Şəhriyar Məmmədyarov qrupda sonuncu oyununu keçirəcək

Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqradda təşkil olunan FIDE Qran-prisində növbəti görüşünü keçirəcək.

Metbuat.az xəbər verir ki, 37 yaşlı qrossmeyster D qrupundakı sonuncu - VI tur qarşılaşmasında fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Məmmədyarov yalnız qələbə qazanacağı təqdirdə qrup lideri ola biləcək. Məmmədyarov əvvəlki 5 turda heç-heçə edib. D qrupunun digər oyununda çinli Yu Yanqyu rusiyalı Aleksandr Predke ilə görüşəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin II mərhələsinə martın 14-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR