“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır
15:43 8 Aprel 2019
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamında Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılmışdır.

Bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılmışdır.

Konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara Nazirlik tərəfindən müvafiq məktublar göndərilmişdir. Hazırda onları təqdim etmiş təşkilatların iştirakı ilə təkliflər İşçi Qrupu tərəfindən müzakirə olunur.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış, Nazirliyin Aparat rəhbərinin müavini – Hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, Kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov və “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyevdən ibarət İşçi Qrupu ölkəmizin Litva və Macarıstan respublikalarındakı səfirliklərinin dəstəyi ilə sözügedən ölkələrdə səfərlərdə olmuş, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirmiş, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil etmişlər.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/274983.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR