Mixail Saakaşvili Gürcüstanda islahatlarin “Varşava plani”ni təqdim edib

Mixail Saakaşvili Gürcüstanda islahatlarin “Varşava plani”ni təqdim edib
21:27 5 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bu gün video çarx yayımlayıb. O, həmin çarxda Gürcüstanda konkret islahatların "Varşava planı"nı təqdim edib. Nəzərdə tutulan islahatlar ölkəni uğurlu Avropa dövlətinə çevirməlidir.

Saakaşvilinin şəxsi "Facebook" səhifəsində yerləşdirilən videoçarx Polşanın paytaxtında lentə alınıb. O, çıxışının giriş hissəsində göydələnləri nümayiş etdirir və bunu Polşanın "heyrətləndirici inkişafının" nümunəsi adlandırır. Sabiq prezident bildirir ki, Varşavadakı bu binalar "yeddi il əvvəl - məhz Gürcüstanın öz inkişafını dayandırdığı bir vaxtda inşa edilib". "Bu gün minlərlə gürcü vətəndaşı çörək pulu dalınca Polşaya gəlir. Onların geri qayıtmaq fikri yoxdur. Bu vəziyyəti tezliklə dəyişmək lazımdır", - deyə o qeyd edib. Bu barədə "Novosti Qruziya" portalı xəbər verir.

Milli.Az xpressa.net-ə istinadən bildirir ki, səlahiyyət müddəti başa çatdıqdan sonra Gürcüstanı tərk edən və gürcü vətəndaşlığından məhrum edilən eks-prezident ölkənin ən böyük müxalifət partiyası - "Vahid Milli Hərəkat"ın lideri kimi fəaliyyətini davam etdirir. O, uğurlu inkişaf üçün Gürcüstana lazım olan islahatları səsləndirib:

1. Vergi sisteminin dəyişdirilməsi. "Gürcüstan Avropada yalnız bir verginin - əlavə dəyər vergisinin qüvvədə olduğu yeganə ölkə olacaq. Gəlir vergisi, dividend vergisi, mənfəət vergisi tədricən ləğv ediləcək", - deyə Saakaşvili bildirib.

2. Avropada ən kiçik hökumət - bu hökumətin xərcləri ÜDM-nin 20%-dən çox olmamalıdır. Onun sözlərinə görə, bu, tamamilə servisə, əhalinin xidmətinə yönəlmiş hökumət olmalıdır. "Biz demək olar bu prinsipi yaddan çıxarmışıq, lakin hökumətin mahiyyəti məhz budur. Gürcüstanda da belə olacaq. Eyni zamanda, bu, Avropada ən texnoloji hökumət olacaq. Bu gün məmurların əmək haqlarına ayrılan həmin iki milyard lari bölüşdürüləcək. Siz özünüz mobil telefonlarınızla səsvermə vasitəsilə buna qərar verəcəksiniz. "Smartfonda hökumət" - bizim yeni prinsipimiz olacaq və bizdə alınacaq", - deyə keçmiş prezidnet qeyd edib.

3. İlkin tibbi yardım sisteminin inkişafı və sosial müavinətlərin artırılması. - "Ən azı 2 milyon vətəndaş pulsuz müayinədən keçəcək, sosial yardım isə məmurların xərclərinin azalması hesabına üç dəfə artacaq".

4. Gürcüstanda ilk dərinsulu liman və Lazika şəhər layihəsinin bərpa edilməsi. "Layihə Gürcüstanın gələcəyinin ən parlaq simvolu olsa da, hal-hazırda dayandırılıb. İş yerləri, yüksək əmək haqları, Britaniya hüquq sistemi və bütün valyuta dövriyyələri ilə azad şəhər inşa ediləcək".

5. Təhsil.  "Bütün məktəblərdə Avropa standartları tətbiq ediləcək, minimal əmək haqqı 1500 lari (təxminən 500 dollar) olacaq". Beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmaq üçün Gürcüstan vətəndaşlarının ingilis dilini öyrənmək imkanı olacaq.

6. Həbsxana sistemi. "Həbsxanaların çoxu bağlanmalıdır. Yüngül və iqtisadi cinayətlərin hamısı, hətta ağır cinayətlərin bir qismi həbsxana sanksiyaları ilə cəzalandırılmamalıdır. Müasir texnologiyalar azadlığın məhdudlaşdırılması ilə bağlı çoxlu alternativ metoddan istifadə imkanı verir. Həbsxanalara yalnız qatillər, quldurlar, pedofillər və çox az sayda cinayətkar düşəcək", - Saakaşvili bu fikirdədir.

Bu zaman Gürcüstan müxalifətinin lideri islahatların uğurlu olması üçün siyasətdə yeni simalara ehtiyacın olduğunu düşünür: "Bütün bunları kim etməlidir? Köhnə vəzifəli şəxslərdən heç biri öz kabinetinə geri qayıtmamalıdır. Hüquq mühafizəçilərindən heç biri bu sistemə yaxın düşməməlidir. Başqa sahələrə də aiddir. Gürcüstanda tamamilə yeni nəsil yetişib. Yaxşı təhsil səviyyəsi olan, müasir texnologiyalardan istifadə edə bilən bu nəsil konteksti başa düşür, ölkəyə nələrin lazım olduğunu bilir. Onların yeni ideyaları var. Onlarla birlikdə Avropada ən uğurlu hökuməti yaradacağıq".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR