Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupu Sabirabadda baş verən qətllə bağlı məlumat yayıb.
DİN-dən Metbuat.az-a verilən məlumatda deyilir:
"İyulun 22-də Sabirabad rayonu ərazisində Ulacalı kənd sakini Mübarək Ağayevanın meyitinin tapılması ilə əlaqədar keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə onun münaqişə zəminində tanışı, DİN-in Sabirabad Regional Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Əliağa Soltanov tərəfindən xidmətdən kənar vaxtı, kəsici-deşici alətlə qətlə yetirilməsi müəyyən olunub. Ə.Soltanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb".
Xatırladaq ki, iyulun 22-i saat 13 radələrində Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Mübarək Ağayevanın yaşadığı və gözətçi işlədiyi 6 saylı körpələr evində üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabirabad rayon prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, peşəkar prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin tanışı Əliağa Sultanov iyulun 21-i saat 21 radələrində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı küt əşya ilə Mübarək Ağayevanın baş və bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetrirərək sonuncunu qəsdən öldürüb.