Tanınmış azərbaycanlı futbolçu: "Birinci oğlum olsun, sonra 5 qızım"

Tanınmış azərbaycanlı futbolçu: "Birinci oğlum olsun, sonra 5 qızım"
14:32 12 Yanvar 2015
210 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın və Azərbaycan yığmasının gənc futbolçusu Qara Qarayevin apasport.az-a müsahibəsi.

- Şan-şöhrət, yoxsa xoşbəxtlik?

- Xoşbəxtlik. Çünki şan-şöhrətli olub, bədbəxt insan olmaq istəmirəm. Ondansa xoşbəxt olum, şan-şöhrətim olmasa da, olar.

- Ağıl, intellekt, yoxsa pul?

- Ağıl. Ağlı olan insan pul da qazana bilər. Pulu olub, ağlı olmayan insan əldə etdiyini tez itirər. İntellekt də hansısa səviyyəyə çatmağında sənə kömək edir. Amma əsas ağıldır.

- Uşaqlıq, ya gənclik?

- Gənclik. Düzdür, əksər adamlar uşaqlığı seçər. Amma mən yaşayış tərzimizə görə müqayisə aparanda görürəm ki, gəncliyimiz daha yaxşıdır. Uşaqlıqda çox çətinlik görmüşəm. Hətta deyərdim ki, mən uşaqlığımı yaşaya bilməmişəm. Camaat əylənəndə, dərsə gedəndə biz başqa işlərlə məşğul olmuşuq. Fəhləlik də etmişəm.

- Zahiri gözəllik, yoxsa daxili?

- Daxili gözəllik. Zahiri gözəllik müəyyən vaxtdan sonra adamı bezdirir. Dünyanın ən gözəl insanını gətirsinlər, 1 həftədən sonra o gözəllik sənə adi gələcək, öyrəşəcəksən. Amma daxili gözəl olan insanla dünyanın axırına kimi mehriban yaşamaq mümkündür. Bir vaxtlar elə adamlar var idi ki, onların yanında olmağa can atırdıq, bizə yuxu kimi gəlirdi. Lakin yanında olanda artıq görürsən ki... Onunla sənin aranda məsafə, vəhdət saxlayan məhz daxili gözəlliyidir.

- Səmimi tənqid, ya yalançı tərif?

- Səmimi tənqidi seçərdim. Tənqidlə bağlı heç vaxt problemim olmayıb. İstər idmanda, istərsə də digər sahələrdə olsun, tənqidlər mənə daha çox stimul verir. Biri mənə deyəndə ki, maşını yaxşı sürmürsən, hirslənirəm, daha yaxşı sürməyə çalışıram. Məni tanıyanlar xarakterimi bilirlər. Tənqid olunanda həmin işi daha yaxşı görməyə can atıram. Öz-özümə deyirəm ki, tez bir zamanda bunu aradan qaldırmalıyam. Buna görə də, tənqidlər mənə kömək edir. Amma söhbət haqlı tənqiddən gedir. Haqsız tənqidlər məni depressiyaya salır. Haqlı tənqid olanda isə sevinirəm ki, özümün görmədiklərimi kənardan mənə deyirlər. O ki qaldı yalançı tərifə, bu məni azdıra bilər. Bir də görərəm ki, quyunun dibindəyəm. Bəzilərinin məni yalandan təriflədiklərini hiss edirəm. Allaha şükür, o insanları ayırd edə bilirik.

- Yaşadığımız dünya, ya axirət dünyası?

- Biz müsəlmanlar axirət üçün çalışmalıyıq. İnsan ömrü qısa olur. Bu dünya keçid dünyadır. Düşünürəm ki, axirətimiz üçün yaşasaq, savab əməllər görsək, daha yaxşı olar. Adətən çətinliyə düşəndə axirəti fikirləşirik. Reallıq budur ki, pulumuz olanda axirət yada çox düşmür. Elə insanlar var ki, namaz qılmırlar, deyirlər, mənlik deyil. Amma sonra çətinliyə düşəndə elə dua edirlər ki, adam istəyir özü ona kömək etsin. Çalışmalıyıq ki, bu dünyada yaxşı olub, axirətə savab əməllər aparaq. Ən azından, pislikdən, yalandan uzaq olmalıyıq.

- Subaylıq, yoxsa evlilik?

- Subay olsam da, evliliyi seçərdim (gülür). Amma evlilik asan iş deyil. Mən bu məsələyə bir qədər fərqli yöndən baxıram. Evlilik ömrünün sonuna qədər yaşayacağın bir şeydir. Dində də var ki, həyat yoldaşlarınız sizə əmanətdir. Evlənmək böyük məsuliyyət deməkdir. Xüsusən də bizim sahədə. Futbolla əlaqədar olaraq, evdə az-az oluruq. Mənimlə evlənən xanım bunu anlayışla qarşılamalıdır.

- Oğlan, ya qız övladı?

- Xeyirli övlad. Elə də fərqi yoxdur. Amma ilk övladımın oğlan olmasını istərdim. Ondan sonra 5 qızım da olsa, olar.

- Varlı, yoxsa kasıb qaynata?

- (Gülür). Qaynata deyiriksə, deməli, doğma atandan sonra, ikinci atan deməkdir. Əgər insan ata dediyi adamla pula görə münasibət qurursa, daxilində problem var. Səni başadüşən qaynata hamısından yaxşıdır. Məndə elə şey yoxdur ki, pula görə kiminsə qızı ilə ailə həyatı qurum. Belə şeylərə pis baxıram.

- Uzun-uzadı, yoxsa qısa və konkret?

- Mən sözümü qısa, konkret deyirəm. Amma kimsə mənə fikrini deyəndə istəyirəm ki, uzun-uzadı, hərtərəfli danışsın.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR