AŞPA-nın Azərbaycana qarşı klassik qərəzi və görmək istəmədiyi reallıqlar

AŞPA-nın Azərbaycana qarşı klassik qərəzi və görmək istəmədiyi reallıqlar
19:13 6 Fevral 2020
68 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini davam etdirməkdədir.

Azərbaycanla bağlı qəbul edilən sonuncu qətnamə bir daha sübut etdi ki, AŞPA-nın gerçək məqsədi demokratiya, yaxud insan haqlarının qorunması yox, siyasi maraqlardır. Qətnamədə iddia olunur ki, Azərbaycanda siyasi məhbus mövcuddur, demokratik proseslərə əngəl törədilir.

Gerçəklikdən uzaq olan bu iddiaları mütəmadi şəkildə davam etdirən AŞPA digər ölkələrdəki real vəziyyətə göz yumur. Bunun konkret nümunələri var, xüsusilə işğalçı ölkədə son dövrlər baş verənlər demokratiya və insan haqlarının açıq şəkildə tapdandığını sübut edir.

Keçmiş prezident Robert Koçaryan Nikol Paşinyana qarşı çıxdığı üçün siyasi məqsədlərlə həbs olunub. Paşinyan digər rəqibi Serj Sarkisyanı zərəsizləşdirmək üçün istintaqa cəlb edib.

Paşinyan hakimiyyəti təkcə keçmiş prezidentlərə qarşı yox, özünə alternativ hesab etdiyi şəxsi və təşkilatı zərərsizləşdirir, istənilən tənqidi çıxışı beşiyində boğur.

Ötən ilin 26 yanvar tarixində “Erməni qartalları: Vahid Ermənistan” Partiyasının sədr müavini və “Haynews.am” saytının kordinatoru Mqer Yegizaryan İrəvanda “Nubaraşen” həbsxanasındakı kamerada iki aylıq aclıq aksiyasından sonra öldü. Yegizaryan 2018-ci ilin 5 dekabrında aclıq aksiyasına başlamışdı. Səbəb siyasi mövqeyinə görə Nikol Paşinyan hakimiyyəti tərəfindən “dələduzluq” ittihamı ilə həbs edilməsi və bütün şikayətlərinə rəğmən hüquqlarının təmin edilməməsi idi. Paşinyan siyasi opponentini cəzalandırırdı, çünki o, “inqilaba” dəstək verməmiş və rəhbəri olduğu saytda tənqidi məqalələr yayımlamışdı. Yegizaryanın aclıq aksiyasına başladığı 17 yanvar 2019-cu il tarixində Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmişdi, hərçənd, siyasi mövqeyinə görə həbs edilən, hüquqlarının təmin edilməsi üçün aclıq aksiyasına başlayan şəxs İrəvanda idi. Bu fakt Azərbaycana qarşı ikilistandartların tətbiq edildiyinin bariz nümunəsi idi.

Nikol Paşinyan faktiki olaraq siyasi opponentlərini və tənqidi medianı sıradan çıxarır. Ermənistan mediası inqilabdan sonra baş verənləri “Paşinyan ölkədə küçə diktaturası yaradıb” deyı şərh edir. Və bu real faktlara əsaslanan mənzərədir.

2018-ci il, 1 may: Ermənistan parlamenti baş nazirliyə namizəd olan Nikol Paşinyanı seçmədi. Bundan sonra o, tərəfdarlarını yenidən küçəyə çıxardı.

2018-ci il, 8 may: Ermənistan parlamentinin yeni baş nazirin seçilməsi ilə bağlı keçirdiyi iclas zamanı Paşinyanın tapşırığı ilə tərəfdarları qanunverici orqanın binasını mühasirəyə aldı. Məqsəd deputatlara təzyiq etmək və Paşinyanın seçilməsini təmin etmək idi.

Hərçənd, artıq Serj Sarkisyan hakimiyyətdən məhrum edilmişdi və demokratik prinsiplərə görə qüvvədə olan parlamentin iradəsinə müdaxilə ədalətsiz idi. Lakin Paşinyan tərəfdarlarının təzyiqi ilə siyasi Olimpə yüksələ bildi. Məhz buna görə Ermənistan mediası onun ölkədə “küçə diktaturası” qurduğunu yazır.

2018-ci il 9 dekabrda Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ilə bağlı erməni mediasının ortaya çıxardığı faktlar da bu ölkədəki vəziyyətin reallığını göstərir.

- “168 jam” qəzeti yazırdı ki, Paşinyanın komandası 7 və 8 dekabrda, həmçinin seçki günü – 9 dekabrda Respublika Partiyasının seçki qərargahlarına gözlənilməz məqamda müdaxilə etməyi planlaşdırır. Bu plan baş tutdu və müxalifətin fəaliyyəti neytrallaşdırıldı.

- Paşinyan və komandası opponentləri əks-iqnilabçı adlandırır və Xüsusi İstintaq İdarəsini onların başı üzərində “Domokl qılıncı”na çevrib.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Ermənistanda seçkiöncəsi İctimai Televiziyanın qüvvədə olan hakimiyyətin – Nikol Paşinyanın təbliğat ruporuna çevrildiyini açıqladı. Hesabatda Paşinyanın seçki təbliğatında inzibati resurslardan istifadə etdiyi qeyd olunurdu. DTİHB seçkiöncəsi atmosferi tənqid etdi və bəyan etdi ki, “Ermənistanda ictimai rəyi çaşdırmaq üçün yalan məlumatlar verilir və siyasi opponentlərə nifrət dalğası yaradılır, hakimiyyətin, xüsusilə Nikol Paşinyanın tənqidinə isə imkan verilmir”.

- Milyonlarla seçici səsvermə hüququndan məhrum edildi. Paşinyanın qərarı ilə xaricdə yaşayan Ermənistan vətəndaşları səsvermədə iştirak edə bilmədilər. Təkcə Rusiyada 500 min Ermənistan vətəndaşı yaşayır. Digər ölkələrdəki sayı da əlavə etsək, bu, milyonlarla seçici deməkdir.

- Parlamentə seçilən partiyaların hamısı seçkilərdən öncə Nikol Paşinyanı dəstəkləyirdi və beləliklə, Ermənistanda “cib müxalifəti” yaradıldı.

- “Jamanak” qəzeti yazırdı ki, kənd icmalarının rəhbərlərinə öz ərazilərində Nikol Paşinyanın xeyrinə səs toplamaq və qutudan məhz “Mənim addımım” blokunun namizədinin çıxmasını təmin etmək tapşırığı verilmişdi. “Əgər onların icmasında başqa partiya qalib gələcəksə, istefa etməyə məcbur olacaqlar”, qəzet kənd icmalarının rəhbərlərinin təhdid edildiyini qeyd edirdi. Əlavə edirdi ki, “Mənim addımım” blokunun namizədləri namizəd olduqları ərazilərdə hörmətli şəxsləri müxtəlif yollarla – pul, vədlər – ələ alıblar.

- “168 saat” saytı yazırdı ki, Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə yerləşdirilmiş erməni hərbi birləşmələrinin əsgərlərini onun təmsil olunduğu bloka səsverməyə məcbur edir.

“Qarabağda xidmətdə olan əsgərlər valideynlərinə zəng edərək, 9 dekabrda Qoris və Qapan rayonunda olacaqlarını bildiriblər. Onlar valideynlərinə bildirirlər ki, görüşmək üçün seçki günü həmin rayona gəlsinlər. Hərbi qulluqçular danışırlar ki, onlara əzizləri ilə görüşməyə o şərtlə icazə verirlər ki, seçkidə Nikol Paşinyanın liderlik etdiyi “Mənim addımım” blokuna səs versinlər”, – deyə qəzet qeyd edirdi.

Ermənistanın İctimai Televiziyasının informasiya-siyasi proqramlar redaksiyasının direktoru Arutyun Arutyunyan, “Orakarq” informasiya xidmətinin prodüseri və rəhbəri Artak Erikyan və bu proqramların bir neçə əməkdaşı istefa verməyə məcbur edildi. Çünki onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində uğurlu əməliyyatını dilə gətirmişdi.

“Yerevan.Today” saytı isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyan və Xüsusi İstintaq Xidmətinin rəisi Sasun Xaçatryanın məxfi telefon danışığını yaydığı üçün hücumlara məruz qaldı. Polis gizli dinləmə qurğusunu tapmaq bəhanəsi ilə saytın ofisinə basqın etdi, redaksiyanın əmlakı müsadirə edildi. Saytın redaktoru Sevak Akopyan onlara edilən hücumun digərləri üçün nümunə xarakteri daşıdığını bəyan edib: “Bizim timsalımızda ölkədə baş verənləri azad və əsaslı tənqid edən digər kütləvi informasiya vasitələrinə də dərs verirlər. Təəssüf ki, biz tariximizin utancverici səhifələrinə qayıdırıq”.

Bütün bunlar Ermənistanda baş verib və Paşinyan hakimiyyəti “küçə diktaturasını” sarayına köçürməkdə, demokratiya və insan haqları prinsiplərini pozmaqda “əzmkar mübarizəsini” davam etdirir.

Lakin AŞPA-nın görmək istəmədiyi təkcə Ermənistan deyil.

Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb.

2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb.

AŞPA Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəsləyir.

Faktların sırasını uzatmaq da olar, lakin gerçək odur ki, AŞPA Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Bu baxımdan, qəbul edilən gerçəklikdən uzaq qətnamə kağız parçasından başqa bir şey deyil. Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər.

Publika.az


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/304151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR