“Ehtiyac yaranarsa “Akıncı” Qarabağa daxil olmadan Türkiyə sərhədlərində Azərbaycanın suverenliyini təhdid edənlərə qarşı cavab verə bilər”.
Bu açıqlamanı Metbuat.az-a özəl olaraq siyasi şərhçi Asif Nərimanlı bildirib. Onun sözlərinə görə, beynəlxalq hüquq imkan verir ki, Azərbaycana Qarabağda separatizmə qarşı anti-terror əməliyyatı keçirsin.

“Biz bilirik ki, Qarabağda separatçı terrorçu rejim hələ də qalır. Bu Azərbaycanın BMT səviyyəsində tanınan sərhədləri daxilində qalan separatizm qurupudur. Hələ ki, bu məsələ ilə bağlı hər hansı addım atılmır. Çünki 10 noyabr anlaşması var. Həmin müqaviləyə görə, oradan erməni qoşunları çıxarılmalıdır. Həmçinin mövcud olmuş hüquqi bazanın daha da təkmilləşdirilməsinə ehtiyac var. Separatçı rejim Qarabağda müvəqqəti olaraq qala bilər. Amma onlar mütləq torpaqlarımızdan təmizlənəcəkdir. Bunun da iki yolu var. Birincisi, orada yaşayan ermənilər Azərbaycan vətəndaşlığnı qəbul edib, həmin o separatçılarda da oradan çıxarılmalıdır. Əgər onlar bununla razılaşmasa məsələnin həlli yolu, hərbi müstəvidədir. Bu da antiterror əməliyyatı adlanır”.
Asif Nərimanlı qeyd etdi ki, əgər bu məsələyə üçüncü ölkə müdaxilə edərsə, bu zaman Türkiyənin faktiki olaraq Azərbaycan suverenliyinə təhdid yaradacaq vəziyyətə qarşı müdaxilə etmək öhdəliyi var. Bunun fonunda müdaxilə vasitələrindən biri də “Akıncı” İHA-ları ola bilər.
“Türk hərbçilər artıq Qarabağa gəlmədən də bölgədə əməliyyat keçirə bilər. Belə ki, uzaq məsafədən idarə oluna bilən “Akıncı” istənilən tapşırığın öhdəsindən gələ bilir. Bu da, türk hərbçilərə Qarabağ səmasında uçan “Akıncı”nı Türkiyədən idarə etməyə imkan verir. Türkiyənin İHA təcrübəsindən də məlumdur ki, Yaxın şərqdəki əməliyyatlarda bir çox hallarda sərhədi keçmədən həfələr zərərsizləşdirilərək məhv edilib. Biz bilirik ki, bu silahlar 2500 kilometr məsafədən vura bilməyə qadirdir. Beləliklə bu yolla da, “Akıncı” Qarabağda Azərbaycanın suverenliyinə qarşı yarana biləcək təhdidlərin aradan qaldırılması işində iştirak edə biləcəkdir. Qeyd edim ki, heç bir ölkə bu məsələ də müdaxilə yaradacaq addım ata bilməz. Çünki konkret olaraq iki ölkə arasında imzalanmış müqavilələr var. Bağlanmış anlaşmalar Türkiyənin lazım olacağı təqdirdə Azərbaycana, həmçinin Azərbaycanın da qardaş ölkəyə kömək etmək öhdəliyinə şərait yaradır”.
Gülbəniz Hüseynli / Metbuat.az