Şantaj və təzyiq siyasəti

Şantaj və təzyiq siyasəti
14:47 17 Yanvar 2015
132 Digər
Ölkə mətbuatı
A- A+

Gənclər ABŞ-ın xarici siyasətini bu cür qiymətləndirirlər
Son vaxtlar ABŞ-ın Makkeyn İnstitutunun İnsan Haqları və Demokratiya məsələləri üzrə direktoru David Kramer, Demokratiyaya Milli Dəstək təşkilatının (NED) proqram direktoru Miriam Lanskoy, Demokratiyanın Araşdırılması üzrə Beynəlxalq Forumun icraçı direktoru Kristofer Uolker, Massaçusets Universitetinin tarix professoru Odri Alştat, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasında baş analitik olan Ketrin Kozman, ABŞ dövlət katibinin demokratiya, insan hüquqları üzrə köməkçisinin müavini Tomas Melia və başqaları tərəfindən Azərbaycanda insan hüquq və azadlıqlarının, söz və mətbuat azadlığının vəziyyəti ilə bağlı qərəzli fikirlər səsləndirilməkdədir. Adıçəkilən şəxslər Azərbaycan hökumətinin ünvanına əsassız tənqidi fikirlər səsləndirməklə yanaşı, ölkəmizin daxili işlərinə qarışır, fikirlərində təhdid tonuna da üstünlük verirlər.

Sözügedən məsələyə münasibət bildirən “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov ABŞ tərəfindən Azərbaycanda insan hüquqlarının vəziyyəti barədə səsləndirilmiş qərəzli fikirlərin reallığı əks etdirmədiyini bildirib. Qeyd edib ki, bu, insan hüquqlarını məqsədyönlü şəkildə siyasiləşdirmək, bundan təzyiq aləti kimi istifadə etmək cəhdlərinin tərkib hissəsidir. “İrəli” sədri Azərbaycanın müstəqil dövlət, 3 min ildən artıq dövlətçilik kökü olmasına diqqət çəkərək, bütün tarix ərzində Azərbaycanda etnik, dini və milli zəmində heç bir qarışıqlıq olmadığını vurğulayıb. Deyib ki, bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan qanunvericiliyi etnik, dini və milli müstəvidə qırğın törədilməsi üçün edilən çağırışlara birmənalı şəkildə qadağa qoyub. M.Seyidov Azərbaycanın öz milli-mənəvi dəyərlərinə söykənən daxili siyasəti olduğunu söyləyib. Bildirib ki, müxtəlif vasitələrlə cəmiyyətimizdə “yetişdirilmiş virusların” təməl prinsiplər üzərində qurulmuş və inkişaf etdirilən Azərbaycan dövlətinə zərər vurmasının qarşısının alınması heç də anti-demokratik addım deyil.

Onun sözlərinə görə, bütöv bir cəmiyyətə zərər vura biləcək addımın və ya şəxsin qarşısının alınması, əslində insanların hüquq və azadlıqlarının təminatıdır: “Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan öz daxili siyasətini xalqın maraqları əsasında qurub. Eyni zamanda xarici siyasətdə də bu prinsipləri qoruyub saxlayır. Siyasət kimə və ya kimlərəsə görə deyil, dövlətin maraqlarına uyğun qurulur. İstənilən dövlət ilə ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu hər zaman bəyan edən Azərbaycan hökuməti milli maraqlara zidd, ölkəmizin formalaşmış daxili siyasətinə mənfi təsir edə biləcək bütün xarici amillərə qarşı öz sərt mövqeyini daim ortaya qoyur”.

“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı isə baş verənlərə münasibətini açıqlayarkən, ABŞ-ın demokratiya, insan hüquqları pərdəsi altında müxtəlif ölkələrə qarşı həyata keçirdiyi təzyiq siyasətindən əl çəkməsini zəruri sayıb. Onun fikrincə, bu siyasət birmənalı şəkildə dünyada demokratiya və insan hüquqlarının qorunmasına hesablanmayıb. Birlik sədri deyib ki, bütün bunlar ABŞ-ın özünün siyasi və iqtisadi maraqlarını təmin etmək naminə müxtəlif ölkələrə qarşı reallaşdırdığı şantaj və təzyiq siyasətidir. F.Şahbazlı onu da vurğulayıb ki, Azərbaycanın dünyada hər ötən gün artan nüfuzu, siyasi və iqtisadi proseslərə təsir imkanlarının güclənməsi, yürütdüyü müstəqil xarici siyasət ABŞ-ın timsalında bir sıra dairələri ciddi şəkildə narahat edir: “Azərbaycanda reallaşdırılan siyasətin mərkəzində yalnız ölkəmizin və xalqımızın milli maraqları dayanır. Heç bir ölkə özünün siyasi və iqtisadi maraqlarını təmin etmək üçün Azərbaycanla təzyiq dilində, hədə tonunda danışa bilməz. Ölkəmiz insan hüquqları, demokratiya, söz və fikir azadlığı sahəsində olduqca ciddi nailiyyətlər əldə edib və bu siyasət dünyanın bir çox ölkələri üçün uğurlu model olacaq səviyyədədir. Azərbaycanda hakimiyyət insan hüquqları, demokratiya və söz azadlığının ən böyük dəstəkçisidir”.

F.Şahbazlı bildirib ki, dünyaya demokratiya dərsi keçməyə cəhd edən ABŞ ilk növbədə, öz sərhədləri daxilində demokratiyanın bərqərar olmasına, insan hüquqlarının qorunmasına çalışmalıdır: “ABŞ-da söz azadlığının qorunması sahəsində ciddi problemlər mövcuddur. Məsələn, bir neçə il öncə ABŞ-da bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin tarixlərdə Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. XXI əsrdə ABŞ-da hələ də ağ və qaralara qarşı münasibətdə ciddi problemlər qalmaqdadır. Problem o qədər kritikdir ki, qaradərili Barak Obamının prezident seçilməsi belə, bu ölkədə irqi ayrı-seçkiliyin aradan qaldırılmasına kömək etməyib. ABŞ-da hər gün güc strukturlarının nümayəndələri vəzifə səlahiyyətlərindən istifadə edərək, vətəndaşlara qarşı zor tətbiq edir, onların şəxsiyyətinin alçaldılmasına yönəlik addımlar atırlar. Bununla yanaşı, ABŞ Liviyanı BMT Təhlükəsizlik Şurasının qətnaməsini gözləmədən bombardman etdiyi halda, terroru himayə edən Ermənistana açıq rəğbət bəsləməkdə, onun işğalçılıq siyasətinə dəstək verməkdədir. Bütün bunlar ABŞ-ın ikili standartlara xidmət edən siyasətindən xəbər verir. ABŞ bu təzyiq və şantaj siyasətinə son qoymalı və diqqəti daha çox öz ölkəsindəki ciddi problemlərə yönəltməlidir”.

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR