Bakının şəfəqi: Putin Paşinyanı rədd edib Əliyevlə görüşə tələsdi

Bakının şəfəqi: Putin Paşinyanı rədd edib Əliyevlə görüşə tələsdi
15:23 3 Oktyabr 2019
242 Digər
Ölkə mətbuatı
A- A+

“Putin İrəvandan Əliyevlə görüşə tələsdi və Bakı-Moskva münasibətlərinin təcrübəsi fonunda onun Ermənistandakı Avrasiya İqtisadi İttifaqının sammitinin gedişi haqda Azərbaycan Prezidentinə məlumat verəcəyi istisna deyil”.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında iştirak edir və səfər çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə təkbətək görüşü keçiriləcək. İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində yaşananlar, Ermənistanın baş naziri Nikol Paşinyanın ev sahibi olsa da üzv dövlətlərinin liderləri tərəfindən saymazyana münasibətlə qarşılaşması və Ermənistan mediasının “Putin Əliyevlə görüşə tələsir” şərhi regionda Bakının siyasi çəkisinin təzahürüdür.

Paşinyan Putini qucaqlamağa çalışır, Rusiya lideri Əliyevlə görüşə tələsir. Avrasiya İqtisadi İttifaqının İrəvan sammiti və “Valday” klubunun iclası arasındakı siyasi mənzərə belədir.

Nikol Paşinyan İrəvan sammitindən öncə ABŞ səfərində fiaskoya uğradı. Səfərdən öncə prezident Donald Trampla görüş üzərindən təbliğat kampaniyası qurulsa da, pafos dolu şar Nikolun Nyu-Yorkda hava limanından enərkən partladı. Onun qarşılanma mərasimi həqiqətən də bərbad idi, xüsusilə heç bir yüksək çinli rəsmi şəxs tərəfindən qəbul edilməməsi erməni baş naziri üçün “soyuq duş” effekti oldu. Tramp isə Paşinyanı ümumiyyətlə, yaxına buraxmadı və Nikol ABŞ prezidenti ilə çəkdirdiyi protokol fotosunu böyük qazanc olaraq qəbul etdi. Okeanın o tayından qayıdan Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitinə bel bağlayır və Putinlə təkbətək görüşəcəyinə ümid edirdi. Lakin Putin də görüş təklifini rədd etdi. “168 jam” saytı yazırdı ki, Rusiya prezidenti İrəvanda bir neçə saat qalmağı, tədbir başa çatandan sonra geri qayıtmağı planlaşdırır. Proqrama Paşinyanla görüş salınmamışdı.

“Ermənistan tərəfi ikitərəfli görüş üçün xahiş etsə də, Rusiya tərəfi baş nazir Nikol Paşinyanla görüşdən hələ ki imtina edib”, - məlumatda deyilirdi.

Halbuki, Ermənistan Avrasiya İqtisadi İttifaqının zirvə toplantısına ev sahibliyi edirdi və protokol qaydalarına görə, baş nazir sammitdə iştirak edən liderlərlə ayrı-ayrılıqda görüş keçirir, bir çox hallarda geniş tərkibdə görüşlər baş tutur, ikitərəfli münasibətlər müzakirə olunur, müqavilələr imzalanır. Dəfələrlə beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycanın nümunəsi bunu təsdiq edir. Prezident İlham Əliyev adətən belə tədbirlərdə digər ölkə rəhbərləri ilə görüşür, müzakirələr aparır, müqavilələr imzalayır.

Əslində Nikol Paşinyan da protokol qaydalarına ümid edirdi, lakin Putin öncədən onunla görüşməyəcəyini bildirdi. Bu, Rusiya prezidentinin Ermənistana gedib, onun rəhbərini qəbul etməməsi deməkdir. Paşinyan öz evində yalnız son anda Putinin qəbuluna düşə bildi. Sammitin sonunda Ermənistan baş naziri ilə Rusiya prezidentinin görüşü keçirildi. Ermənistan mediası yazır ki, rəsmi İrəvan bu görüşün baş tutması üçün dəridən-qabıqdan çıxıb, dəfələrlə Moskvaya xahiş zəngləri edilib.

Rusiya liderinin eyni ittifaqlarda təmsil olunduqları Ermənistanın baş nazirinə soyuq münasibətinin səbəbi Nikol Paşinyanın apardığı etibarsız siyasət, dünyada və regionda mövcud reallıqlardan xəbərsiz olması, yaxud şərtləri nəzərə almaması, bütün fəaliyyətinin populizmdən başqa bir şey olmamasıdır. Erməni ekspertləri də etiraf edirlər ki, Nikolun “uşaq hərəkətləri” ölkənin dünyadakı nüfuzunu alt-üst edib.

Rusiya prezidenti İrəvanı tərk edərkən, Paşinyanın onu hava limanına qədər ötürməsi və sağollaşarkən qucaqlamağa çalışması, Putinin də verdiyi reaksiya erməni baş nazirin həqiqətən də “saqqallı uşaq” olduğunu təsdiqləyir. Və göründüyü kimi, Putin bu “saqqallı uşağa” vaxt sərf etmək niyyətində deyildi.

“O, Azərbaycan lideri İlham Əliyevlə görüşə tələsirdi”, - Ermənistanın “lragir” saytı belə yazır.

Çünki Azərbaycan lideri regionun gələcəyini müəyyənləşdirən, dünyanın siyasi-iqtisadi prosesinə yönə verə bilən siyasətçidir və onun siyasi manevrləri bu gün Azərbaycanı bölgədə söz sahibinə çevirib. Rusiya prezidentinin İrəvandan Paşinyanı hava limanında qoyub Azərbaycan lideri ilə görüşə tələsməsi təsadüfi deyil. Əgər məsələ böglənin gələcəyidirsə, bunu yalnız İlham Əliyevlə müzakirə etmək olar.

Prezident İlham Əliyevin dünyanın məşhur “beyin mərkəzləri”ndən biri olan “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında dəvət olunması da bu kontekstdə diqqət çəkir.

“Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılıb. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilib. Elə klub adını da buradan götürüb. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilmiş klub öz tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir. İndiyədək Klubun işinə 74 ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, o cümlədən Harvard, Kolumbiya, Corctaun, Stenford, Karlton, Sarbonna, London, Qahirə, Tehran, Tokio, Təl-Əviv və digər universitetlərin tanınmış professorları qatılıb. Finlandiya, Çexiya, Avstriya, Fransa, İtaliya, İran, CAR və digər ölkələrin prezidentləri və baş nazirləri “Valday” klubunun qonağı olublar. Rusiya Prezidenti Vladimir Putin Klub yarandığı vaxtdan hər il diskussiyaların iştirakçıları ilə görüşür və ətraflı fikir mübadiləsi aparır. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar. Hazırda keçirilən tədbir də bir neçə ölkənin rəhbəri iştirak edir. Başlıca məqsədlərindən biri dünya sisteminin böhrandan çıxarılmasına dair qərarlar qəbul etmək üçün intellektual elitanın bir araya gətirilməsi olan Klub beynəlxalq münasibətlər, qlobal siyasət, iqtisadiyyat, təhlükəsizlik, energetika, sosiologiya və digər sahələrdə aparıcı ekspertlərlə əməkdaşlıq edir. Klub Asiya, Yaxın Şərq, Avratlantika dialoqları kimi regional konfranslar da təşkil edir.

Bu gün Klubun Soçidə keçirilən iclası “Şərqin şəfəqi və dünyanın siyasi quruluşu” mövzusuna həsr olunub. Dörd gün davam edən iclasın zirvəsi oktyabrın 3-dəki müzakirələr hesab olunur. İclasın təşkilatçıları hesab edirlər ki, bu gün dünya siyasətində fundamental dəyişikliklər narahatlıq doğurur və əsas faktor təkcə güc balansının yerdəyişməsi, yaxud maliyyə axını və iqtisadi imkanların yenidən paylaşdırılması yox, həm də beynəlxalq səhnədə aparıcı rol oynayan ölkələrdir. Rusiyada düşünürlər ki, dünyada siyasi proseslərin vektoru Qərbdən Şərqə keçir və belə bir iclasda Azərbaycan liderinin iştirakçı qaçılmaz zərurətdir. Prezident İlham Əliyev Soçidə rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli görüş keçirəcək, həmçinin, iclasda iştirak edən digər ölkələrin liderləri ilə də görüşlər nəzərdə tutulur.

Putinin İrəvana gedişi, ardınca Soçidə Azərbaycan lideri ilə görüşü əslində regionda yeni proseslərin başlanğıcıdır və bu proseslərdə Bakı əsas faktorlardan biridir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/292041.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR