Ərdoğan-Putin razılaşmasına BÖYÜK TƏHDİD: İran çalışacaq ki...

Ərdoğan-Putin razılaşmasına BÖYÜK TƏHDİD: İran çalışacaq ki...
16:38 6 Mart 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Ərdoğan və Putin arasında baş tutan görüşə ciddi ehtiyac var idi.

Bu sözləri Publika.az-a açıqlamasında Yaxın Şərq məsələləri üzrə siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

Ekspert bildirib ki, bir görüşdən Suriya probleminin həll olunmasını gözləmək sadəlövhlük olardı: “Ancaq qeyd etmək lazımdır ki, bu görüşə ciddi ehtiyac var idi. Çünki Suriyada son bir ayda davam edən vəziyyət getdikcə daha kəskin xarakter alırdı. Tərəflərin bir-birinə qarşı yönəlmiş aktiv əməliyyatı gələcəkdə onun miqyasının daha da genişlənə biləcəyi ehtimalını artırırdı. Bu mənada Türkiyə və Rusiya arasında ən yüksək səviyyədə görüşün keçirilməsi lazım idi. Həyata keçirilən müzakirələr kifayət qədər uzunmüddətli oldu. Eyni zamanda dünyanın gözü bu görüşdə idi ki, hansı nəticələr əldə olunacaq, ümumiyyətlə, razılaşma olacaqmı? Bu razılaşma nə dərəcədə əhatəli olacaq? Yəni problemi müəyyən mənada yumşaltmağa doğru yönəldə biləcək qərarlar olacaqmı?”.

V.Zifəroğlu vurğulayıb ki, liderlərarası görüşdə çox prinsipial iki magistral yollar - M4 və M5 yolu ilə bağlı lokal xarakterli də olsa, razılaşmalar əldə olundu: “M4 yolunun Türkiyənin nəzarətində qalması, Rusiya ilə birgə orada müəyyən patrul fəaliyyətinin aparılması kimi qərarlar qəbul edildi. Ancaq məsələ bundan ibarətdir ki, bu görüşlər Türkiyə və Rusiya arasında yaxın zamanda nə qədər intensiv olacaq. Eyni zamanda Əsəd rejimi, həmçinin faktiki olaraq bu görüşdən kənarda qalmış İran razılaşmanın davam etməsinə şərait yaradacaqmı? Bunu zaman göstərəcək. Hazırda görünən budur ki, razılaşmanı qüvvədən salmaq üçün kənardan təsirlər olacaq. Qərbdə də müəyyən mənada gərginliyin səngiməməsində kifayət qədər maraqlı qüvvələr var. Burada söhbət xüsusilə Türkiyə ilə Rusiyanı üz-üzə qoymağa çalışan qüvvələrdən gedir. Yəni onlar maksimum dərəcədə müəyyən əməliyyatlarla problemi daha qabarıq şəkildə göstərməyə çalışacaqlar”.

Siyasi şərhçi qeyd edib ki, Əsəd rejimini dəstəkləyən qüvvə İŞİD deyil: “İstər Suriyada toqquşan tərəflərlə bağlı, istərsə də ölkənin gələcəyi ilə əlaqədar qruplaşmalar arasında kifayət qədər ciddi fikir ayrılıqları var. Eyni zamanda bu hərəkatları dəstəkləyən fərqli dövlətlər də mövcuddur. Bəlkə də elə münaqişənin uzanmasının bir səbəbi də müxalifətin yekcins olmamasıdır. Orada marağı olan dövlətlərin hər biri müxalifətin ayrı-ayrı qanadlarını dəstəkləyir. Ancaq burada belə bir məqam var ki, iqtidar da yekcins deyil. Əsədin ətrafında kifayət qədər qüvvələr mövcuddur. 4 gün əvvəl İrandan Türkiyəyə mesaj göndərildi. Yəni danışıqlar masasına oturaq, müzakirələr aparaq, Rusiya ilə sonra anlaşarıq. Bu, da o deməkdir ki, İran maksimum dərəcədə masadan qalxmaq istəmir və söz sahibi olmaq niyyətindədir. Təbii ki, haqqı da var. Çünki indiyə qədər Əsədə birmənalı şəkildə dəstək göstərib. Həm hərbi, həm siyasi, həm də lojistik nöqteyi-nəzərdən Əsədin arxasında duran bir ölkə olub. İndi də Astana formatında tərəfdaşlıq etdiyi iki ölkə tərəfindən bu cür kənarlaşdırılmasını həzm edə bilmir. Bu səbəbdən hesab edirəm ki, İrana yaxın qüvvələr müəyyən aktivlik bazasına daxil olacaqlar. İstər rəsmi, istərsə də qeyri-rəsmi. İranın orada dəstəklədiyi, maliyyələşdirdiyi qüvvələr var ki, onlar müəyyən problemlər yaratmağa çalışacaq”.

Vüqar Zifəroğlu ABŞ və Qərbin məsələyə reaksiyasından da danışıb: “Dünənki razılaşmadan sonra ABŞ mediasında irəli çəkilən tezis bu oldu ki, “Belə razılaşma olmaz”. Bu nə razılaşma idi ki, atəşkəsin ardından şəhid xəbəri gəlir. Müəyyən əməliyyatlar hələ də davam edir. Yəni Qərb də digər tərəfdən bu cür xəbərlərlə manipulyasiya edərək vəziyyətin müəyyən qədər kəskinləşməsi üçün cəhdlər edəcək. Çünki heç bir halda Yaxın Şərqdə maraqlı olan ölkələrə Türkiyə və Rusiyanın razılaşmaya getməsi sərf etmir. Bu razılaşmanın növbəti perspektivlərdə miqyası böyüyə bilər və təkcə Suriya ilə məhdudlaşmaz. Burada Liviya faktoru da var. Bunu qətiyyən unutmaq olmaz. Nəzərə almaq lazımdır ki, Xəlifə Haftarı müdafiə edən əsas qüvvələrdən biri məhz Rusiyadır və Türkiyənin Liviyada çox ciddi maraqları var”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307036.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR