Talassemiya regionda müzakirə olundu

Bu gün Mingəçevirdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Talassemiya mərkəzi, Heydər Əliyev Fondu və Regional İnkişaf İctimai Birliyinin dəstəyi ilə “Talassemiyasız həyat naminə” regional simpozium keçirilib. Bəllidir ki, Azərbaycan genetik qan xəstəliyi sayılan Talassemiya üzrə endemik zona sayılır. Ağdaş, Şəki, Kürdəmir, Masallı, Göyçay və Sabirabadda bu xəstəliyə daha çox rast gəlinir.

Tədbirdə iştirak edən Mərkəzi Klinikanın Qadın mərkəzinin rəhbəri, Əməkdar həkim, tibb elmləri namizədi Mahirə İsmayılova çıxışı zamanı bildirib ki, Talassemiya problemi Azərbaycan üçün aktual məsələdir:

"Əhalinin təqribən 8-9 %-i bu xəstəliyin daşıyıcısıdır və hər il 200-dən çox Talassemiya daşıyıcısı olan uşaq dünyaya gəlir. 2015-2020-ci illərdə "Talassemiya ilə mübarizə üzrə dövlət proqramı" çərçivəsində bu xəstələrə göstərilən tibbi xidmət səviyyəsi yüksəlib və onların donor qanı ilə təchizatı problemi həll olunub. Son illər artıq Talassemiya mərkəzində bu pasiyentlərə sümük iliyi transplantasiyası əməliyyatı uğurla həyata keçirilir. Lakin ən önəmli məsələ talassemiyanın və digər genetik xəstəliklərin müalicəsi yox, profilaktikasıdır. Məhz bu baxımdan bu gün tətbiq edilən nigah öncəsi cütlüklərin tibbi müayinəsi böyük əhəmiyyət kəsb edir. Amma biz həkimlər bu gənclərə evlənməyi qadağan edə bilmərik. Bu xəstəliklərin profilaktikasını apara bilərik".

Onun sözlərinə görə, bir sıra ölkələrdə-İtaliyada, Kiprdə, məhz tibbi-profilaktik tədbirlərin həyata keçirilməsi nəticəsində Talassemiya xəstəliyi tamamilə aradan qaldırılıb:

"Son illər bu ölkələrin təcrübəsini istifadə edərək, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran və digər ölkələr geniş genetik konsultasiyalar və skrininglər aparmaqla bu tipdə xəstələrin öz ərazilərində profilaktikasını həyata keçirirlər. Azərbaycana gəldikdə isə biz də ginekoloqlar və reproduktoloqlar son illər bir çox genetik xəstəlikləri, o cümlədən Talassemiyanı həm hamiləlikdən öncə, həm də hamiləliyin ilk aylarında müəyyən edirik. Bunun üçün biz Prenatal və Preimplantasyon genetik diaqnostika üsullarından geniş istifadə edirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR