Füzulidə məcburi köçkünlərə yeni evlər verilib -

Füzuli rayonunda məcburi köçkünlərə yeni evlər verilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Füzuli rayonu ərazisində müvəqqəti məskunlaşmış 95 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan müasir tipli yeni yaşayış qəsəbəsi salınıb.

Tikinti işləri Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 2020-ci ildə ayrılan vəsait hesabına, Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə həyata keçirilib və qəsəbənin inşası ötən ilin oktyabr ayında başa çatdırılıb.

Rayonun Əhmədbəyli kəndi ərazisində 17,3 hektar sahədə salınmış qəsəbədəki evlərin 12-si birotaqlı, 23-ü ikiotaqlı, 48-i üçotaqlı, 12-i dördotaqlıdır.

Qəsəbədə elektrik enerjisi və su təchizatı sistemi yaradılıb, nasosxana tikilib və yanğınsöndürmə hidrantları quraşdırılıb, 2,9 kilometr yol, 5,2 kilometr qaz xətti çəkilib, 7,3 hektar sahə yaşıllaşdırılıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin Repatriasiya Departamenti qəsəbədəki evlərin bölgüsündə şəffaflığı və ədalətliliyi təmin etmək üçün püşkatma keçirib. Püşkatmanın nəticəsində müvafiq qaydada məcburi köçkünlərin yeni evlərdə yerləşdirilməsinə başlanılıb.

Bundan başqa, Bakıda müvəqqəti məskunlaşmış 30 məcburi köçkün ailəsinə, onların fərdi müraciətləri əsasında, Füzuli rayonundakı daimi yaşayış yerlərinə qayıtmaq imkanı yaradılıb. Belə ki, bu ailələrə məxsus olan və birinci Qarabağ müharibəsi zamanı dağıntıya məruz qalan evlər, Prezident İlham Əliyevin tapşırığına əsasən, yenidən tikilib və sahiblərinə verilib. Tikinti işləri ötən il dövlət büdcəsindən komitəyə ayrılmış vəsaitdən əldə edilən qənaət hesabına aparılıb.

Məcburi köçkünlər daimi yaşayış yerlərində məskunlaşdıqlarına, zəruri məişət şəraiti ilə təmin olunduqlarına görə onların sosial rifahının yaxşılaşmasına böyük diqqət və əvəzsiz qayğı göstərən ölkə rəhbərinə minnətdarlıq bildiriblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR