Danimarka Nigeriyada terrordan zərər çəkənlərə yardım edəcək

17:13 16 Yanvar 2015
94 Dünya
Ölkə mətbuatı
A- A+


Stokholm, 16 yanvar, AzərTAc
Danimarka Nigeriyada terror aktlarından zərər çəkənlərə yardım edəcək.
Danimarkanın inkişaf naziri Mogens Yensen açıqlayıb ki, dövlət Nigeriyada “Boko haram” terror təşkilatının hücumlarından zərər çəkənlərə kömək edən insan hüquqları təşkilatlarına 12 milyon 500 min Danimarka kronu (2 milyon dollar) ianə edəcək.
Nazir deyib: “Təəssüf ki, biz bu günlərdə ekstremizmin müxtəlif növlərini görürük və onların sırasında “Boko haram” ən dəhşətlilərindən biridir. Bugün dünya ictimaiyyətinin diqqəti özünü “İraq və Şam İslam Dövləti” adlandıran terrorçu qruplaşmaya, Parisdə və Yaxın Şərqdəki terrora yönəlib. Lakin biz Şimali Nigeriyada və onunla qonşu olan Kamerun, Çad, Niger kimi ölkələrdə nə baş verdiyini də unutmamalıyıq”.
Ayrılan məbləğdən 6,2 milyon kron Beynəlxalq Qırmızı Xaç Komitəsinin şimal-şərqi Nigeriyada xüsusi hesabına köçürüləcək. Eyni vaxtda 6 milyon 300 min kron BMT-nin Qaçqınların işi üzrə Agentliyinin hesabına yönəldiləcək.
Xatırladaq ki, son həftələr “Boko haram terror” təşkilatının döyüşçüləri Nigeriyanın bir sıra kəndlərinə hücum edib, onlardan ikisini tamamilə dağıdıblar. “Amnesty International” təşkilatı bu hücumlar vaxtı 2000-dən çox adamın öldürüldüyünü bildirib.
Rauf Əliyev
AzərTAc-ın xüsusi müxbiri
Stokholm

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR