Tokio Yaponiyada yeni koronavirusun yayılmasının episentrinə çevrilir

Tokio Yaponiyada yeni koronavirusun yayılmasının episentrinə çevrilir
18:42 31 Mart 2020
196 Dünya
Ölkə mətbuatı
A- A+
.

Yaponiyanın paytaxtı Tokio şəhəri ölkədə yeni koronavirusun yayılmasının episentrinə çevrilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən həftə paytaxtda yeni koronavirusa yoluxmanın sayı kəskin artıb. Bununla əlaqədar Tokio hökuməti mütəxəssislərlə birlikdə yeni koronavirusun yayılmasının qarşısını almaq üçün geniş müzakirələrə başlayıb. Fakt ondan ibarətdir ki, paytaxt regionu ölkənin 47 prefekturası arasında yoluxnaların sayının artım tempinə görə ön sıraya çıxıb. Bütün Yaponiya üzrə qeydə alınan 169 yoluxma halının 68-i Tokionun payına düşüb. Bu, prefekturalar arasında bir gün ərzində qeydə alınan ən yüksək göstəricidir. Məsələnin ən pis tərəfi isə, səhiyyə orqanlarının yoluxmanın 40 faizində virusun yayılma mənbəyini müəyyən edə bilməməsidir. Beləliklə, Tokioda virusa yoluxanların ümumi sayı 430 nəfərə çatıb.

Martın 25-də paytaxt sakinlərinə müraciət edən qubernator Koike Yuriko onları istirahət günlərində evdə qalmağa, kəskin ehtiyac yaranmadığı təqdirdə evlərini tərk etməməyə çağırıb. Bunun nəticəsi olaraq, Tokionun əsas əyləncə rayonları hesab edilən Şincuku və Şibuyada gəzişənlərin sayı xeyli azalıb. Buradakı kinoteatrlar və karaoke salonlarının əksəriyyəti bağlanıb.

Bazar günü paytaxta çatan aşağı təzyiq sistemi və soyuq hava kütləsi Tokioya ilin bu ayında görünməmiş qar gətirib. Hava da sanki insanları qubernatorun çağırışana səs verərək evdə qalmağa inandırıb.

Rəsmi mənbələrin bildirdiyinə görə, Tokioda yeni koronavirusun yayılması ilə əlaqədar böhran mərhələsi başlayıb. Əgər müvafiq tədbirlər görülməzsə, bundan sonra virusa yoluxanların sayının kəskin artması baş verə bilər.

Cavab tədbirləri çərçivəsində paytaxt hökuməti sakinləri evdən işləməyə, axşam gəzintilərindən imtina etməyə çağırmağı planlaşdırır. Bu xahişin aprelin 12-dək davam edəcəyi bildirilir.

Buna oxşar tədbirlər ölkənin digər ərazilərində də həyata keçirilir. Osaka və Fukuoka prefekturalarının qubernatorları da əhaliyə müraciət edərək, kəskin ehtiyac olmayacağı təqdirdə evlərini tərk etməməyə çağırıblar.

Həftənin şənbə günü mətbuat qarşısında çıxış edən Baş Nazir Şinzo Abe virusla mübarizənin hələ uzun müddət davam edəcəyi və bununla əlaqədar hazırlıq tədbirlərinin görülməsi barədə xəbərdarlıq edib. Avropa və ABŞ-ı misal çəkən Ş.Abe qeyd edib ki, yoluxma hallarının iki həftə ərzində 30 dəfəyədək artması təhlükəsinə hazır olmaq lazımdır. "Biz dəhşətli düşmənlə qətiyyətli mübarizəyə hazır olmalıyıq", - deyə Baş Nazir vurğulayıb.

Ş.Abe əlavə edib ki, mərkəzi hökumət yerli məmurlarla birlikdə yeni koronavirusun yayılmasının qarşısını almaq üçün əlbir işləməlidirlər.

Yaponiyada vəziyyəti ağırlaşdıran digər məqam isə, sakuranın tam çiçəklədiyi vaxtda insanların təbiətin qoynuna can atması və onun gözəlliklərindən zövq almaq istəyidir. Virusun yayılmasının Ohanabi bayramı günlərinə təsadüf etməsi, hökumət orqanları önündə onun qarşısını almaq üçün əlavə çətinliklər yaradıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/837952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR