Bakı, 1 may, AZƏRTAC
Yaponiya şirkətləri “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçı kimi Azərbaycanda və Türkiyədə həyata keçirilən layihələrdə müvəffəqiyyətlə çalışıb, həmçinin də SOCAR-ın “STAR” neft emalı zavodunun inşasında iştirak edirlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin prezidenti Rövnəq Abdullayev mayın 1-də Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
R.Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr üzrə qazanılan nailiyyətlərdən söz açıb, bu layihələrdə fəal iştirak edən SOCAR-ın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, qısa bir müddətdə şaxələndirilmiş ixrac boru kəmərləri sisteminin yaradıldığını, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın mühüm ölkəyə çevrildiyini nəzərə çatdırıb.
SOCAR-ın prezidenti həyata keçirilən layihələr sırasında “Cənub” qaz dəhlizinin əhəmiyyətini önə çəkıb, Azərbaycan qazının Avropa ölkələrinə nəqli məqsədini daşıyan TANAP və TAP layihələrinin beynəlxalq dəstək qazandığını vurğulayıb. R.Abdullayev Yaponiya şirkətlərinin “Azəri-Çıraq-Günəşli” və daha sonralar Bakı-Tbilisi-Ceyhan layihələrinin iştirakçılarından olduğunu, Azərbaycanda və Türkiyədə həyata keçirilən layihələrdə müvəffəqiyyətlə çalışdıqlarını bildirib, “STAR” neft emalı zavodunun inşasında əməkdaşlıqdan məmnunluğunu ifadə edərək, bu əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Yaponiya İxrac Kredit Təşkilatının rəhbəri Vatanabe Hiroşi Bakıya səfərində məqsədin Azərbaycanda investisiya mühitinin öyrənilməsi və əlaqələrin qurulması üçün imkanların araşdırılması olduğunu nəzərə çatdırıb. Rəhbərlik etdiyi təşkilat barədə məlumat verən V.Hiroşi bir çox ölkələrdə fəaliyyət göstərdiklərini, dünyanın iri neft-qaz şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirib. O, SOCAR-ın qısa müddətdə böyük nüfuz qazandığını və buna görə də rəhbərlik etdiyi təşkilatın şirkətlə əməkdaşlıqda maraqlı olduğunu xüsusi vurğulayıb. V.Hiroşi bildirib ki, SOCAR-ın mühüm əhəmiyyət kəsb edən irimiqyaslı layihələri beynəlxalq enerji və maliyyə sektorunda şirkətə böyük etimad qazandırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.