İtaliyada 27:0-a görə baş məşqçini qovdular, bəs Azərbaycanda?

İtaliyada 27:0-a görə baş məşqçini qovdular, bəs Azərbaycanda?
13:27 10 Dekabr 2019
103 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ay İtaliyanın uşaq futbolunda qeyri-adi hadisə baş verdi. Yeniyetmələrdən ibarət "İnviktasauro" komandasının baş məşqçisi Massimiliano Riççini "Marina Kalço" üzərində 27:0 hesablı qələbə qazandıqları görüşdən sonra istefaya göndərildi. Qərara səbəb kimi rəqibə hörmətsizlik göstərildi. Klub prezidenti Paolo Brogelli bu cür hesabla qalib gəldiklərini eşitdikdən sonra təsirləndiklərini açıqladı: "Dərin təəssüf hissi ilə bildiririk ki, bu, uşaq futbolunun dəyərlərinə tam ziddir. Rəqibə həmişə hörmətlə yanaşmaq lazımdır. Amma bu, bizim oyunda olmadı".
"Marina Kalço"dan dönə-dönə üzr istəyən Brogelli klub rəhbərliyi olaraq, yekdilliklə Riççinini istefaya göndərdiklərini bəyan etdi: "Məşqçilərimiz təkcə gənc futbolçuları məşq etdirməməli, həm də ilk növbədə, onlara tərbiyə verməlidirlər. Bunu "Marina Kalço" ilə oyunda görmədik".
Öz növbəsində, Riççini yazdığı açıq məktubda rəqibə hörmətsizlik etdiklərinə dair ittihamları rədd etdi: "Hələ ilk 10 dəqiqə ərzində bir neçə qol vurmuşduq. Soyuq və yağışlı havada qalan 80 dəqiqəni oynamamağı rəqibdən xahiş etmək çox alçaldıcı addım olardı. Heç bir əsəbsiz, qayda pozuntusuz və sarı vərəqələrsiz çıxış edirdik. Yaranmış vəziyyətdə rəqib həmkarıma kömək təklif etsəm də, o, oyunu davam etdirməyimizi istədi. İdmandankənar hərəkət "Marino Kalço"ya qarşı kobud oynamaq, alçaldıcı sözlər demək, rəqibin bir neçə qol vurmasına bilərəkdən şərait yaratmaq olardı”.

Nail Kərimov: "Rəqib komandaların məşqçiləri bizə dəfələrlə müraciət ediblər ki, çox qol vurmayın"
Azərbaycanın uşaq futbolunda da böyük hesablı qələbələrə rast gəlinir. Xüsusən, “Qəbələ” Futbol Akademiyasının ayrı-ayrı yaş qruplarından ibarət komandaları rəqibləri üzərində ciddi fərqlə qalib gəlirlər. Bəs görəsən, belə hallarda onlar necə davranırlar?
Akademiyanın direktor müavini Nail Kərimov "İnviktasauro" rəhbərliyinin qərarını dəstəkləmədiklərini bildirdi: “İtaliya klubu rəsmilərinin mövqeyi bizim fikirlərlə üst-üstə düşmür. Biz fərqli davranırıq. Əksinə, hansısa məşqçimizin rəqib komanda ilə danışığa getməsinin, uşaqlara rəqib komandaya daha az qol vurmalarına dair tapşırıq verməsinin əleyhinəyik. Hesab edirik ki, komandalar bacardıqları qədər oynamalıdırlar. Bu, idman prinsipidir. İdmanda hər hansı güzəşt qəbulolunmazdır. Uşaqları buna alışdırmaq, öyrətmək düzgün deyil. Əks halda, bu addım gələcəkdə danışılmış oyunlaradək apara bilər. Ona görə də həmişə idman prinsipləri çərçivəsində hərəkət edirik”.
Akademiya komandalarının indiyədək nəinki 27:0, hətta 33:0 hesablı qələbə qazandıqlarını xatırladan Kərimov bunun rəqib üçün xoş mənzərə olmadığını etiraf etdi. Lakin onun sözlərinə görə, belə halların qarşısını almaqdan ötrü yarış təşkilatçıları planlaşdırma aparmalıdırlar: “Təbii ki, ağır məğlubiyyətlər rəqib futbolçuların psixologiyasına zərbədir. Yaxşı olardı ki, belə böyük hesablı nəticələrin qeydə alınmamasından ötrü təşkilatçılar planlaşdırma aparsınlar. Yəni, hesabın bu cür həddə çatmaması üçün bir-biriləri ilə bərabər səviyyəli komandaları oynatmaq daha məqsədəuyğun olardı”.

O ki qaldı rəqibə hörmət məsələsinə, Futbol Akademiyasının rəsmisi UEFA-nın əsas şüarlarından biri olan "Respect"ə əməl etdiklərini vurğuladı: “Akademiyamızın prinsiplərində öz komanda yoldaşlarına, rəqibə, hakimə, azarkeşlərə hörmətlə yanaşılması nəzərdə tutulur. Bu hörmət fair-play qaydaları, böyük hesablı nəticələr qeydə alınarsa, rəqibi aşağılamamaq, əksinə, ona dəstək olmaqdır. Amma komandaya hər hansı göstəriş vermək bir qədər düzgün çıxmır. Hətta oyuna ikinci heyətin futbolçularını daxil edirsənsə, onlar da eyni tempdə davam edirlər. Maksimum edə biləcəyimiz - əsas heyətin yerinə ikinci heyəti daxil etmək ola bilər. Lakin heç bir halda heç bir futbolçuya deyilə bilməz ki, top saxlayın, qol vurmayın və s. Bizə rəqib komandaların məşqçiləri dəfələrlə müraciət ediblər ki, çox vurmayın, hesabı böyütməyin. Amma məşqçilərimiz Akademiya rəhbərliyinin belə danışıqlara getməyi qadağan etdiyini və əks halda, ağır cəzanın olacağını bildiriblər”.
Kərimov eyni məntiqlə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançininin də Avropa çempionatının seçmə oyununda Ermənistan yığmasına 9:1 hesabı ilə qalib gəlmələri səbəbindən qovulmalı olduğunu dilə gətirdi: "Görünür, "İnviktasauro" rəhbərliyinin qərarı nəyəsə əsaslanır, buna da bir söz deyə bilmərik. Amma eyni məntiqlə götürsək, gərək, əsas millinin baş məşqçisi Roberto Mançinini də istefaya göndərsinlər ki, ermənilərə 9 top vuraraq yola salıb. Belə çıxır ki, onlar erməni futbolçuların psixologiyası ilə oynamaqla düz etməyiblər. Yəni, 27:0 hesablı qələbəyə görə baş məşqçinin kənarlaşdırılmasının bizə heç bir aidiyyatı yoxdur və öz yanaşma tərzimiz belədir”.
Hakan Sünal: “Məşqçilərimizə demişəm ki, 0:27 hesabı ilə yenilsək belə, heç kimi qovmayacağam"
Bu ildən “Sumqayıt” Futbol Akademiyasına rəhbərlik edən Hakan Sünal böyük hesablı nəticəyə görə nəinki udan, hətta uduzan komandanın baş məşqçisini qovmağı düzgün saymadığını bildirdi. Uzun müddət Almaniyanın müxtəlif uşaq komandalarında çalışmış əslən türkiyəli mütəxəssis məğlubiyyəti analiz edərək, dərs çıxarmağın daha məqsədəuyğun olduğunu vurğuladı: “Məşqçilərimizə demişəm ki, 0:27 hesabı ilə yenilsək belə, heç kimi qovmayacağam. Normalda belə nəticədən sonra uduzan komandanın baş məşqçisini istefaya göndərmək lazımdır. Amma yaxşı analiz aparsalar, bu cür hesablı oyundan uşaq futbolçular da, baş məşqçi də çox şey öyrənə bilər. Ümumi fikrim belədir ki, uşaq futbolunda nəticə önəmli deyil. Bunu həm uduzana, həm də udana öyrətmək lazımdır. Əlbəttə, centlmenlikdən kənar hərəkətlər olarsa, məsələn, 10:0-dan sonra özlərindən çıxıb dalaşmağa başlayarlarsa, baş məşqçi futbolçularından israrla daha çox qol vurmalarını tələb edərsə, rəhbərlik bu cür düşünə bilər. Amma uşaqlar normal futbol oynayaraq böyük hesabla udub-uduzarsa, hər iki tərəf bu nəticədən çox şey öyrənər. Udan tərəf necə qol imkanları yaratdığını, uduzanlar isə səhvlərini və zəif nöqtələrini görəcək. Uşaq futbolunda nəticə heç vaxt önəmli olmamalıdır”.

Sünal hazırkı iş yerində qarşılaşdığı olaydan misal da çəkdi: “U-12 komandamız ardıcıl 4 oyunundan 0:11 hesablı məğlubiyyətlə ayrılmışdı. Baş məşqçimizin istefa vermək istədiyinə dair söz-söhbətlər eşitdim. Ona "Öncə mənim yanıma qorxmadan gəl. 0:11 hesablı məğlubiyyət qorxunc deyil" dedim. Gəldi, oturdu, baş məşqçimizdən matçın analizini aparmasını istədim. Yəni, yalnız nəticəyə baxmaq yox, detallarına girmək lazımdır. 0:11-dən çox şey öyrənmək olar. Beləliklə, atletik və texniki baxımdan zəif tərəflərin analizini apardıq. Ondan sonra baş məşqçimiz komandada hansı çatışmazlığın olduğunu və nələr üzərində işləməsinin gərəkliyini anladı. Böyük hesablı məğlubiyyətlər hər tur təkrarlanırsa, deməli, ünsiyyət problemi var. Ya baş məşqçi istədiklərini uşaqlara çatdıra bilmir, ya da uşaqlar baş məşqçidən qorxurlar. Psixoloji, sosial və pedaqoji davranışlar tam başqa mövzudur. Sırf futbolu düşünsək, uşaq futbolunda belə nəticə önəmli deyil”.
Akademiya rəhbərinin sözlərinə görə, Almaniyada da böyük akademiya komandaları regional liqaların oyunlarında bütün rəqiblərinə 20 qol vururlar. O, belə halları futbolda mümkün hesab etdiyini bildirdi: “Hətta əsas komandaların oyunlarında da bu cür nəticələr mümkündür. Yetər ki, hər tur olmasın. Əks halda, o rəhbərlik haqlı sayıla bilər. 27:0-dan sonra baş məşqçi də, futbolçular da sakitdirlərsə, fair-play prinsiplərinə zidd hərəkətə yol verməyiblərsə, rəqibi aşağılamayıblarsa, öz oyunlarını sərgiləyiblərsə, nəinki 27, hətta 30-dan çox qol vurmaq olar. Uşaq yaşlarında futbolçuları danışılmış oyunlara getməyə öyrədə, "Bu matç 5:0 yox, 3:0 hesabı ilə bitsin" deyə bilmərəm. Elə yaş dövründə belə sözlər uşaqların psixologiyasına təsir edə bilər. Nə qədər vururlarsa-vursunlar, onları dayandırmaq istəmərəm. O başqa məsələ ki, hesabın böyüdüyünü gördükdə ehtiyatdakı futbolçularımı oynadaram. Hətta ikinci hissədə qapıçımı çıxararaq, yerinə meydan oyunçusu da buraxa bilərəm. Amma istənilən halda, bu, İtaliya futbolu adına yaxşı xəbər deyil”.



AFFA rəsmisi: "Azərbaycan çempionatında da belə hesablarla qarşılaşırıq"
Uşaq və Gənclər Liqaları üzrə Yarışların Təşkili şöbəsinin rəhbəri Yusif Vəliyev isə bildirdi ki, belə nəticələrə təkcə İtaliyada deyil, bütün ölkələrin uşaq futbolunda rast gəlinir. O, əsas səbəbi də açıqladı: “Düzdür, həmişə hesab bu qədər böyümür, amma qapıya 10-dan çox topun vurulduğu oyunlar olur. Azərbaycan çempionatında da belə hesablarla qarşılaşırıq. Bunun əsas səbəblərindən biri budur ki, uşaqlar arasında güc fərqi daha çox sezilir. Bir komandanın daha çox, digərinin daha az məşq etməsi, bir komandanın daha güclü oyunçuları heyətinə cəlb etməsi, digərinin isə ciddi hazırlıq keçməyən rayon uşaqlarından yığılması özünü uşaqlar arasındakı güc nisbətinin daha böyük olmasında göstərir”.
Vəliyevin sözlərinə görə, AFFA hər zaman komandaları nəticələrə önəm verməməyə, daha çox oyun keyfiyyətini artırmağa səsləyir: “Hər zaman bunun təbliğatının aparır, bütün komandalarla görüşlərimizdə daim vurğulayır, həm xahiş, həm də tələb edirik ki, nəticə üçün deyil, gözəl oynamağa çalışsınlar. Amma istənilən halda bu, klubun daxili məsələsi olur. Bəzən klub ona nəticənin lazım olmadığını deyir və digər futbolçularına da şans verməklə, hamının oynamasına şərait yaradır. Bəzi komandalar isə nəticə tələb edir. Bu zaman böyük hesablı məğlubiyyət uşaq komandalarında psixoloji sarsıntı yarada bilər. Baş məşqçidən "Niyə oyun keyfiyyətini yüksəltməyi yox, belə böyük hesablı qələbəni üstün tutdunuz?" deyə soruşduqda "Oyunçularımıza daha az qol vurmalarını tapşırsaq, düzgün çıxmaz" cavabını verirlər. İstənilən halda, uşaq futbolunda komandaların nəticəyə köklənmələrinin tərəfdarı deyilik. Mövqeyimiz belədir ki, komandalar bütün futbolçularına şans verərək, onların oynamalarına şərait yaratsınlar”. 
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-taliyada-27-0-a-gore-bas-mesqcini-qovdular-bes-azerbaycanda-rey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR