Qarabağdakı sülhməramlıların yeni komandanı Andrey Volkov KİMDİR? -

Xəbər verdiyimiz kimi, Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı dəyişərək bu vəzifəyə general-mayor Andrey Volkov təyin edilib.

Metbuat.az general-mayor Andrey Volkov haqqında olan dosyeni təqdim edir:


Rusiya mətbuatı yazır ki, Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi, general-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbinə daxil olub. Leytenant rütbəsinə yüksəldikdən sonra Volkov, Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. 1986-cı ildə leytenant Volkov Əfqanıstanın Qunduz şəhərində zabit kimi xidmətə başlayıb. Daha sonra o, məşhur 201-ci motoatıcı diviziyasında, Baqlan əyalətindəki Puli-Xumridə motoatıcı alayında rəhbərlik edib. Əfqanıstanda göstərdiyi xidmətlərə görə iki dəfə “Hərbi xidmətlərə görə” medalı və Əfqanıstanın “Ulduz” ordeni ilə mükafatlandırılıb.

Əfqanıstandan sonra Andrey Aleksandroviç yenidən Şimali Qafqazda Qroznı (o vaxtlar Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının paytaxtı) ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmət edib.


1999-cu ildə isə polkovnik-leytenant Andrey Volkov Moskvanı tərk edərək yenidən Şimali Qafqaza qayıdıb. 2000-ci ildə zabitə vaxtından əvvəl növbəti hərbi rütbə verilib və “Şücaət” ordeni ilə də təltif edilib. Andrey Aleksandroviç 2017-ci ildə Suriyada tapşırıqlar icra edib. O burada nəinki tapşırıqları təyinatı üzrə həll edib, həm də beynəlxalq terrorizmin müasir versiyasına qarşı mübarizədə təcrübə qazanıb. A. Volkov hazırda Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisidir. O sülhməramlıların birinci komandanı Rüstəm Muradovun vaxtında müavin vəzifəsini yerinə yetirib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrından general-leytenant Gennadi Anaşkin Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı idi . Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə sülhməramlı kontingentinin komandanı vəzifələrinin dəyişməsi qanunauyğun şəkildə aparılır.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR