Müğənni Səmra Rəhimli açıq-saçıq görüntüləri ilə səs-küy yaradan klipini təqdim edib.“Пиджак” adlanan mahnının ekran işi “Youtube” kanalında yayımlanıb.
Səmra bəstənin sözlərinin Pavel Le Metc, musiqisinin Sudakov Vladislav Borisoviçə məxsus olduğunu bildirib. Müğənni həmçinin mahnının ona xalq artisti Emin Ağalarovun hədiyyə etdiyini söyləyib:
Ekran işi Ukraynada lentə alınıb. Klip açıq-saçıq səhnələrlə doludur. S.Rəhimli bundan əvvəl açıqlamasında bildirmişdi ki, Azərbaycan şou-biznesində hələ belə klip olmayıb.
Müğənninin yeni klipinə Metbuat.az vasitəsilə münasibət bildirən xalq artisti Flora Kərimova deyib ki,insan artıq məşhurlaşırsa, bütün diqqət də ona yönələcək:

“Mən bu yaşımda kimsəni tənqid etmək istəmirəm. Hər bir insan özünə cavabdehdir. Və özü öz adının məsuliyyətini daşıyır. Bunu unutmaq olmaz”.
Müğənni, aparıcı Əli Mirəliyev isə Metbuat.az-a bunları söyləyib:

“Kim nə istəyir danışır, kim nə istəyir edir. Kimin pulu var, kimin sevgilisi var ortaya çıxarır. Belə şey olmaz. Gec-tez bunun sonu olacaq. Mən sənətkar kimi belə müğənniləri görüb utanıram. Bu qədər bizim musiqimizi alçaltdılar, sahibsiz qoydular. Çatan deyir mahnıma 2 milyon, nə bilim, 6 milyon baxılıb. Adə, kim baxıb bunların mahnılarına? Mənə çatmır. Bunlar haçan müğənni oldular. Elə Flora da, mən də bunları görmədik. Bunlar müğənni olsaydı, biz tanıyardıq. Yox, əgər göydən düşmədilərsə, bunu da bilək”.
Rejissor Aqil M.Quliyev isə klipin normal olduğunu söyləyib:

“Şou-biznesdi... bu normal bir şeydi. Burda qeyri-adi heç nə yoxdu. Biz vaxtı ilə Aygünlə etdiyimiz işlər də açıq-saçıq sayılırdı. Şou-biznes təəccübləndirməlidir. Mən o klipə baxmışam. Normal, gənc qızdı. Niyə də olmasın? Bu tamaşaçının zövqündən asılıdır. İnternetdə bunda beş betər görüntülər var. İstəsə, tamaşaçı baxacaq, istəməsə, yox. O, heç olmasa klip çərçivəsində, səhnədə edir. Adam var, özünü axırıncı yola qoyub. Heç kim də bir söz demir. Sənətdirsə, olsun, camaat həyatda o cür yaşayır. Bir söz deyən yoxdur.”
Kulturoloq Aydın Xan Əbilov bu cür məsələlərdə mütəxəssislərin və cəmiyyətin qınağının olmasını vacib sayır:

“Son vaxtlar dünyadakı kimi, Azərbaycanda da məşhurlar olan-qalan ayıblarını açıb tökməklə məşğuldurlar. Bu da gənclərin, yeniyetmələrin, uşaqların psixologiyasını pozan, onların gələcək ailə həyatına mənfi təsir göstərəcək haldır. İncəsənətdə bu halın çoxaldığının şahidi oluruq. Bir çox sivil ölkələrdə əxlaq polisləri var. Həmin şəxslərə əxlaq polisləri, kulturoloq mütəxəssislərin təsiri və ictimai qınaq nəticəsində təsir edirlər. Bu tipli açıq-saçıq görüntülər, yaxud mahnı mətnlərində olan açıq-saçıq sözlərlə bağlı 12 yaşdan başlayaraq yeniyetmələrin baxması qadağan edilir. İndi də sosial şəbəkələrdə xüsusi vaxt müəyyənləşdirilib. Bir çox insanalar var ki, sənəti yerində olmadığına görə, qalmaqalla, soyunaraq mənasızcasına izləyicilərinin sayını artırmaq məqsədilə gündəmə gəlir. Düşünürəm ki, bizdə ictimai qınaq olsa, bu tendensiyanın qarşısını almaq olar. Bizim həm milli, həm mental, həm dini baxışlarımız bu cür açıq-saçıqlığa “yox” deyib. Əgər biz bu xalqın içində yaşayırıqsa, xalqın, millətin dəyərlərinə hörmətlə yanaşmalıyıq”.
| Elgizə əsəbiləşən əməkdar artist efirdə özündən çıxdı -
VİDEO - Oxumaq üçün tıkla |