Şəhid ailələrinə ödəmə kartları evlərində verilib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanına əsasən, şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı işləri davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, bank hesablarına birdəfəlik ödənişin köçürüldüyü vərəsələrdən ikisi – Bakının Suraxanı rayon sakini, şəhid anası Hüseynova Məryəm Əbdül qızı 84 yaşında və Şamaxı rayon sakini, şəhid atası Nuhov Cüməli Seyidəli oğlu 83 yaşındadır. Bu amil nəzərə alınmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsünə əsasən, onlara birdəfəlik ödəməni almaq üçün plastik kartlar yaşadıqları ünvanlarda təqdim edilib.

Müvafiq bankın əməkdaşı hər iki şəhid valideyninə plastik kartları təqdim edib.

Qeyd olunub ki, ölkəmizdə aparılan uğurlu sosial siyasət şəhid ailələrinə dövlət qayğısının da mütəmadi olaraq artırılmasına səbəb olur. Dövlət başçısının müvafiq Fərmanları ilə 12 268 şəhid hərbi qulluqçunun vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi də bunun əyani təsdiqidir. İndiyədək onlardan 3758 şəhidin 5144 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub və artıq 3100 şəhid üzrə 4200 vərəsəyə ödəniş edilib. Bütün şəhid vərəsələrinə birdəfəlik ödənişlərin verilməsi prosesi cari il ərzində başa çatdırılacaq.

M.Hüseynova və C.Nuhov şəhid ailələrinə göstərilən yüksək qayğıya, şəhid vərəsələrinə humanist yanaşmanın təzahürü kimi onlara birdəfəlik ödəmənin verilməsinə, 30 yanvar 2019-cu il tarixli Fərmanla isə şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılaraq 242 manatdan 300 manata çatdırılmasına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR