Vyetnamın sabiq Prezidenti Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyi qeyd olunub

Vyetnamın sabiq Prezidenti Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyi qeyd olunub
19:47 25 Oktyabr 2019
453 Digər
Ölkə mətbuatı
A- A+

Vyetnamın sabiq Prezidenti Xo Şi Minin Azərbaycana səfərinin 60 illiyinə həsr olunmuş tədbir keçirilib.
"Report xəbər verir ki, tədbirdə Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının vitse-prezidenti xanım Danq Thi Nqok Thinh, Vyetnamın Xarici İşlər Nazirinin müavini Nquyen Quoc Dunq, Vyetnamın Azərbaycandaki səfiri Nqo Duc Manh, Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov, vaxtilə Vyetnamda çalışan Azərbaycan mütəxəssisləri və ölkəmizin təhsil ocaqlarının vyetnamlı məzunlarına dərs keçən müəllimlərimiz iştirak ediblər.
Vyetnamın vitse-prezidenti xanım Thi Nqok Thinh, Azərbaycanın Energetika nazirinin müavini Elnur Sultanov, Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə və Vyetnam Milli Assambleyasının (Parlament) deputatı, Azərbaycan-Vyetnam Dostluq Assosiasiyasının Sədri Nqiem Vu Xay çıxış edərək, Azərbaycan ilə Vyetnamın malik olduğu yaxın dostluq münasibətlərinin zəngin tarixi keçmişə əsaslandığını xüsusi vurğulayıblar. Bu baxımdan həmin əlaqələrin möhkəm təməlinin Vyetnamın sabiq Prezidenti Xo Şi Minin 1959-cu ildə ölkəmizə və müasir Azərbaycan dövlətinin banisi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərləri ilə qoyulduğunu bildiriblər.
Natiqlər, həmçinin münasibətlərimizin hazırkı sürətli inkişafından bəhs edərək, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfərinin ikitərəfli əlaqələrin tarixində yeni səhifə açdığını, Vyetnam Prezidenti Çıonq Tan Şanqın 2015-ci ildə Azərbaycana rəsmi səfərinin isə iki ölkə arasındakı çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinə güclü təkan verdiyini qeyd ediblər. Natiqlər hökumət, parlament və partiyalar arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyindən məmnunluqlarını ifadə edərək, son illərdə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının iclaslarının, habelə Azərbaycan-Vyetnam dostluq və biznes forumlarının müntəzəm olaraq hər iki ölkədə uğurla keçirildiyini söyləyiblər. Bu nöqteyi-nəzərdən natiqlər sadalananların dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafına böyük töhfə verdiyini xüsusi vurğulayıblar.
Qeyd etmək lazımdır ki, Vyetnam nümayəndə heyətinin rəsmiləri xalqımızın müharibə dövründə və sonrakı zamanda Vyetnama verdiyi böyük dəstəkdən, o cümlədən mütəxəssislərimizin Vyetnamdakı fəaliyyətindən, xüsusın də Vyetnamın neft-qaz sənayesinin yaradılmasındakı əvəzsiz rolundan geniş bəhs edərək, həmin şəxslərin Azərbaycan təhsil ocaqlarının minlərlə vyetnamlı məzunları ilə bərabər Vyetnamın müharibədən sonraki bərpası və hazırki hərtərəfli inkişafında yaxından iştirak etdiyini deyiblər. Bu xüsusda xanım vitse-prezident Azərbaycanın bütün təmənnasız və nəcib yardımını yüksək qiymətləndirərək, bu köməyin Vyetnam xalqının yaddaşında əbədi həkk olunduğunu bildirib, buna görə Vyetnam hökuməti və xalqı adından Azərbaycan hökuməti və xalqına dərin təşəkkürünü izhar edib.
Xoşbəxt Yusifzadə və digər toplantı iştirakçıları Vyetnamdakı fəaliyyətləri barədə danışıblar.






Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/vyetnamin-sabiq-prezidenti-xo-si-minin-azerbaycana-seferinin-60-illiyi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR