Müsəlmanlara mənsub, lakin başqalarına aid edilən elmi kəşflər

Müsəlmanlara mənsub, lakin başqalarına aid edilən elmi kəşflər
19:17 19 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

İslam dini elm öyrənmək məsələsinə xüsusi diqqətlə yanaşır. Allah-Taala Qurani-Kərimdə bilikli insanları rəğbətlə vəsf edir: "De: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!" (Zumər, 9).

Müsəlmanlar bu tövsiyəyə əməl edərək, mükəmməl tədqiqatçı, ixtiraçı və mütəxəssis kimi tarix qarşısında özlərini sübut etmişlər. Lakin onların bəzi kəşfləri ya təsadüf üzündən, ya da qəsdən tamamilə başqa adamlara aid edilmişdir. Belə "tarixi yanlışlıqlardan" bəzilərini aşağıda diqqətinizə təqdim edirik.

Kompas

Milli.Az islam.az-a istinadən bildirir ki, kompasın 1302-ci ildə Amalfi şəhərindən olan Flavio Coyya adlı bir italıyalı tərəfinfən kəşf edildiyi qəbul olunub. Lakin bunu söyləyənlər unudurlar ki, tarixi sənədlərə əsasən, hələ 854-cü ildə ərəblər uzaq dəniz səyahətinə çıxarkən özləri ilə kompas götürmüşdülər. Böyük müsəlman kimyaçısı Cabir ibn Həyyan VIII əsrdə kompas vasitəsilə təcrübələr aparırdı, bunu tarixi salnamələr təsdiq edir. Kompasın Amalfili italıyalıya aid edilməsinin səbəbi bu ola bilər: Amalfi ərəblərlə ticarət əlaqələri qurmuş ilk şəhərlərdən biri idi və italiyalı Coyya bu ticarət əlaqələri zamanı kompas haqqında bilikləri ərəblərdən öyrənmiş ola bilərdi.

Barıt

Belə qəbul edilir ki, barıtı Bartold Şvarts adlı xristian rahibi 1359-cu ildə öz hücrəsində kəşf etmişdir. Amma məlumdur ki, xristianların ardıcıl hücumları, səlib yürüşləri müsəlmanları məcbur etmişdi ki, düşmənin silahlarını üstələyən, həmlələri dəf etməyə və əks-hücumlar həyata keçirməyə imkan verən yeni döyüş vasitələri yaratsınlar. Hələ 1325, 1331 və 1341-ci illərdə müsəlman ordusunda olan toplar xristian cəngavərləri dəhşətə salmışdı.

Avropalıların qorxu ilə "şeytan borusu" adlandırdıqları top cəngavər döyüşləri əsrinə son qoydu. Müsəlmanların ixtirası digər dövlətlər tərəfindən mənimsənildi. 1270-ci ildə monqol xanı Dəməşq və Bəəlbəkdən olan alimlərin əli ilə hazırlanmış və barıt vasitəsilə atış edən topları döyüşdə tətbiq etdi. Həsən əl-Ramma adlı alimin əsərlərində də barıtın və onun vasitəsilə atış edən silahların ixtirası, təkmilləşdirilməsi və quruluşu barədə məlumatlar öz əksini tapmışdır.

Qan damarlarının sarınması

Bu tibbi əməliyyatı fransız cərrahı Ambruzo Pareyə (1552-ci il) aid edirlər. Lakin bu əməliyyatı 600 il ondan qabaq əndəluslu böyük müsəlman cərrahı Əbülqasim (1013-cü ildə vəfat etmişdir) həyata keçirmişdir. Əbülqasim Qərb həkimlərinin müəllimi kimi tanınırdı, onun bilik və təcrübəsini çox zaman başqalarına mənsub edirdilər. Məhz Əbülqasim tərəfindən təklif edilmiş, ağır doğuş hallarında zahı qadının havadan asılı vəziyyətdə saxlanması üsulu ştutqartlı ginekoloq Valxerin adına yazılır. Əbülqasim tərəfindən diaqnozu verilmiş əzələ və fəqərə xəstəlikləri ingilis həkimi Persival Pottun adı ilə "Pott xəstəliyi" adlandırılır.

Qan dövranının kəşfi və təsviri

Bu elmi kəşf ispaniyalı Migel Servet (1553) və ingiltərəli Vilyam Harvi (1616) adlı alimlərə aid edilir. Lakin hələ 1260-1288-ci illərdə Qahirədəki Nasiriyyə xəstəxanasında çalışmış həkim İbn əl-Nəfis cərrahi yarma sayəsində qan dövranını kəşf etmiş və onun dəqiq təsvirini vermişdi. İspaniyalı Migel Servet isə 300 ildən sonra onun fikirlərini eyn sözlərlə təkrar etmişdir.

Minnezanq

Alman dilindən tərcüməsi "sevgi nəğməsi" deməkdir. Orta əsrlərdə gözəl qadına, Allaha və hakimə olan sevgi bu şeir növü vasitəsilə tərənnüm edilirdi. 1920-ci illərdə orta əsr poeziyasının bilicisi Konrad Burdax minnezanqın bəzi janrlarının müsəlman mənşəli olması barədə fərziyyə irəli sürdü. Bu fərziyyə elmi dairələrdə ciddi müqavimətlə qarşılansa da, bəzi mütəxəssislər Konradın sübutlarını qənaətbəxş hesab edirlər.

Tarix bu cür yanlışlıqlarla doludur, bunları yalnız ciddi, obyektiv və peşəkar araşdırma sayəsində aşkara çıxarmaq mümkündür. Müsəlmanlara aid edilən kəşflərin bərpa edilmiş az bir qismi belə, onların elm öyrənməyə və başqaları ilə bölüşməyə olan sevgisini və bu yolda qətiyyətini bariz şəkildə nümayiş etdirir. Biz də onların nümunəsinə və dinimizin təlimatına arxalanaraq, dünyanı yeni-yeni biliklərlə, elmi kəşf və ixtiralarla zənginləşdirməyə çalışmalı, vaxtımızı və imkanlarımızı əsirgəməmliyik. Bu yolda şüarımız və bələdçimiz isə Qurani-Kərimin "İlahi! Elmimi artır" (Taha, 114) ayəsi olmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/818202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR