"İblis günü"nün xofu: yalan, yoxsa gerçək?

"İblis günü"nün xofu: yalan, yoxsa gerçək?
13:32 13 Yanvar 2015
273 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu günlərdə “Facebook” sosial şəbəkəsində paylaşılan bir şəkil diqqətimi cəlb elədi. Opera və Balet Teatrından çəkilmiş şəkildə sıra nömrəsi nəhs rəqəm olduğundan kimsə orada oturmağı övladına qıymamışdı. Söhbət 13-dən gedir, təbii.

Qurani-Kərimdə nəhs günlər deyilən günlər var. Ad qövmünün həlak olması ilə bağlı müqəddəs kitabda deyilir ki, biz onlara nəhs bir gündə soyuq və külək göndərdik. Onları alt-üst elədik. Nəhs sözünün lüğəti mənası səmada görünən sarımtıl rəngdir. Ona görə ki, səma sarımtıl olanda səhrada qum tufanı başlayardı. Amma konkret 13 rəqəminin “nəhsdir” deyə adı çəkilmir.

Rəqəmin özünə gəlincə, Qasımbəy məscidinin imamı hacı Samir Ağayevin sözlərinə görə, İslamda 13 uğurlu rəqəm sayılır.

- Xristian dininə görə, 13 rəqəmi nəhsdir. Xüsusən də İsa peyğəmbərin çarmıxa çəkildiyi cümə gününə təsadüf edəndə, ümumiyyətlə, dövlət səviyyəsində bütün münasibətlər dayandırılırmış. Bizim hədislərdə deyilən nəhs günlər nə ifadə edir? Həmin nəhs gündə mütləq hansısa tarixi hadisə baş verib. Məsələn, H. Əli buyurur ki, üçüncü gün səfər etməkdən çəkinin. Çünki o gündə Qabil Habili öldürmüşdür. Əslində, islam nəhs gün dedikdə, insanların diqqətini həmin gündə baş vermiş hadisəyə cəlb etmək istəyir.

Maraqlıdır ki, Azərbaycanda avtomobil dövlət nömrə nişanlarının sıralamasında 13 rəqəmi yoxdur: “12 - Biləsuvar, 14 - Cəbrayıl”.

“Toyumuzu ayın 13-də edəcəyimi deyəndə, hamı dedi ki, bəs həmin gün şeytanın günüdür. Toyda nəsə pis şey olacaq”.

Jurnalist Nicat Dağlarla xanımı Ülviyyə Hüseynova 2004-cü il, fevralın 13-ü, özü də cümə günü toylarını edirlər. Deyilənləri qulaqardına vuraraq. Toyları isə xətasız-bəlasız ötüşür. Nə pis hadisə baş verir, nə bəla olur. Əksinə, məclisləri gözəl keçir. Bu gün də ağız dolusu danışılacaq qədər.

- Əslində toyumuzu fevralın 14-nə planlaşdırmışdıq. Bir oğlanla mübahisə də elədim. Həmin günə sifariş etmək istəyirdim. Gəlib dirəşdi ki, bəs o bir neçə gün əvvəldən telefonla sifariş edib. Sonradan onunla dostlaşdıq da. Nə isə, güzəştə getmədi, fevralın 14-də sevgililər günü özünə toy elədi. 13-ü boş idi. Mən də toyumu 13-ü elədim.

Maraqlıdır ki, 13-ün bəd rəqəm olacağından qorxub ayın 14-ü, Sevgililər günü özünə toy çaldıran cütlüyün xoşbəxtliyi çox çəkmir. Toylarından 3 ay sonra boşanırlar...

- Baxmayaraq, “nəhs” deyilən gündə evlənmişəm, çox xoşbəxtəm. Biz 13-dən qorxmadıq deyə ayın 13-də oğlumuz Mirsamir dünyaya gəldi. Bu gün oğlumun 8 yaşı tamam olur. Gələn ay bu gün evliyimizin 11 ili tamam olacaq. Ümumiyyətlə, 13 rəqəmi mənim üçün uğurlu olub. 13 nömrəli binada yaşayan qızla evləndim. Toyumuz ayın 13-də oldu. Oğlumuz da. 13-cü ildə evimiz oldu.

Oktyabrın 13-də dünyaya gələn jurnalist Azər Nəzərov üçün də 13 rəqəmi uğurlu gəlib. O, heç rəqəmin nəhs olduğunda inanmır. Bu rəqəm onun üçün daim uğur gətirib.

- Əslində, bu rəqəm daim düşərli olub mənə. Universitetdə oxuyan vaxtlarım idi. Bakıdan başqa şəhərə, oradan da təyyarə ilə xaricə gedəcəkdim. Bileti də dekanımız almalıydı. Özü də səfər təcili idi. Təyyarəyə gecikə bilərdim. Dekanımız vağzala gedib qayıtdı ki, bəs bilet ala bilmədim. Bütün biletlər qurtarıb, ancaq 13-cü vaqonun 13-cü yerinə bilet qalıb. Nəhsdir deyə heç kim almayıb. Mən də almadım. Əsəbləşib dedim ki, mən ayın 13-ü doğulmuş adamam. Boş şeylərdir. Özüm gedib o bileti aldım. Səfərim də düşərli oldu.

Tarixə nəzər salsaq, maraqlı faktlarla rastlaşarıq.
- Səlahəddin Eyyubi Səlib yürüşlərinin on üçüncüsündə xristianları qəti məğlubiyyətə uğradıb.

- İstanbul 29 May 1453-cü ildə (1 + 4 + 5 + 3 =13) çərşənbə axşamı günü türklər tərəfindən fəth edilib.

- Hz. Məhəmməd miladi təqvimə görə 571-ci (5+7+1=13) ildə doğulub.

- 1307-ci il, oktyabrın 13-də cümə günü, Fransa kralı Filip ilə Papa Klemensin əməkdaşlığı nəticəsində Məbəd Cəngavərlərinin çoxu həbs olunub, edam edilib.

- Bizans imperiyası 1453-cü ildə osmanlılarla müharibədən məğlub ayrılıb. Bu tarixi hadisənin yadda saxlanılmasını asanlaşdırmaq üçün 1, 4, 5 və 3 rəqəmlərini toplayaraq yuvarlaq 13 rəqəmini alıblar.

- İsa peyğəmbər çarmıxa çəkilməzdən əvvəl yemək yediyi zaman onunla birlikdə süfrə başında 13 nəfər oturmuşdu - İsa peyğəmbər və 12 havari. Sonradan 13 rəqəmi lənətlənir və bundan sonra yeni inanc yaranır: 13 nəfər süfrə arxasına oturarsa, onlardan biri dünyasını dəyişə bilər.

Xalqlar arasında nəhs rəqəmlə bağlı müxtəlif miflər də yaranıb.

- Norveç əfsanəsinə görə, Allahların süfrəsinə dəvət edilməyən yeganə tanrı 13-cü Allah olan Loki idi. O, Allahlardan birini öldürüb.

- Fransada kəndlərin heç birində 13 rəqəmli ev yoxdur. Heç bir fransız mehmanxanasında 13 rəqəmli otaq tapmaq olmaz. Elə ingilislərin qonaq evlərində də bu rəqəmlə nömrələnmiş otağa rast gəlmək mümkün deyil. İtaliyanın opera teatrında bu qəribə rəqəmlə sıralanmış oturacaq yoxdur. Dünyanın heç bir yerində kapitan qonağını 13 rəqəmli kayuta dəvət etməz.

- Amerikadakı otellərdə isə 13-cü mərtəbə yoxdur. Belə nömrəsi olan evlər də yarı qiymətə icarəyə verilir. Əvvəllər Amerikan İttifaqı 13 ştatdan ibarət olub. Onlar da məhz 13 hərfdən ibarət deviz qəbul ediblər. Corc Vaşinqton ABŞ-ın bayrağını təntənəli surətdə yuxarı qaldıranda 13 yaylım atəşi açıb.

- Yəhudilərin əlifba sırasındakı 13-cü hərf “m”-dir. Belə ki, bu hərf “mavet” (ölüm) sözünün baş hərfidir.

- Meksikada isə əksinə, 13 rəqəmi uğurlu - şans gətirən rəqəm kimi qəbul edilir.

- XIX əsrdə cümə günü dənizə çıxan “Friday” gəmisindən heç bir xəbəri çıxmayıb.

Ayın 13-də dünyaya gələn tanınmışlar:

- 13.01.1779. Yelizaveta Alekseyevna, imperatriça, I Aleksandrın arvadı.
- 13.01.1812. Vasili Viktoroviç Koçubey, knyaz.
- 13.01.1864. Vilhelm Vin, alman fiziki, “Nobel” mükafatçısı
- 13.02.1769. İvan Andreyeviç Krılov, təmsilçi
- 13.02.1903. Jorj Jozef Kristian Simenon, fransız yazıçı
- 13.02.1950.Piter Qabriel, ingilis rokçu

- 13.03.1838. Rafaelo Covanyoli, italyan yazıçı (“Spartak”)
- 13.03.1888. Anton Semyonoviç Makarenko, pedaqoq, yazıçı

- 13.04.1519. Yekaterina Mediçi, Fransa kralı II Henrinin arvadı
- 13.04. 1892. Robert Uotson- Uatt, şotland fiziki, radarı kəşf edən
- 13.05.1804. Aleksey Stepanoviç Xomyakov, filosof, şair, publisist
- 13.05.1907. Dafna Dyumore, ingilis yazıçı
- 13.05.1965. Maşa Rasputina, müğənni

- 13.06.1831. Ceyms Klerk Maksvell, ingilis fiziki, Kembricdə Kavendiş laboratoriyasının təsisçisi
- 13.06.1893. Doroti L. Seyers, ingilis yazıçı
- 13.06.1957. Renat Dasayev, SSSR-nin yığma və “Spartak” futbol komandasının qapıçısı
- 13.07.1894. İsaak Emmanuloviç Babel, yazıçı
- 13.07.1920. Arkadi Qriqoryeviç Adamov, yazıçı

- 13.08.1655. İohan Xristof Denner, alman musiqiqçisi, klarneti icad edən
- 13.08.1899. Alfred Hiçkok, ingilis-amerika kino rejissoru
- 13.09. 1766. Semyuel Uilson, amerikalı biznesmen-ticarətçi
- 13.09.1942. Muəmmar Qəzzafi, Liviyanın sabiq lideri
- 13.09.1957. Artyom Borovik, jurnalist, “Soverşenno sekretno” qəzetinin baş redaktoru

- 13.10.1925. Marqaret Tetçer (“Dəmir ledi”), 1979-90-cı illərdə Britaniyaya rəhbərlik etmiş, Avropanın ilk qadın baş naziri
- 13.10.1933. Mark Anatolyeviç Zaxarov, rejissor
- 13.10.1935. Saveli Kramarov, komediya aktyoru (“Celtlmenı udaçi”)
- 13.10.1957. Kris Karter, “Məxfi materiallar” teleserialının müəllifi və prodüsseri

- 13.11.1850. Robert Lyuis Stivenson, ingilis yazıçı
- 13.11.1874. Marqrit Lonq, fransız pianoçusu
- 13.11.1949. Vupi Qoldberq, amerikalı kino aktrisa.

Bu gün ayın 13-dür. Bu rəqəmin uğursuzluğundan qorxmayan ruslar yanvarın 13-ündə “köhnə Yeni il” bayramını qeyd edirlər. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 14-də başlayır. Kilsə müasir Qriqorian təqviminə keçməzdən əvvəl bu gün bayram kimi qeyd olunub. Birinci Pyotr həmin təqvimi ləğv edərək Yeni ilin bütün dünyada olduğu kimi yanvarın 1-də qeyd olunmasına qərar verənə qədər.

Yuxarıda çəkdiyimiz misallar da bu rəqəm haqqında deyilənlərin əslində boş, xurafat olduğunu sübut edir. “İblis”in günündə doğulub da uğurun zirvəsinə qədər ucalan “n” qədər tanınmış yazıçı, şair, alim var. Odur ki, bu günü deyin gülün, əylənin. Lap “köhnə Yeni ili” də qeyd edin. Kim necə bacarırsa... Yetər ki, xurafatdan uzaq olaq.

lent.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR