Erməni kapitan ölümündən öncə işgəncələrə məruz qalıb:

2017-ci il avqustun 21-də Ermənistan Müdafiə Nazirliyinin Meğridəki hərbi hissəsində ölən, aprel döyüşlərinə iştirak edən kapitan Andranik Mkrtçyan ölümündən əvvəl zorakılığa məruz qalıb.

Metbuat.az Ordu.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı 2017-ci il avqustun 21-də ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb.

İstintaq orqanı intihardan başqa versiyanı nəzərdən keçirmir. İlkin araşdırma orqanı tərəfindən yayılan məlumata görə, intihar edən erməni kapitanın cibindən tapılan yazıda ölümünə görə heç kimin günahlandırılmaması barədə qeyd olub.

Ölən kapitanın atası Armen Mkrtçyan qeyd edir ki, təqdim edilən yazı oğluna aid deyil. O, oğlunun hərbi hissədə öldürüldüyünü və bu faktın gizlədildiyini bildirir.

Cinayət işləri üzrə erməni ekspert Ruben Martirosyan bildirib ki, iş üzrə bütün materiallar və ekspertizanın rəyləri ilə ətraflı tanışdır. O bildirib ki, cinayəti törədəcək şəxs ilk öncə Andranikin əl xəttini yaxşı oxşatmaq üçün qaralama yazı yazıb, daha sonra məktubu tərtib edib.

“Öldürülən Andranik Mkrtçyanın cibində məktub tapıldığını desələr də bu yalandır. Bu məktub bir neçə gün sonra yazılıb və hadisə yerinə baxış protokolları dəyişdirilib. Bütün sübut dəlillər saxtalaşdırılıb”, - deyə Martirosyan qeyd edib.

Məlumata görə, istintaq orqanı maddi sübutları gizlətməyə cəhd edib. Ölən kapitanın atası Armen Mkrtçyanın tələbi ilə təkrar ekspertiza keçirilib. Məlum olub ki, guya ölümündən sonra üzərində aşkar edilən məktubun qaralaması da var. Qaralama məktubunda, ölən kapitanın xəttinin oxşadılması məşqinin edildiyi aşkar görünür.

Atası əmindir ki, yalnız məktub yox, hətta hadisənin baş verdiyi yer də saxtalaşdırılıb. Xatırladaq ki, meyit kapitanın iş otağında aşkar edilib.

Onun əlində avtomat aşkar edilsə də, əl izlərinin müəyyən edilmədiyi bildirilir. Ekspertlər, atası və müstəntiqlə birgə intihar edildiyi deyilən iş otağına da getdiklərini və ölüm hadisəsinin iş otağında deyil, başqa yerdə baş verdiyi qənaətinə gəldiklərini, meyitin daha sonra iş otağına gətirildiyini bildiriblər.

Atasının dediyinə görə, aparılan yoxlamalar və maddi sübutlar onu göstərir ki, oğlunu öldürüb daha sonra otağa gətiriblər.

Onun meyitinin yarılmasında iştirak edən yaxınları bildirir ki, erməni kapitanın paltarları təmamilə yaş vəziyyətdə olub.

Qeyd olunur ki, hadisə yeri araşdırılarkən, hərbi hissə komandiri və korpus komandiri hərbi hissədən çıxıb gedib və onlarla bərabər hadisə yerinə getməyiblər.

Ekspert Ruben Martirosyan da hesab edir ki, kapitanı başqa yerdə öldürüb sonradan iş otağına gətiriblər.

Xatırladaq ki, zorakılıq faktı məhkəmə tibbi ekspertizasının rəyində də təsdiq edilir. Onun bədənində 10-dək xəsarət, sıyrıntılar, qanaxma izləri aşkar edilib. Bu xəsarətlərin ölümündən 3-5 gün, hətta 1 gün əvvəl küt alətlərlə edildiyi ehtimal edilir. Ermənistan Baş Prokurorluğu isə bəzi şahidlərin ifadəsini təqdim etməkdən imtina edib.

Həmçinin prokurorluq öldürülən şəxsin bir sıra şəkillərinin də zərərçəkən tərəfə təqdim edilməsindən imtina edib. Prokurorluq ölən erməni kapitanın əşyalarını, həmçinin avtomat və gilizlər üçün yenidən ekspertiza təyin edilməsinə dair zərərçəkən tərəfinin vəsadətlərini təmin etmir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR