Əlcəzairin hakimiyyət dairələri son 14 ayda 13 mindən artıq insanı Saxara səhrasına yollayaraq onları qumlar arasında ac, susuz qoyub, ölümə məhkum edib.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 2017-ci ilin oktybarından başlayaraq Əlcəzairə yollanmış miqrantlar kütləvi şəkildə ölkədən çıxarılır. Ölkənin hakimiyyət dairələri Avropa Birliyinin Şimali Afrika ölkələrinə təzyiqləri artıraraq Avropaya miqrant axınının qarşısını almağa çağırmasından sonra belə qərar verib.
Mali, Qambiya, Qvineya, Kot-d-İvuar, Nigeriya və Afrikanın digər ölkələrindən olan miqrantlar Aralıq dənizini keçərək Avropa Birliyinə can atırlar.
Miqrantların bəziləri qan içində olan ölkələrindən qaçır, bəziləri isə daha yaxşı yaşam şərtləri arayırlar.
Əlcəzairə sığınan miqrantların dediklərinə görə, onları yük maşınlarına doldurur, sonra Əlcəzair sərhədinə doğru saatlarla aparırlar. Burada miqrantları qumların arasına buraxan əlcəzairli hərbçilər və polislər onlara "Baxın, ölkəniz o tərəfdədir!" deyərək gedirlər. Sonra isə miqrantları silahla təhdid edərək "ölkələrinə doğru" piyada getməyə vadar edirlər.
Beynəlxalq Miqrasiya Təşkilatının verdiyi məlumata görə, miqrantlar əksər hallarda ən yaxın içməli su mənbəyindən onlarla kilometr aralıda buraxılırlar.
Avropa Birliyinin yetkililərinin dediklərinə görə, onlar Əlcəzairdə baş verənlərdən xəbərdardır.
"Lakin unutmayaq ki, müstəqil ölkələr beynəlxalq hüquq çərçivəsində davranaraq qanunsuz miqrantları deportasiya edə bilərlər", - AB nümayəndəsi deyib.
Əlcəzair polisi və hərbçilərinin yük maşınları ilə daşıdıqları miqrantların bəziləri Saxara qumlarının arasında aclıqdan və susuzluqdan həlak olurlar.
BMT mütəxəssisləri bu zavallıların köməyinə çata bilmirlər.
Saxara səhrasında minlərlə miqrant +48 dərəcə istidə qumsallıqla Nigerə tərəf gedirlər.
Onların arasında qumlar arasında azan, itən və ölənlərin sayı artır.
Sağ qalan 20 nəfər ölümlə qarşılaşdıqlarını deyirlər.
"Qadınlar və kişilər susuzluqdan, bürküdən öldürər. Çoxu isə hara gedəcəyini bilmədiyindən qumlar arasında, səhrada azdılar. Kimsə bizə yardım etmədi", - hamilə Canet Kamara deyir.
Caneti BMT-nin xüsusi qrupunun üzvləri xilas ediblər.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatında bildirilir ki, Əlcəzair 11276 miqrantı ölkədən deportasiya edib. 2500 miqrant səhranı piyada qət edərək qonşu Maliyə üz tutublar.
18 yaşlı seneqallı Aliu Kandenin dediyinə görə, 1000 nəfərlik qrupun tərkibində idi: "Telefonlarımızı, pullarımızı alıb bizi səhraya buraxdılar. Möcüzə nəticəsidə sağ qaldıq".
2014-cü ildən bəri Saxara səhrasında 30 mindən artıq miqrant həlak olub.
Milli.Az