox idi. O vaxtı Türkiyə də indiki
Türkiyədən çox fərqlənirdi. O vaxt Türkiyədə kamalistlər
hakimiyyətdə idi. Bakı ilə Ankara indi yaxşı münasibətlərə malik
olsa da, o vaxt belə münasibət yox idi. Həmçinin, dini səbəblər də
bu münasibətlərə mənfi təsir göstərirdi. Türkiyədə sünni,
Azərbaycanda şiə məzhəbi üstünlük təşkil edirdi. Azərbaycan
Konstitusiyasına türkçülüyü daxil edəndə bu, Türkiyə hakimiyyətinin
xoşuna gəlmədi. Türkiyə ordusunda və xüsusi xidmət orqanlarındakı
bir qrup pantürk general Qarabağa xüsusi təyinatlılardan ibarət
qoşun göndərmək istəyirdi. Lakin Türkiyənin kamalist rəhbərliyi
müharibəyə qoşulmaq istəmədi”, - deyə o bildirib.
Səid Qafurov həmin vaxt MDB birləşdirilmiş güclərinin baş komandanı
marşal Yevgeni Şapoşnikovun Türkiyənin müdaxiləsini “III Dünya
müharibəsinin başlamasına səbəb olacağına” dair hədələrini
xatırladıb və qeyd edib ki, Rusiya Türkiyənin Ermənistana
müdaxiləsini NATO-nun müdaxiləsi olaraq qəbul edirdi: “Türkiyənin
müdaxiləsi geosiyasi səbəblərdən, yəni Rusiya-NATO münasibətlərinə
görə də mümkün deyildi. Rusiyanın xarici siyasəti ABŞ tərəfindən
sıxışdırılırdı. O vaxt NATO rəhbərliyi ilə Ankaranın münasibətləri
də tamamilə başqa idi. Kamalistlər Vaşinqtonun və Strasburqun
“marionetkası” idilər. Onda amerikalılar dünyanın sahibi idilər və
onlar Şərqi Avropanı “həzm etmək”lə məşğul idilər. Cənubi Qafqazda
kəskin münaqişə lazım deyildi. Ona görə də türklərə icazə
vermədilər. Vaşinqtonda da erməni lobbisi çox güclü idi”.
Asif