"Çoxlu pul qazanıram" - FOTO

"Çoxlu pul qazanıram" - FOTO
13:37 14 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

İlham Kərimli: “Gənc nəslin rəqqasları daim yenilik axtarır”
2015-ci ildə “Gənclik qəzeti”-nin ilk buraxılışının şou ulduzu Şərq rəqslərinin mahir ifaçısı, tanınmış gənc rəqqas İlham Kərimli oldu. Tanınmış rəqqas bizimlə söhbətində rəqqaslıq sənətinin hazırkı problemlərindən, eyni zamanda gənclərin və yeniyetmələrin rəqsə olan marağından danışdı.

- Hazırda gənclər daha çox ifaçılıq və musiqi alətlərinə həvəs göstərdikləri halda sizi rəqsə cəlb edən nə oldu?

- Bu gün rəqsə tələbat kifayət qədərdir. Müasir dövrdə qızlardan çox oğlanların rəqslə məşğul olmaq istəyinin şahidi oluruq. Milli rəqslərimizlə bərabər dünya ölkələrinin rəqslərinə də maraq çoxdur. Hind rəqslərinə qızların istəyi daha çox olsa da oğlanların da sayı az deyil. Bildiyiniz kimi uşaqlara milli rəqslərlə bərabər müxtəlif ölkələrin rəqs dərslərini keçirəm. İki ilə yaxındır ki, ispan, irland və bunlarla bərabər estrada janrına daha çox müraciət edirəm. Hind rəqsləri ilə bu gün də məşğul oluram. Biz rəqqaslıq sənətini kənardan izləyib, ona maraq göstərib əziyyət çəkərək bu sənətə yiyələnmişik. Yetkin yaşa çatdıqdan sonra bu sahədə özümü inkişaf etdirib, daha çox məlumat sahibi olmuşam. Beləliklə, bu sahədə öz təcrübəmi artırmışam. Pillə-pillə də olsa bu zirvəyə qədər yüksəlmişəm.

- Ötən il ən çox festivallarda, qastrollarda iştirak edən sənətçilər sırasında oldunuz. İli necə keçirdiniz?

- 2014-cü il mənim üçün çox yaddaqalan illərdən biri oldu. Uğurlu olduğu qədər də həm də bir qədər sıxıcı il oldu desəm yəqin ki, yanılmaram. Ancaq mən hər dəqiqəmə, hər günümə şükür edən insanam. Ötən il yaradıcılığıma daha çox zaman ayırdım. Düzdür, sıxıntılarım, əziyyətlərim də çox oldu. 2015-ci ilə isə yeni rəqslərlə qədəm qoydum. Ötən il 3-cü təhsilə yiyələndim. Belə ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “baletmeyster” şöbəsinə qəbul oldum. Çoxları mənə buna ehtiyac olmadığını söyləsə də, hesab edirəm ki, öyrənmək heç vaxt gec deyil.

- Yaradıcılığınızda mili rəqslərə nə qədər yer ayırırsınız?

- Yaradıcılığımda milli rəqslərin xüsusi bir özəlliyi var. Belə ki, milli rəqslər artıq bizim qanımıza işləyib. Düzdür mili musiqilərimizdən bəhrələnirik. Misal üçün, Coşqun Sadıqov, Seymur Kərimovun musiqilərindən daha çox bəhrələnirəm. Milli ruhda yazılmış köhnə mahnılara da müraciət edirik. Amma müasir mahnılara daha çox tələbat var. Təəssüf hissi qeyd edirəm ki, biz milli rəqslərimizin musiqiləri cəhətdən çətinlik çəkirik. Bu gün yeni musiqilər hazırlanır, aranjemanlar var. Ancaq rəqs etmək üçün musiqilər yazılmır. Bu baxımdan biz bir qədər axsayırıq.

- Yaşlı rəqqaslar şikayət edirlər ki, mili rəqslərimizdə əvvəlki ritmlər qalmayıb. Sizcə, buna görə rəqqaslarımızmı, yoxsa zəmanəmi günahkardır?

- Heç kimin fikrinə müdaxilə edə bilmərəm. Keçmişə baxanda bu gün rəqs daha çox inkişaf edib. Müasir dövrdə yaşayırıq və yaşadığımız zəmanə ilə ayaqlaşmağı bacarırıq. Düzdür, bizim gözəl rəqslərimiz var və Dövlət Rəqs Ansamblında bizə əcdadlarımızdan gələn bu rəqslər nəsildən nəslə davamlı şəkildə ötürülür. Əlbəttə ki, bizim mili rəqslərimizin öz xüsusi gözəlliyi var. Biz onlardan çox bəhrələnirik. Bu gün yeni nəsli nəzərə alıb, onlara uyğun mahnı qurmaq məcburiyyətindəyik. Çünki gənc nəslin rəqqasları daima yenilik axtarır. Biz bu gün “Tərəkəmə” rəqsini uşaqlara sevə-sevə öyrədirik. Uşaqlar üçün bu rəqslər çox maraqlıdır. Hər kəs milli rəqslərimizi sevir. Məsələ burasındadır ki, yetişməkdə olan gənc rəqqaslara müdaxilə edə bilmirik. O, öz rəqsində sərbəstdir. Bugünkü gənclik ritmə daha çox üstünlük verir. Rəqsi hazırlayarkən zamanı və insanların zövqünü, tələbatı nəzərə almaq lazımdır. Köhnə üslubda hazırlanan rəqsi nə qədər oynasaq da, o bu günün tamaşaçılarına xoş gəlməyəcək. Mən xərc çəkib ayrıca mahnı yazdırmışam və ya hər hansı bir mahnını yeni üslubda aranjeman etdirib, ona yeni nəfəs gətirmişəm. Ona cəlbedicilik, duzluluq, şirinlik qatmışam. Hansı ki, bu gün o tamaşaçı qarşısına çıxdıqda, böyük alqışlarla qarşılanır. Yeri gələndə gənc olmağıma baxmayaraq, bu sənətə yeni gələn gənc rəqqaslara öz köməkliyimi göstərirəm. Bu gün biz kimdən örnək götürməliyik? Kim barmağını qatlayıb deyə bilər ki, mənim rəqsim gənclərə örnəkdir və ya kiməsə örnək olmuşam. Heç kim gənclərə dəstək olmayıb, əlindən tutub belə olmalıdır deməyib. Pisə pis demək asandır, pisi yaxşı etmək çətindir.

- Müasir gənclərimiz, yeniyetmələrimiz hansı rəqslərə meyl göstərirlər?

- Valideynlər öz uşaqlarını mili rəqslərə daha çox yazdırırlar. Uşaqlar toylarda, el şənliklərində, sosial şəbəkələrdə mili rəqsləri görürlər və onları oynamaq üçün daha da həvəslənirlər. Hiss edirəm ki, gənclərin milli rəqslərə daha çox maraqları var. Bununla da bərabər xarici rəqslərə də maraq az deyil. Gündən-günə Şərq və bal rəqslərinə maraq artır. Mili rəqsdə isə geyimin özü, onun duruşu bir gözəllikdir. O, bir başqa aləmdir.

- Rəqqaslıq sənəti çörək qazandıran bir sənətdirmi? Gənclər bu sənətə meyl göstərsələr gələcəkdə ailələrini dolandıra bilərlərmi?

- Bu sənət çox çətindir. Mənim başqa bir sənətim yoxdur. Bu gün mən rəqs sənəti ilə dolanıram. Açığını desəm, Azərbaycanda rəqs sənəti ilə dolanmaq bir qədər çətindir. Hesab edirəm ki, həyatda hər şeydən əvvəl insanlıq durur. Nə olursan ol, ilk növbədə insan olmalısan. Daha sonra sənət rol oynayır. Rəqs sənətindən çox pul qazanıram. Ancaq bu sənətə qoyduğum pul ondan da çoxdur. Mənim geyimlərim, musiqilərim, yol xərclərim hamısı puldur. Mən də digərləri kimi qazandığım pulu yığıb saxlasam tanınmayacam və əlbəttə ki, tamaşaçı tərəfindən qəbul olunmayacam. Bu gün mən özümə maya qoyuram ki, yeni-yeni mahnılar ərsəyə gətirib onu tamaşaçılara təqdim edim. Hər bir rəqsə artıqlaması ilə pul xərcləyirəm. Elə müğənnilərin özləri də özlərinə, yaradıcılıqlarına pul ayırırlar ki, tanınırlar.

- Tanınmaq demişkən, efirlərə çıxmaq üçün sizdən pul tələb edirlərmi?


- Bu yaşıma qədər heç bir televiziyaya pul verməmişəm. Heç bir rejissor mənə o sözü deməyib, deyə də bilməz. Televiziyaya özümü reklam etmək üçün çıxmıram. Nəyimə lazımdır, hələ aparıb artıq da pul verim. O pulu özümə xərcləyib savadımı, qabiliyyətimi artırıram. Əgər rəqsə böyük həvəsin varsa, ilk növbədə bu sənətə böyük hörmətin və həvəsin olmalıdır. İkinci növbədə isə plastika, musiqi duyumu, efirə çıxmaq üçün siman olmalıdır. Televiziyalar mənə yalvarsın ki, mən gedib onların verilişlərinə çıxım, verilişlərinə gözəllik qatıb reytinqini qaldırım. Heç zaman efir və ya ulduz xəstəliyinə tutulmamışam. Hər bir kanal ilə də çox gözəl münasibətim var. Hamısının hörmətini saxlamışam, onlar da mənə hörmət göstərirlər.

Kaspi.az







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR