Dünyanın ən bahalı avtomobilləri sırasında yer alan Ferrari, Lamborghini, Porsche və Rolls-Royce kimi markaların bəzi modelləri sahibləri tərəfindən tərk edilərək illərlə baxımsız vəziyyətdə qalıb. Xüsusilə Dubayda lentə alınan görüntülər milyonlarla dollar dəyərində olan avtomobillərin səhrada və açıq dayanacaqlarda toz-torpaq içində qalmasını üzə çıxarıb.b
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tərk edilmiş lüks avtomobillərin yaranma səbəbləri müxtəlifdir. Bəzi hallarda sahiblərinin maliyyə çətinlikləri və borcları, digər hallarda isə hüquqi araşdırmalar və məhkəmə prosesləri avtomobillərin istifadəsiz qalmasına səbəb olub.
Dubayda diqqət çəkən nümunələrdən biri təxminən 1 milyon dollar dəyərində olduğu bildirilən Ferrari Enzo modelidir. Avtomobilin hüquqi araşdırma çərçivəsində polis tərəfindən mühafizəyə götürüldüyü qeyd olunur.
Baxımsız vəziyyətdə görüntülənən avtomobillər arasında dünyanın ən tanınmış markalarının modelləri də var:
Ferrari Enzo - təxminən 1 milyon dollar dəyərində olduğu bildirilən nadir superkar.
Lamborghini Gallardo - toz-torpaq içində qalan İtaliya istehsalı idman avtomobili.
Porsche 911 - performansı ilə tanınan, lakin bəzi nümunələri istifadəsiz qalan model.
Bentley Continental Flying Spur - dəbdəbəli sedan sinfinin diqqətçəkən nümayəndəsi.
Maserati GranTurismo - İtaliya istehsalı idman avtomobili.
Jaguar XJ220 - nadir rast gəlinən Britaniya superkarı.
Mercedes-Benz SL65 AMG - güclü mühərriki ilə seçilən lüks model.
Ferrari 360 - tərk edilmiş avtomobillər arasında görüntülənən digər Ferrari modeli.
Sərvətin simvolundan unudulmuş avtomobilə
Bu görüntülər avtomobil dünyasının ən maraqlı ziddiyyətlərindən birini ortaya qoyur. Bir çox insanın sahib olmaq üçün illərlə çalışdığı, milyonlarla dollar dəyərindəki avtomobillər bəzi hallarda sahibləri üçün belə əhəmiyyətini itirərək çürüməyə məhkum olur.