Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald
Tramp iyulun 16-da Helsinkidə görüşəcək.
Publika.az xəbər verir ki, bu, Putinlə Trampın ilk
ikitərəfli görüşü olacaq. Buna qədər liderlər müxtəlif sammitlərdə
bir araya gəliblər. Bir il öncə Putinlə Tramp G-20-nin Hamburqda
keçirilən sammitində görüşdü, sonuncu dəfə isə onlar 2017-ci ilin
noyabrında Vyetnamda keçirilən ATES sammitində qısa söhbət
etdilər.
Bu baxımdan, Helsinki görüşü Trampın ABŞ prezident seçilməsindən
sonra Putinlə bir araya gələcəyi əsas hadisə hesab olunur.
Rusiya və ABŞ arasında müzakirə edilməli, həmçinin, dünyanın siyasi
gündəmini zəbt etmiş bir çox məsələ var. Lakin məsələnin diqqət
çəkən tərəflərindən biri də görüş yeri kimi niyə məhz Helsinkinin
seçilməsidir.
Finlandiyanın “İlta-Sanomat” nəşri görüş yerinin Helsinki
seçilməsinin 4 səbəbini açıqlayıb?
Birinci: Finlandiyanın tarixi
1975-ci ildə ABŞ prezidenti Cerald Ford SSRİ lideri Leonid
Brejnevlə ilk danışıqları məhz fin torpaqlarında aparıb. Helsinki
anlaşmasına görə, kommunist və kapitalist dövlətləri arasında
münasibətlərinin yaxşılaşdırılması haqqında bəyannamə imzalandı və
nəticədə “soyuq müharibə” dövründə ilk yumşalmalar başlandı.
1990-cı ildə SSRİ-nin dağılmasından əvvəl Mixail Qarbaçovla Corc
Buş (ata) Helsinkidə Fars körfəzi böhranını müzakirə ediblər.
1997-ci ildə Finlandiya prezidentinin Myantyuniemi iqamətgahında
ABŞ prezidenti Bil Klintonla Rusiya prezidenti Boris Yelsin
arasında danışıqlar aparılıb.
Bu gün Ağ Ev və Kreml ümid edir ki, Rusiya-ABŞ münasibətlərinin
yaxşılaşması üçün fin torpaqları uğur gətirəcək.
İkinci: “Neytral torpaq”
Finlandiya Avropa İttifaqının üzvü olaraq Qərb ölkəsi hesab olunur,
lakin bu ölkə NATO-ya daxil deyil. Həmçinin, Avropa ilə yanaşı, ABŞ
və Rusiya ilə də yaxşı münasibətlər saxlayır. Buna görə də
Finlandiya “neytral torpaq” sayıla bilər.
Üçüncü: Lojistika
Helsinki görüş üçün rahat məkandır. Rusiya-ABŞ sammitində öncə
Tramp iyulun 11-12-də NATO-nun Brüssel sammitində iştirak edəcək.
İyulun 13-də o, Böyük Britaniyanın baş naziri Tereza Mey və kraliça
II Yelizaveta ilə görüşəcək.
İyulun 15-də Rusiyada keçirilən futbol üzrə dünya çempionatı başa
çatacaq. Helsinki ilə Moskva arasında uçuş vaxtı təxminən 1,5
saatdır.
Beləliklə, Tramp görüş vaxtına qədər Avropa torpaqlarında
“gəzəcək”, Rusiya lideri də rahat və tez bir vaxtda Finlandiyaya
gələ biləcək.
Dördüncü: şəxsi səbəblər
Burada Rusiya liderinin diqqət mərkəzində olmaq istəyi də var. Belə
ki, Putin dünyanın ən böyük idman tədbirinin yekununda iştirak
edəndən bir gün sonra ABŞ lideri ilə görüşəcək. Bununla yanaşı,
Helsinki beynəlxalq münasibətlər üçün əhəmiyyətli simvolik jest də
ola bilər. Tramp NATO sammitini tərk edəndən sonra, Putinlə
görüşür. Bu, yaxın günlərdə Tramın NATO liderlərini tənqid etməsini
yada salır. Tramp bildirmişdi ki, NATO ölkələri öz hərbi xərclərinə
daha çox sərmayə qoymalıdırlar. Neytral torpaqda görüş NATO
liderinə təzyiq göstərə və onların öz müdafiə xərclərini artırması
ilə nəticələnə bilər. Bu da Birləşmiş Ştatların NATO-ya ayırdığı
maliyyədə yüngülləşməsinə səbəb ola bilər.
Asif