Dövlət Reklam Agentliyindən reportaj - FOTOLAR

“X Paraqraf” layihəsində növbəti reportajımız Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyindəndir.

Dövlət Reklam Agentliyi (ADRA) prezident İlham Əliyevin 2017-ci il 20 iyun tarixli Fərmanı ilə yaradılıb. Agentliyin yaradılmasında əsas məqsəd açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirməkdir. Bu isə öz növbəsində açıq məkanda reklam yerləşdirmək istəyən sahibkarların işinin asanlaşması deməkdir.

Agentlik əsasən açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə və reklam yerləşdirilməsinə icazə verir, o cümlədən reklam qurğularının və yayımlanan reklamın qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır. Bunlar hamısı isə qanunvericiliklə tənzimlənir.

Dövlət Reklam Agentliyinin fəalliyəti ilə daha yaxından tanış olmaq üçün Agentliyin yerləşdiyi məkana gedib əməkdaşlarla ünsiyyətdə olduq. İşinin peşəkarı olan komanda mütəmadi olaraq monitorinqlər apararaq, daha effektiv reklam yayımının həyata keçirilməsi üçün reklam yayıcısı olan sahibkarları qanunvericiliyin tələbləri barədə maarifləndirir, onlara metodiki tövsiyələr verir, beynəlxalq təcrübəni öyrənir, eyni zamanda ictimaiyyəti məlumatlandırırlar. Bununla yanaşı, texniki təhlükəsizlik tələblərinə cavab verməyən reklam daşıyıcılarının və qanunvericiliyə uyğun olmayan reklamların yayımının aradan qaldırılması istiqamətində də tədbirlər görülür.


Bu isə o deməkdir ki, açıq məkandakı reklamlarda Azərbaycanın Dövlət dili və Dövlət rəmzləri ilə bağlı səhvlərə yol verilməyəcək, mövcud texniki tələblərə əməl olunacaq. Belə hallarla qarşılaşmamaq üçün sahibkarlar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”na uyğun olaraq Dövlət Reklam Agentliyinə müraciət edərək reklam yerləşdirilməsinə icazə almalıdırlar.

Dövlət Reklam Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri deyir ki, adından da məlum olduğu kimi İctimaiyyətlə əlaqələr şöbəsinin əsas işi həm ictimaiyyətlə əlaqələr, həm də mətbuatla işləməkdir: “Bütün jurnalistlərin suallarını cavablandırırıq, sahibkarlara, eləcə də ictimaiyyətə maraqlı olan informasiyaların cəmiyyətə çatdırılması ilə məşğuluq. Eyni zamanda PR işlərini də aparırıq. İctimaiyyətlə əlaqələr şöbəsində 6 işçi var. Biz ümumiyyətlə mediaya, ictiamiyyətə açıq bir qurumuq. Çalışırıq ki, bizə ünvanlanan bütün sualları maksimum dərəcədə operativ şəkildə cavablandıraq”.

Qurum rəsmisi deyir ki, bizə ünvanlanan suallar daha çox reklam sahəsindəki qanunvericiliklə bağlıdır: “Monitorinqlər də onu göstərir ki, əksər sahibkarlar bu barədə az məlumatlıdırlar. Bizim ilkin mərhələdə əsas işimiz onları maarifləndirməkdir. Onu da qeyd edim ki, Dövlət Reklam Agentliyi yaranandan sonra sahibkarların işi xeyli asanlaşıb. Məsələn, böyük bir şirkətdir, tutaq ki, reklamını bütün ölkə ərazisindəyerləşdirmək istəyir. Əvvəllər o, məcbur idi ki, icra hakimiyyətlərinə getsin, icazə alsın və reklamını müxtəlif qiymətlərə yerləşdirsin.

İndi yeganə mərkəzləşdirilmiş tənzimləyici qurum yaradılıb ki, bu da Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyidir. Sahibkarlar bura müraciət etməklə öz reklamını Azərbaycanın istənilən regionunda yayımlaya bilər. Çalışırıq ki, sahibkarların işini daha da asanlaşdıraq. Yəni, sahibkar ADRA-nın saytına girərək hansı ərazidə reklam yerləşdirmək istəyirsə, onun ölçülərini yazmaqla qiymətlər barədə məlumat əldə edə bilər. Reklam yayıcısı onlayn müraciət etdikdəreklamın mətnində, qrammatikasında, dil normaları, reklam haqqında qanunvericiliyin tələbləri pozulmayıbsa, həmin reklamın yayımına icazə verilir. Sahibkar yenə də onlayn qaydada rüsumu ödəməklə reklamını yayımlaya bilir”.

H.Azəri bildirib ki, qiymətlər yerinə və ölçüsünə görə dəyişir. Təbii ki, şəhərin mərkəzi küçələrində reklamların qiyməti daha bahadır, Bakının ətraf rayonları, eləcə də Azərbaycanın bölgələrində reklamların qiyməti nisbətən aşağı olur: “Çalışırıq ki, ADRA-nın tanınması istiqamətində PR işlərimizi daha da genişləndirək, jurnalistlərlə əlaqələrimizi daha sıx edək. Çünki bu işdə mətbuatın rolu danılmazdır. Biz mətbuata açıq qurum kimi çalışırıq ki, ADRA-nın fəalliyəti ilə bağlı həm sahibkar, həm də ictimaiyyəti maraqlandıran istənilən sual dərhal cavablandırılsın.

Agentliyin önəmi barədə məlumat verən Hüseyn Azəri deyir ki, bildiyiniz kimi, son dövrlərdə ölkəmizə turist axını çoxalıb və ölkəmizin imici baxımından şəhərlərimizin görünüşü mühüm əhəmiyyət kəsb edir: “İndiyədək açıq məkanda reklam yerləşdirilməsi işi xaotik həyata keçirilirdi. Bu da ilk növbədə şəhərin estetik görünüşünü pozurdu.

Bəzi reklam lövhələri yol hərəkəti iştirakçıları üçün təhlükə yaradırdı, işıqforların qarşısını alırdı və yaxud səkilərdə elə yerə qoyulurdu ki, piyadaların keçidinə mane olurdu. Bu sahədə sahibkarlar da bəzi çətinliklərlə qarşılaşırdılar. Məqsədimiz təkcə reklam yayıcılarının işini asanlaşdırmaq deyil, həm də bu sahədə şəffaflığı təmin etməklə yanaşı reklam ekosistemini inkişaf etdirməkdir”.

Dövlət Reklam Agentliyinin Strateji İnkişaf Şöbəsinin rəhbəri Rüfət Tağızadə isə deyir ki, Agentlikdə növbəti illər üzrə strateji hədəflərimiz var: “Əslində biz fəaliyyətimizi bazara uyğun qurmağa çalışırıq. Açıq məkanda reklam sahəsi nə qədər inkişaf edərsə, bu bizim üçün də faydalı olar. Hədəflərimiz ilkin olaraq dünya təcrübəsini ölkəmizdə tətbiq edərək bu sahəni daha da təkmilləşdirmək, sağlam rəqabət formalaşdırmaq, şəffaf mühit yaratmaqdır.

Eyni zamanda, açıq məkanda istifadəyə yararsız reklam daşıyıcılarının yeniləri ilə əvəz olunması, ölkəmizə müasir və innovativ qurğuların gətirilməsi hədəflərimiz sırasındadır. Şəhərimiz, ölkəmiz günü-gündən gözəlləşir, infrastruktur modernləşir və buna da uyğun olaraq mütləq şəkildə reklam daşıyıcılarımız olmalıdır, bilbordlarımız müasir tələblərə cavab verməlidir. Biz istəyirik ki, ölkəmizdə yeni nəsil reklam daşıyıcılarının sayı çox olsun.


Bundan əlavə Agentliyin daxili potensialının yüksək səviyyədə olmasını istəyirik. Bu ilk olaraq bizim kadr potensialıdır, idarəçilik potensialıdır ki, bunu da mümkün qədər yüksək saxlamağa çalışırıq. Əməkdaşlarımızın təlimlərə cəlb olunması və yaxud beynəlxalq təcrübənin öyrənilməsi üçün xarici ölkələrə ezam olunması kimi işlər görülür. Eyni zamanda Agentlik maddi-texniki bazanın təkmilləşdirilməsi, mərkəzi və regional idarələrin yerləşdiyi binalarda iş şəraitinin yüksək səviyyədə və müasir standartlara müvafiq təşkil olunması yolunda bütün imkanlardan istifadə edir. Bu da əlbəttə ki, əməkdaşların aktiv və operativ fəaliyyətinə öz təsirini göstərir.

İnnovativ həllərimizdən isə bildiyiniz kimi, ilk olaraq bizim veb saytımız işə düşdü. Elektron portalda kifayət qədər məlumat var, sahibkar bu sayta daxil olmaqla istənilən məlumatı əldə edə bilər. Eyni zamanda alternativ olaraq bizim 1412 Çağrı Mərkəzimiz də var. Sahibkarlar bura müraciət etməklə onları maraqlandıran suallara cavab tapa bilərlər. Müraciətlərin onlayn qaydada, lazımi prosedurlarınelektron vasitəsiləhəyata keçirilməsi də mümkündür. Sahibkar öz iş yerini tərk etmədən bütün bu prosesi onlayn qaydada reallaşdıra bilər. Saytda reklam yayımı xərclərinin hesablanması üçün elektron kalkulyator da var. Sahibkar bu bölümdə reklam daşıyıcısının növünü, sahəsini, yerləşmə ərazisini,ünvanını və s. qeyd etməklə ödəniləcək məbləği hesablaya bilər.

Dövlət Reklam Agentliyi işin təkmilləşməsi üçün “360 dərəcədə təsbit” texnologiyasını tətbiq etməyə başlayıb. Bu isə ADRA-nın müfəttişlərinin işini müəyyən qədər asanlaşdırır. 360 dərəcə texnologiyası ilə əraziyə girərkən sağda-solda, sizi əhatə edən 360 dərəcəlik əhatədə hansı reklam daşıyıcılarının olduğunu görə bilirsiniz. Bizim monitorinq qrupumuzbütün əraziləri monitorinq edərək nəticə əldə edir. Eyni zamanda da qeyd etdiyimiz bu texnologiyanın hesabına reklam potensialını görə bilirik. Yəni biz artıq hesablaya bilirik ki, hər hansı bir ərazidə reklam potensialımız nə qədərdir. Sahibkarlıq obyektlərini də müəyyən edə bilirik.

Digər texnologiya hazırda tətbiq etdiyimiz məsafədən ölçmə cihazlarıdır. Bilirsiz ki, binaların üstündə, hündür yerlərdə reklam qurğuları var. Bu ölçmə cihazı vasitəsilə öz əməkdaşlarımızı təhlükə altına atmadan, hansısa böyük bir texnikadan istifadə etmədən vəzaman itirmədən daha operativ olaraqo hesabatı verə bilirik. Müfəttiş məsafədən ölçmə cihazı ilə tutaq ki, 5 m hündürlükdə quraşdırılan qurğunun ölçüsünü müəyyən edə bilir. Bu cihaz ADRA-nın sifarişi ilə yerli proqram təminatçıları tərəfindən hazırlanıb. Müasir texnologiyaların tətbiqi həm sahibkarlar,həm reklam vericiləri, həm də müfəttişlərin iş prosesini asanlaşdırmaqla yanaşı,bu sahənin inkişafına da öz töhfəsini verir.

Rüfət Tağızadə deyir ki, istənilən halda beynəlxalq təcrübəyə ehtiyacımız böyükdür: “Çünki reklam bazarı ilk olaraq innovasiyadır, qlobol olaraq gedən proseslərin bir hissəsidir. Bu dəqiqə ölkəmizdə təmsil olunan elə bazar subyektləri var ki, bunlar dünyanın bütün ölkələrində var, eləcə də Azərbaycanda. Onların özlərinin də reklamla bağlı bir vizyonları, baxışları var. Biz də onların təcrübəsini öyrənməliyik ki, onlarla bir dildə danışa bilək. Çünki bizim dillərimiz fərqli olsa, onlar bu bazarlarda o reklamı verməzlər. Onlarla eyni dildə danışmağımız üçün də bizim mütləq şəkildə beynəlxalq təcrübəni öyrənməyimizə ehtiyac var.

Reklam üzrə də beynəlxalq təşkilatlar var, onlarla əməkdaşlıq etməyə başlamışıq. İndiyə qədər 10-a yaxın sərgidə iştirak etmişik, yeniliklərlə tanış olmuşuq. Ölkəmiz indi daha çox yeniliyə açıq ölkə olduğuna görə, mütləq şəkildə müasir texnologiyaların burda tətbiq olunmasını istəyirik. Bu bizim üçün labüddür”.

1412 Çağrı Mərkəzinin operatoru Nigar Sadıxova gün ərzində Çağrı Mərkəzinə gələn sualları cavablandırır. N.Sadıxova deyir ki, müraciət edənlər arasında sahibkarlar üstünlük təşkil edir. Daxil olan müraciətlərin əksəriyyəti açıq məkandakı reklamların qeydiyyatı üçün lazımi sənədlər və ödəniləcək rüsumlarla bağlıdır.

Daxil olan hər bir müraciət dərhal araşdırılır.Ünvanlanan suallar cavablandırılmaq məqsədi ilə aidiyyatı şöbələrə yönləndirilir. Azərbaycanın bölgələrindən olan müraciətlər isə ADRA-nın Regional İdarələrinə təqdim olunur. Sahibkarların sənədləşmə prosesi ilə bağlı etdiyi müraciətlərə elektron ünvan vasitəsilə metodiki tövsiyyələr də göndərilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Reklam Agentliyinin 11 regional idarəsi var, bu isə bütün regionları əhatə edir. Həmin regionlarda da ADRA-nın müfəttişləri, regional idarələrin işçiləri var. Bütün İdarələr mərkəzləşdirilmiş halda Agentliyə tabedir. Agentliyin Regional İdarələri və onlara daxil olan ərazilər barədə ADRA-nın rəsmi saytında məlumat verilib.

İş prosesini daha yaxından müşahidə etmək üçün Səbail rayonunun müfəttişi Nadir Şərifzadə ilə əraziyə yollandıq. Müfəttiş deyir ki, işimiz ilk növbədə sahibkarları maarifləndirmək, onlara “Reklam haqqında” Qanun barədə məlumat verməkdir. Ərazi üzrə mütəmadi olaraq monitorinq aparmaq da gündəlik öhdəliklərimiz sırasındadır.

Qanunun tələblərinə cavab verməyən reklam lövhələri müəyyən olunduqda ilk növbədə sahibkarları mövcud çatışmazlığı aradan qaldırması üçün məlumatlandırırıq. Sahibkar buna əməl etmədikdə ona yazılı xəbərdarlıq ünvanlayırıq. Əgər sahibkar bu xəbərdarlığı da cavabsız qoyursa, bu halda Dövlət Reklam Agentliyinin həmin reklamın yayımını dayandırmaqhüququ var.

Qeyd edək ki, açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Açıq məkanda reklam yerləşdirilməsinə icazə, yerləşdirilən reklama dair texniki şərtlər pasportu və reklam yerləşdirilməsinə dair icazə müqaviləsi olmadan yayımlanan reklamlar müəyyən edildikdə, əvvəlcə həmin reklam yayıcıları maarifləndirilir, sahibkarlara qanunvericiliyin tələbləri izah olunur, mövcud problemlərin aradan qaldırılması tövsiyə edilir. Buna əməl edilmədikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edilir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim olunur.

Yazılı göstərişdə müəyyən edilmiş tələblər vaxtında yerinə yetirilmədikdə və ya reklamın yayımı dərhal dayandırılmadıqda, həmçinin reklam yayıcısını müəyyən etmək mümkün olmadıqda, reklam yayımının dayandırılması üçün zəruri tədbirlər görülür. Bu zaman qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər. İnzibati Xətalar Məcəlləsinə görə, fiziki şəxslər üçün 300 manatdan 500 manatadək, vəzifəli şəxslər üçün 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər üçün isə 5000 manatdan 10000 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı