Yenə göz yaşlarına güc veriblər. Yenə gözlərinin midiyini axıdırlar. Hər gün ən azı iki dəsmal isladıb ipdən asırlar.

Nə baş verib?

Sürətlə dəyişən, inkişaf edən dünyada dəyişməyən bir xalq var: ermənilər! Yüz illərdir yazıq görünmək azarından xilas ola bilmirlər. Etmədikləri alçaqlıq qalmasa da, tərəqqipərvər dünyaya özlərini məzlum kimi göstərməyə çalışırlar. Guya 2023-cü ildə Azərbaycan bunları yurd-yuvalarından, isti ocaqlarından didərgin salıb.

Getdikcə daha çox əmin oluram: bədnam qonşularımız azheimer xəstəliyindən əziyyət çəkirlər. Əgər belə olmasaydı, tarixdən ibrət alardılar. Dünən etdiklərini bu gün xatırlamamaq məlum xəstəliyin əlamətidir…

Ermənilərin Qarabağdan könüllü köçü yaxın keçmişdə baş verdiyi üçün həmin hadisənin minlərlə şahidi var. Ortada yüzlərlə dəlil-sübut, videogörüntü var. 2023-cü il sentyabrın 20-dən sonra Qarabağdan Ermənistana gedən erməni sakinlərin birinin də burnu qanamayıb. Azərbaycan polisinin sadə ermənilərə öz əliylə isti çay və dadlı şokolad verdiyi görüntülər arxivdə qalır.

İndi isə soruşmaq istəyirəm: Siz doğrudanmı özünüzü dünyanın ən böyük məzlumları kimi təqdim etməklə tarixdə baş verənləri unutdura biləcəyinizi düşünürsünüz?

Biz sizin şovinist xislətiniz üzündən 30 il zülm çəkdik. Yüz minlərlə insan öz evindən didərgin düşdü. Kəndlərimiz dağıdıldı, şəhərlərimiz viran qaldı. Doğulduğum Soltanlı kəndi də eyni taleyi yaşadı. Əzizlərimizin uyuduğu qəbiristanlıq dağıdıldı, məzarlar şumlandı. Siz min bir əziyyətlə tikdiyimiz evlərimizdə donuz saxlayanda biz yataqxanalarda çürüyürdük…

Qarabağdan gedən Aşotun sosial şəbəkələrdə yaratdığı mənzərəni görəndə məşhur ifadə yadıma düşür: Səni yazıq ilan vursun!

Yazıq kimdir? Otuz il doğma yurduna qayıda bilməyən insan, yoxsa tarix boyu başqasının evində yaşayan, başqasının çörəyini yeyib sonra da özünü dünyanın ən böyük məzlumuna çevirməyə çalışanlar?

Yaddaş var, tarix var, vicdan var! Sülh istəyiriksə, əvvəlcə keçmişi saxtalaşdırmaqdan əl çəkməliyik.

Ay Aşot, əlindəki dəsmalı yerə qoy. Sənin saxta göz yaşların sülhə yox, revanşizmə xidmət edir. Tarix belə oyunların sonunun necə bitdiyini dəfələrlə göstərib.

Tarixdən dərs almaq lazımdır!