Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Mərkəzi Elmi Kitabxanada üzvlük haqqı bu ilin yanvar ayından etibarən 5 manatdan 100 manata qaldırılıb.
Metbuat.az-a müraciət edən vətəndaşlardan biri qiymət artımının səbəbinin araşdırılmasını xahiş edib.
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Mərkəzi Elmi Kitabxananın Beynəlxalq və İctimai əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü bildirib ki, qərardan sonra oxucu sayında nəinki azalma, əksinə artım müşahidə olunur:
“Qərar 2018-ci ilin yanvar ayında qəbul edilib. Dəfələrlə bu məsələ gündəmə gətirilib. Bu, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qərarıdır. Mərkəzi Elmi Kitabxana Akademiyanın bir strukturudur. Əsasən akademiya əməkdaşlarına xidmət etmək üçün yaradılıb. Yeni binaya köçəndən sonra rəhbərlik qərar verdi ki, 18 yaşından yuxarı hər bir Azərbaycan vətəndaşı Mərkəzi Elmi Kitabxanadan istifadə edə bilər. Kitablardan istifadə ilə bağlı müraciətlər çox olur. Kitabxananın işçi heyəti var. Onların saxlanılmasında çətinliklər yaşanmağa başladı. Biz də qərarla bağlı dəyişiklik etməyə məcbur olduq. Əvvəl Akademiyanın üzvü oldu-olmadı hər kəs üzvlük üçün ildə 5 manat ödəyirdilər. Sonra bu qərarı Akademiyanın əməkdaşları üçün saxladıq. Onlar ildə bir dəfə oxucu kartı almaq üçün 5 manat ödəyirlər. Akademiya prezidentinin göstərişinə uyğun olaraq, kitabxanaya üzvlük Akademiyanın magistrları və əlillər üçün pulsuzdur. Amma bu kateqoriyaya daxil olmayan şəxslərə aylıq 10 manat, illik isə 100 manatdır. Oxucularımız bu qaydaya əməl edirlər. Qərardan sonra oxucu sayında nəinki azalma, əksinə çoxalma müşahidə olunur. Kitabxananın fəaliyyəti əvvəlki qaydada davam edir. Mərkəzi Elmi Kitabxana 2 növbəli qaydada – səhər saat 09:00-dan axşam saat 22:00-a kimi fəaliyyət göstərir. Bütün bunlar xərclərə səbəb olur. Biz də büdcədənkənar əməyin maliyyə vəsaitini cəlb etməyə məcburuq”.
Xəyalə Məmmədova / METBUAT.AZ