Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında üç qanun layihəsi müzakirə edilib

Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında üç qanun layihəsi müzakirə edilib
15:03 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Milli Məclisin iqtisadi siyasət komitəsinin aprelin 24-də keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi üçüncü oxunuşda, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi və “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Komitə sədri Ziyad Səmədzadə bildirib ki, Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunmuş qanun layihəsində təklif edilən dəyişikliklər diqqətdə saxlanılıb. Qanun layihəsində Azərbaycan dilinin normalarına uyğunluq tələbi əsas götürülən məsələlərdən biridir. Eyni zamanda, qanun layihəsində “sosial reklam” anlayışına, onun hazırlanması və yayımlanması qaydalarına aydınlıq gətirilib. Belə ki, Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının, nəşrlərdəki reklam yerlərinin, reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Qanun layihəsinə əsasən teleradioda sosial reklamların vaxtı saat 9:00-dan saat 24:00-a qədər müəyyən edilib. Həmçinin tərkibində 5 faizdən yuxarı alkoqol olan içkilərin reklamının yayımlanma vaxtına da məhdudiyyət qoyulub və dövrü nəşrlərin üz, arxa qapağında belə reklamların yerləşdirilməsi qadağan edilib.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə edilərkən bildirilib ki, layihədə dəyişikliklərə görə 10.3-cü maddədə “tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilir və” sözləri “onun nizamnamə kapitalından az olmamaq şərti ilə” sözləri ilə əvəz edilir. 12.2-ci maddə aşağıdakı redaksiyada verilir: “12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə köçürülür”. 12.3-cü maddə ləğv edilir. 13-cü maddədə “manatın” sözündən əvvəl “13.1.” rəqəmləri əlavə olunur. 13.1-ci maddədən “və bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativin hesablanması zamanı nəzərə alınmır” sözləri çıxarılır. 13.2-ci maddəyə əlavə edilir: “13.2. Xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur”. 14.2-ci maddə aşağıdakı redaksiyada verilir: “14.2. Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir”.
Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev çıxış edərək dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi əsas etibarilə Mərkəzi Bankın kapitalının formalaşdırılması və kapital çatışmazlığı olduğu təqdirdə onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Mövcud qanunvericiliyə əsasən “Mərkəzi Bankın kapitalının onun nizamnamə və kapital ehtiyatlarından formalaşdırılması tələbi irəli sürülür və kapital ehtiyatlarının normativi tədavüldə olan pul kütləsinin 15 faizi miqdarında müəyyən edilir” müddəası var. Təqdim olunan dəyişikliklərdə bu normativ ləğv olunur və Mərkəzi Bankın kapital ehtiyatlarının minimum həddi onun nizamnamə kapitalından az olmamaq şərtilə müəyyən olunur və hesabat ilinin mənfəətindən formalaşdırılır. Yəni, bu normativin ləğv olunması kapital ehtiyatlarının formalaşmasında bir növ Mərkəzi Banka müstəqillik verir. Alim Quliyev vurğulayıb ki, ən mühüm dəyişiklik Mərkəzi Bankın kapital çatışmazlığı yaranan təqdirdə onun ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsidir. Dəyişikliyə görə Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödənilir. Bu, daha çevik bir mexanizmdir.
İclasda “Qiymətli kağızlar bazarı haqqında” qanun layihəsi də ikinci oxunuşda müzakirəyə çıxarılıb. Çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı layihə barədə ətraflı məlumat verib. Bildirilib ki, qanun layihəsi Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına, bu bazarın iştirakçılarının hüquqlarının və qiymətli kağızlarla bağlı sövdələşmələrin hüquqi qiymətləndirilməsinin təminatına yönəldilib.
Deputatlar qanun layihəsinin Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına mühüm töhfə verəcəyini söyləyiblər.
Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Milli_Meclisin_iqtisadi_siyaset_komitesinin_iclasinda_uch_qanun_layihesi_muzakire_edilib-849418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR