Bakı, 27 aprel, AZƏRTAC
Nigerin hökumət qüvvələrinin hissələri ilə “Boko haram” yaraqlıları arasında Çad gölündəki Karamqa adası uğrunda ağır döyüşlər gedir.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, aprelin 25-də bir neçə yüz yaraqlı motorlu qayıqlar vasitəsi ilə adaya hücum edərək onu ələ keçiriblər. Hücum zamanı Niger ordusunun çox sayda hərbçisi öldürülüb. Bazar günü isə Niger hərbçiləri adaya nəzarəti geri qaytarmaq məqsədi ilə əməliyyatlara başlayıblar.
Xatırladaq ki, Nigeriya ordusu Çad və Niger hərbi kontingentinin dəstəyi ilə bu ilin əvvəllərindən “Boko haram” qruplaşmasına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Ötən müddətdə mövqelərini xeyli dərəcədə itirən qruplaşma əsasən Nigeriyanın şimal-şərqində yerləşən Sambis meşə massivində və Çad gölündəki adalarda güclü müqavimət göstərir.