Ucar polisi əməliyyat keçirib, 4 nəfər saxlanılıb - FOTO

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda və narkotiklərin satışında şübhəli bilinən 4 nəfər saxlanılıb. Onların arasında narkotiklərə görə axtarışda olan şəxs də var.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Metbuat.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayonun Alpoud kəndi ərazisində yerləşən evlərin birindən çəkisi 1 tondan artıq olan su çənini oğurlayan iki nəfər şəxs “iş başında” saxlanılıb. Araşdırmalarla onların əvvəllər məhkum olunmuş rayon sakinləri – Elşən Hüseynov və Rüstəm Qulamov olduqları müəyyən edilib.

Məlum olub ki, saxlanılan şəxslər bir müddət öncə də həmin kənd ərazisində yerləşən evlərin birindən dəmir borular və digər metal tikinti materialları oğurlayaraq dəyərindən ucuz qiymətə satıb, əldə etdikləri pul ilə şəxsi istifadələri üçün narkotik vasitə alıblar.

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində isə narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər dəfələrlə məhkum olunmuş və hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə axtarışda olan Ağdam rayon sakini Cavid Quliyev və Ucar rayon sakini Vüqar Cəbrayılov saxlanılıblar.

Həmin şəxslərdən bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin, heroin və marixuana, eləcə də elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Ucar Rayon Polis Şöbəsində cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR