Azərbaycanda doktorantların təhsil və elmi yaradıcılıq xərclərini dövlətin üzərinə götürməsi təklif olunur

13:12 16 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 13:04 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda dövlət tərəfindən doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərin ödənilməsinə uzunmüddətli, güzəştli kredit ayıracaq, eyni zamanda elmi-tədqiqat işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi üçün qrantlar ayıracaq, elmi yaradıcılıqla bağlı ayrıca uzun müddətli məzuniyyətlər veriləcək, elmi işçilər üçün əlavə sosial təminatlar müəyyən ediləcək.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanan “Elm haqqında” qanun layihəsinin 38.11, 38. 12 və 38. 13 – cü maddələrində əks olunub.

 

Qanun layihəsinin 38.11-ci maddəsində deyilir ki, “Dövlət doktorantların təhsil haqlarının və təhsillə bağlı digər xərclərinin ödənilməsinə uzunmüddətli və güzəştli kreditlər verilməsini, elmi-tədqiqat, təcrübə-sınaq işlərinin aparılması, doktorantura proqramlarının maliyyələşdirilməsi, ixtisasartırma, yenidənhazırlama, təcrübə keçmə, beynəlxalq təcrübənin öyrənilməsi və digər məqsədlər üçün qrantlar ayrılmasını təmin edir”.

 

Maddə 38.12-də bildirilir ki, “Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və mütəxəssislərə 1 (bir) il müddətinə qədər elmi-yaradıcılıq məzuniyyəti verilir”.

 

Maddə 38.13-də isə göstərilir ki, “Elmi müəssisə və təşkilatlar öz sərəncamında olan vəsaitlər hesabına elmi və digər işçilər üçün əlavə sosial təminatlar (tibbi xidmət, istirahət və sair) hüququnu müəyyən edir”.

 

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılması gözlənilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR